SON DƏQİQƏ

İsmayıllıda şəhid polkovnik-leytenant Ruslan Tağıyevin adına bulaq açıldı-FOTOLAR

Tarix:30-06-2021, 11:51

Gələcək nəsil bu cür oğullardan nümunə götürəcək. 25.06.2021-ci il tarixində şərəfli həyat yolu keçən İsmayıllının qəhrəman oğlu Ruslan Tağıyevin adına inşa olunan bulaq kompleksi açıldı. Açılış mərasimində rayon rəhbərliyi, icra rəsmiləri, şəhidin hərbiçi yoldaşları, ailə üzvüləri, doğmaları iştirak edirdilər.                        
Kəşfiyyatçı polkovnik-leytenant Ruslan Fuad oğlu Tağıyev 12 iyun 1982-ci ildə İsmayıllı rayonunun Qubaxəlilli kəndində anadan olub. 1999-cu ildə E.Məmmədov adına 3 saylı orta məktəbi, 2003-cü ildə indiki Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini və Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin “Zabit ixtisas kursu”nu bitirib.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının 2014-cü il məzunudur. Hərb elmi işi üzrə dissertasiyasını uğurla davam etdirirdi.
Gənc zabit motoatıcı taborun kəşfiyyat taqımının komandirliyindən Kəşfiyyat Baş İdarəsinin baş zabiti vəzifəsinədək yüksəlib.
Vətən müharibəsində polkovnik-leytenant Ruslan Tağıyev cəbhəyə ezam olunmuş və həmin hərbi hissənin kəşfiyyat rəisi kimi çətin, məsuliyyətli və şərəfli bir vəzifənin öhdəsindən layiqincə gələrək qarşıya qoyulan döyüş tapşırıqlarının yerinə yetirmişdir.                                        

Kəşfiyyat rəisi R.Tağıyev Zəfər gününə dörd gün qalmış noyabrın 4-də  Laçın rayonu istiqamətində gedən hərbi əməliyyatlar zamanı qəhrəmancasına 41 yaşında şəhidlik zirvəsinə ucalmışdır. II Fəxri Xiyabanda dəfn olunub. 
Ondan iki oğul və bir qız üç övladı Vətənə yadigar qalıb.
Sağlığında “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)”, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)”, “Qüsursuz xidmətə görə 1-ci, 2-ci, 3-cü dərəcəli, ölümündən sonra isə Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda iştirak  edərək hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Respublikası  Prezidentinin Sərəncamı ilə “Vətən uğrunda”, “İgidliyə görə”, “Laçının azad olunmasına görə” medalları ilə təltif olunub.                                                

Açılış mərasimində iştirak edənlər Azərbaycan xalqının möhtəşəm qələbəsi dünya tarixində bir yenilik olmasından Azərbaycan Ordusu xalqımızın son otuz ildə verdiyi şəhidlərin və qurbanların intiqamını almasından danışdılar.  Qəhrəman oğullarımızın cəsur, qorxmaz, canını Vətənə qurban, sinəsini sipər edən igidlərimizin sayəsində 44 günlük Vətən müharibəsindən qalibiyyət qazandıq. Bu gün hər birimizin borcudur ki, şəhid ailələrinin dərdinə şərik olaq.                     
Xatirə bulağının açılışında məktəblilərin ifasında Vətənə, ordumuza, şəhidlərimizə həsr olunan şeirlərlə davam etdirilib. Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə və bu işdə əməyi olan hər kəsə minnətdarlıqlarını bildiriblər.   
Sonda mərasim iştirakçıları Şəhidlər Xiyabanını ziyarət edib, məzarların üzərinə çiçəklər düzüb, ruhlarına dualar oxunub. Şəhidlərin xatirələrini ehtiramla yad ediblər.

Qəhrəmanlarımızı unutmayaq ki, unudulmayaq!

Yeganə Telmanqızı                                                         
“XeberTıme.az”  

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ