Rəssamları digər sənət adamlarından fərqləndirən bir çox xüsusiyyətləri var, onlar gözlə görünməyən obrazları belə cızırlar.
Həyatını rəssamlıq peşəsinə bağlayan , boyalardan ilham alan rəssamı tanıyaq: 
Əliyev Nihad Əmirəli oğlu 1986-cı ilin avqust ayının 25-də Göyçay şəhərində, ziyalı ailəsində dünyaya gəlmişdir. 1992-2003-cü illərdə Göyçay şəhər 3 saylı tam orta məktəbində təhsil almışdır. 2003-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Dünya İqtisadiyyatında İnformasiya Texnologiyaları ixtisasına qəbul olunur. 2007-ci ildə həmin ixtisası müvəffəqiyyətlə bitirir. Müsahibim iqtisadiyyat və kompyuter proqramları üzrə elmi bilgilərə malikdir.
Bir müddət kompyuter proqramlarının praktiki məşğələlərin tədrisi üzrə müəllim kimi çalışır. 2020-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Rəssamlığa olan marağı 4 yaşında formalaşır, artıq 9 yaşında portret çəkməyə başlayır. Nihad Əliyevin ən böyük arzusu peşəkarlığın ən yüksək zirvəsinə ucalmaq və dünya-şöhrətli rəssam olmaq istəyi idi. Rəssam Nihad Əliyev bir sıra fəxri adlar, mükafatlara və təltiflərə layıq görülüb:
2017-ci ildə "XXI Əsrin Ziyalıları" Xeyriyyə İctimai Birliyi tərəfindən "Əsrin Ziyalısı-İlin rəssamı" fəxri diplomu ilə təltif olunmuşdur.
Keçirilən bir çox respublika və beynəlxalq sərgilərdə və müsabiqələrdə iştirak edib uğurlara sahib olaraq bir sıra diplomlarla, fəxri-fərmanlarla, sertifikatlarla və mükafatlarla təltif olunmuşdur. Həmçinin məktəblilər arasında keçirilən sərgilərdə və müsabiqələrdə, efir məkanlarında münsiflər heyətinin üzvü və rəhbəri qismində iştirak edir. "Qafqaz Media İctimai Birliyi" tərəfindən, "İlhamlı Azərbaycan" döş nişanı və "Xarı Bülbül" medalıyla təltifolunub.
2020-ci ildə "Caspian Awards 2020" Azərbaycan layihəsində "İlin Peşəkar Rəssamı" adına, 2021-ci ildə, "Diamonds of Turkey Awards 2021" Azərbaycan layihəsində "Türkiyənin Brilliant Simaları" mükafatına layiq görülüb.
2021-ci ildə Azərbaycan Kütləvi İnformasiya Vasitələrinin Həmkarlar İttifaqı Rəyasət Heyətinin qərarıyla rəssamlıq sahəsində göstərdiyim uğurlu fəaliyyətimə görə, "İlin Adamı" media mükafatıyla təltif olunub.
2021-ci ildə, Ümumdünya Sülh və İnsan Hüquqları Akademiyası tərəfindən rəssamın yaradıcılığı dəyərləndirərək ona sertifikat göndərilib. Həmçinin Ümumdünya Sülh və İnsan Hüquqları üzrə ədəbi forumda iştirak etdiyinə görə sülh elçisi sertifikatı göndərilib.
Yeddi dil bilgisinə malikdir: Azərbaycan, rus, türk, ingilis, fransız, alman və isveç.
Qeyri-adi bacarığa malik olan müsahibimin rəssamlıqla bağlı fikirləri:
- Yeganə xanım həyatım rəssamlığa bağlıdır. Rəssamlıqda daha çox portretlər kompozisiya əsasında portretlər və tarixi mövzulara aid rəsm əsərləri çəkmək mənə həyatım qədər dəyərlidir. Əsərlərimin coğrafiyası çox böyükdür, tez-tez xarıcı ölkələrdə nümayiş olunur. Əlavə maraqlarım: məqalə yazmaq, idman, musiqi, maraqlı bədii və sənədli filmləri izləməkdir.
2020-ciildə “Rəngli Həyatlar” adlı onlayın sərginizi keçirtdiz:
- Bəli 2020-ci ilin dekabr ayında “Rəngli Həyatlar” adlı onlayın sərgimi keçirtdim. Yaxın gələcəkdə fərdi sərgimin keçirilməsini planlaşdırıram. 
Hansı mövzulara müraciət etməyi sevirsiniz?
Rəssamlıqda daha çox portretlər, kompozisiya əsasında portretlər və tarixi mövzulara aid rəsm əsərləri çəkməyi üstün tuturam. Portret janrı, mənə həyatın qədər dəyərlidir. Tarixi şəxsiyyətlərin portretlərini və hər hansı bir tarixi mövzuya aid rəsm əsərləri çəkməyin vacibliyini onda görürəm ki, bu günkü və gələcək nəsil həmin tarixi şəxsiyyətləri tanısınlar, onlar haqqında məlumata və tarixi fakta əsas bilgilərə malik olsunlar.
Gələcək planlarınız haqqında?
Gələcəkla bağlı planlarım haqqında bunu qeyd edə bilərəm ki, yeni, biri-birindən fərqli və maraqlı rəsm əsərləri ərsəyə gətirim və həmin əsərlərim keçiriləcək respublika və beynəlxalq sərgilərdə nümayiş olunsun. Gələcəkdə əgər imkanım və ya hər hansı bir dəstəyim olsa, Azərbaycanda və xarici ölkələrdə öz fərdi sərgimi təşkil etməyi planlaşdırıram .
Həmçinin, mən bir azərbaycanlı olaraq, arzum budur ki, gələcəkdə xarici ölkələrdə keçirilən sərgilərdə və müsabiqələrdə iştirak edim və Azərbaycanımızı layiqincə təmsil edim. Qarşıma qoyduğum məqsəd - öz üzərimdə çalışaraq, gələcəkdə dünya şöhrətli sənətkarlar sırasına daxil olmaq arzusudur. Bir geniş dünyagörüşünə malik olan rəssam kimi, onu qeyd edə bilərəm ki, məqsədə çatmağa əsas səbəb -həvəs, hərəkət və səbrin mövcudluğudur.
Qarabağda, Şuşada hansı rəsmi çəkmək istəyərdiniz?
- İnşallah, böyük arzumdur ki, Azərbaycanın mədəniyyət beşiyi olan Şuşa şəhərinin tarixi haqqında rəsm əsərləri ərsəyə gətirim və həmin əsərlərdə Şuşanın tarixi abidələrini və gözəl təbiətini əks etdirim.
Palitra sizin üçün nədir?
- Hər bir rəssama palitra nəfəs qədər dəyərli olduğu kimi, o cümlədən mənim öz həyatımı palitrasız təsvir etmək qeyri-mümkündür. Bir rəssam olaraq, mənim öz rənglər dünyam var! Və rənglər dünyamın mövcudluğu palitramdan asılıdır. Bir sözlə, mənim rənglər dünyamı bu həyatda yaşadan mənim öz palitramdır. Rənglər dünyamla biri-birindən fərqli rəng çalarlarını alındırmaq mənim palitramdan asılıdır.
Nihad Əliyev hər bir əsərini yaradarkən sanki onun nəfəsini duyur, hiss edir. İstədiyini alanda duyğulanır, qanadlanır, daha böyük və möhtəşəm əsərlər yaratmaq istəyir. Bizdə “XeberTıme.az” informasiya portalı olaraq gənc və istedadlı rəssama sağlam ömür, bol-bol yaradıçılıq uğurları arzulayırıq. Çəkdiyiniz əsərlər dünya şöhrətli sərgilərdə və muzeylərdə nümayış olunsun.
Yeganə Telmanqızı
“XeberTıme.az”























