Bu gün səhər saatlarında Sumqayıtda evə silahlı basqın olub.
XeberTıme.az xəbər verir ki, şəhərin 16-cı mikrorayon ərazisində, Corat bağları yaşayış massivində fərdi yaşayış evinə hücum edilib.
Hücum zamanı Fərəcov Dağbəyi və onun qızı Karakaş Suzana öldürülüb, Fərəcov Tərlan və Türkiyə vətəndaşı Karakaş Serkan yaralanıb.
"Qafqazinfo"un məlumatına görə, qonşuluqda yaşayan və polis şöbəsində sahə müvəkkili vəzifəsində çalışan Etibar Sarıyev və atası Mehman Sarıyev də səs-küyə çıxaraq qonşularına kömək etmək istəyib. Bu zaman onlar da müxtəlif dərəcəli xəsarətlər alıb.
Ailənin qızları Yağmur və Cansu hücum zamanı zərər çəkməyiblər. İlkin araşdırmalardan sonra qətlin münaqişə zəminində, ailəyə yaxın şəxs tərəfindən törədilməsi müəyyən edilib.
Dağbəyi Fərəcovun sahibkar olduğu və kafe işlətdiyi qeyd olunur.
Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasından bildirilir ki, klinikaya hadisədən zərər çəkən 4 nəfər xəstə daxil olub: 1958-ci il təvəllüdlü Sarıyev Mehman Mahmud oğlu, 1990–cı il təvəllüdlü Sarıyev Etibar Mahmud oğlu, 1960–cı il təvəllüdlü Fərəcova Tərlan Qulu qızı və Sərkan Karakaş adlı Türkiyə vətəndaşı. Onlara lazımı tibbi yardım göstərilir, vəziyyətləri ağıq olaraq qalır.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili yardım briqadası cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.