SON DƏQİQƏ

Vətən onu sevənlərin, onun uğrunda savaşanların yolunda can verən mərd oğullarındır

Tarix:17-05-2021, 23:29

Şəhid anası Kəmalə Muradova- Gülab Ətirli Şəhidim!   
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alan  IV sinif Kursantlarından 5 kursant şəhidlik zirvəsinə ucalıb, onlardan biridə kiçik leytenant Vüsal Muradovdur.  

Kursant kimi müharibəyə gedib şəhid kimi qayıdan Vüsal Muradovu tanıyaq:

Muradov Vüsal Cəsarət oğlu 1999-cu il mayın 19-da Sumqayıt şəhərində zəhmətkeş, sadə bir ailədə dünyaya gəlmişdir. Muradovlad ailəsində iki övlad böyüyürdü: Vüsal, Yusif. 

 
2005-2014-ci illərdə Sumqayıt şəhər 25 saylı tam orta məktəbdə təhsil almışdır.

 
Muradovlar ailəsi əslən Ağdam rayonunun Qasımbəyli kəndindəndir. Kiçik Vüsal ailədə daima Ağdam həsrətini hiss etmişdir və  ən böyük arzusunun arxasınca C,Naxcıvanski adına hərbi liseyə gedir, ən yüksək balla buraya qəbul olur.

 
Hərbiçi olmaq arzusunda idi Vüsal.  2017-ci ildə normativləri yüksək dərəcədə verdiyinə görə  Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin kəşfiyyatçı fakültəsinə daxil olur. 


IV sinif Kursantı idi. 2020-ci ilin 27 sentyabr "kiçik leytenant" rütbəsini alır. Sentyabrın 29-da Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsinə yollanır.

                                             
Vüsal Muradovun ilk döyüş yolu Füzuli rayonundan başlanır. İki gün sonra Qubadlı istiqamətində gedən döyüşlərdə komandir olduğu əsgərləri birgə vuruşur. Ərazi mənfur düşmən tərəfindən minalandığına görə çayın içindən keçməli olur və bu zaman telefonu çaya düşərək xarab olur. Doğmaları ilə bütün əlaqələr kəsilir. Bərk soyuqlayır, yüksək dərəcədə qızdırması olur, buna baxmayaraq daima irəli gedərək düşmənlə vuruşur. Zəngilan istiqamətində gedən döyüşlərdə 7 yüksəklik, 7 kənd alırlar. Hadrutun Dolanlar kəndində 150 metr düşmənlə qarşı-qarşıya vuruşur. Sonra Hadrutun Ziyarətgah dağında 3 erməni ilə vuruşur.                                               

29 oktyabr saat 16:00…Vüsal Muradovun son döyüşü…Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə mərdliklə vuruşur və döyüşlər zamanı şəhidlik zirvəsinə ucalır. Komnadiri olduğu hərbi hissənin 4 əsgəri komandir Muradovun nəşini dağdan aşağı düşürürlər və piyada daşayaraq geçə saat 12-də Füzuli rayonuna çatdırırlar.                   
Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında minlərlə şəhər sakinin, icra nümayəndələrinin, Müdafiə Nazirliyinin əməkdaşlarının, yaxınlarının iştirakı ilə uğrunda canını qurban verdiyi 21 yaşlı şəhidimiz böyük ehtiramla torpağa tapşırılır. Şəhidin üstünə örtülmüş üç rəngli bayrağımız şəhidin ailə üzvülərinə təqdim olunur. 


Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyev Muradov Vüsal Cəsarət oğlunu ölümündən sonra "Vətən uğrunda" medalı, "Cəsur döyüşçü" medalı,  "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edib.
Yaşadığı binanın qarşısında xatirə lövhəsi vurulub. 


Azərbaycan qadını öz müdrikliyi, zəkası, sədaqəti, vəfası, yüksək analıq keyfiyyəti ilə hər zaman xalqımızın adını uca tutub. Vüsal kimi qəhrəmanı böyüdən Kəmalə ana haqqınız ödənilməzdir:   
                                                                                
- Yeganə xanım ana üçün övlad itirmək çətindir. Mən oğlumu şərəfli yolda itirdim. Yaşının az olmasına baxmayaraq hər zaman Vətən eşqi ilə, düşmənə qalib gələcək baxışı ilə yaşayırdı. Təhsilini özü seçdi və qürurlanırdı ki, Azərbaycan Silahlı Qüvvələrinin zabiti olacaq. Ali hərbi məktəbdə onun yatağına Azərbaycan bayrağı örtülərək xatirə tablosu asılıb. Balam burada hər gün xatırlanır. 

                 
Cəbəhədə vuruşanda telefonla danışardıq həmişədə deyirdi ki, “məktəbdəyəm”. Onun cəbhədə vuruşmağından nə mənim, nə atasının qətiyyən xəbəri olmayıb bir qardaşı Yusif  bilirdi, əsl hərbiçi idi, sirr verməyi xoşlamazdı. Əsgərləri onun haqqında danışanda deyirlərki; “Komandirimizin haqqı üstümüzdə çox idi.”  Ziyarətgah dağında şəhid olanda Vüsalı 4 əsgər bellində düşərərkən bütün dağ gül ətrinə bürünmüşümüş. Ona görə sosial şəbəkələrdə bütün paylaşmalarımın altında yazıram “Gülab Ətirli Şəhidim!”  


Vüsalın qardaşı, Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi  Yusif Muradov qardaşı ilə fəxr edir. 

                                                                                                          
- Qardaşımla həm dost, həm sirdaş idik. Seçdiyi peşədən qürurlu idi. Arzusu Azərbaycanı qarış-qarış gəzmək idi. Çox bağlıydı Vətəninə, torpağına. Biz əslən Qarabağlıyıq və valdeynlərimdə bizi Vətəni sevərək böyütdü.                         
Milli Qəhrəmanımız Mübariz İbrahimovun şəhidliyindən, keçdiyi yolundan danışarkən deyirdi ki, “Mübariz İbrahimov çox xoşbəxt adam idi ki, şəhid oldu.” Inanıram ki, qardaşım bu dünyada az yaşasada tarixdə iz qoyub, adını qızıl hərflərlə yazdıraraq şəhid oldu. O mənim fəxarətli qardaşım, dostum, qəhrəmanımdır. 


Müəllifdən: Vüsal anası ilə danışanda deyir ki, “Ana evimizə getmişdik” anayla söhbətim zaman Kəmalə xanım dedi ki, indi başa düşürəm ki, o nə deyirmiş; demək Vüsal ata-baba yurdu olan Ağdama gedib çıxıb. Matrealımı şəhidin sözləri ilə tamamlayıram: “Vətən onu sevənlərin, onun uğrunda savaşanların yolunda can verən mərd oğullarındır.”

 
Bəli Vüsal Muradovda Zəfər tariximizi yazan, ata-baba torpağınğ işğaldan azad edən, bizi kimliyimizi qaytaran mərd oğullardan biridir.  

Nur içində yatasan şəhid qardaşım!
Qəhrəmanlarımızı unutmayaq ki, unudulmayaq!

 Yeganə Telmanqızı 
 “XeberTıme.az”                                                                                                                                                                         

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ