SON DƏQİQƏ

Məkanın cənnətdir, şəhid qardaşım- FOTO\VİDEO

Tarix:24-07-2021, 21:23

44 günlük Vətən müharibəsində şəhidlərimiz ,qazilərimiz xalqımıza qələbə sevinci yasatdılar. Belə igid, qəhrəman şəhidlərimizdən biri haqda söhbət açmaqdan qururlanıram.Elşən Habil oğlu Müslümov 2 sentyabr 1995 - ci ildə Bakı şəhərinin  Yasamal rayonunda anadan olub.
Əslən Ağsu rayonunun  Kalva kəndindəndir. Atası Habil  Müslümov tikinti sahəsində iş icraçısı , anası Şövqiyyə xanım isə   evdar qadındır.      

Elşən  təhsilini 2002- ci ildə 286  saylı  tam orta məktəbdə alib.  2011- ci ildə Bakı Humanitar Kollecin "Turizm və otellərin idarə olunması" fakultəsinə daxil olub.                           
Uşaq yaşlarından karate ilə məşğul olub və müəllimi dünya çempionu Eduard Məmmədov olub.  Elşən 2014- cü ildə Yasamal rayonundan  Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində həqiqi hərbi xidmətə  çağırılıb. Nümunəvi hərbi xidməti zamanı Çavuş rütbəsiylə təltif olunmuş, həm manqa komandiri, həm də məxfi rabitəçi idi.Təlimlər zamanı atıcılıq üzrə yüksək yer tutmuşdur. 
Hərbi xidmətini 2016- cı ildə Fəxri fərman və  təşəkkürnamə ilə başa vurmuşdur.         

Elşən Vətəninə, dövlətinə ,bayrağına çox bağlı, mərd, igid, qorxmaz oğul idi. 
Tovuz döyüşlərində General Polad Həşimovun şəhidliyi onu çox sarsıtmışdı. Qəlbində işğalçı düşmənə qarşı nifrət , qisas hissi daha çox böyümüşdü.                                                   

21 sentyabr 2020- ci ildə Elşən   Habil oğlu hərbi təlimlərə gedir və 27- sentyabrda başlayan Vətən müharibəsi döyüşlərinə qatılır. Hər gün ailəsi ilə əlaqə saxlayıb "Qayıdacam,  məndən narahat olmayın, bu torpaqlara ilk ayaq basanlardan biri olmaq çox qürurvericidir"- deyirdi.  
Axrıncı danışığı oktyabrın 7- si oldu. Çox təəssüf ki, özü qələbə sevincini sonuna qədər yaşamadı. Bir çox uğurlu döyüşlərdə igidliklər göstərib. Elşən Müslümov oktyabrın 8 - də  Suqovuşan uğrunda gedən  qanlı döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalmışdır.   
Oktyabr ayının  13-  də Bakıda   II Fəxri Xiyabanda dəfn edilmişdir. Elşən müharibədə iştirak etdiyi  12 gün ərzində ailəsinə heç bir söz demirdi, ancaq "hər şey yaxşıdır, biz irəli gedirik"- deyirdi.                                                          
Döyüş yoldaşları Elşəni "Cəngavər" ləqəbiylə çağırırlarmış.                                                  
Ailəli olan şəhidimizin bir qız övladı Elnaz Vətənə əmanət qalıb. Dediklərinə görə Elşən bir dəqiqə dincəlmədən ancaq irəli deyərək qabağa getməyə, torpaqlarımızı işğaldan azad etməyə can atırmış.      
Elşən Müslümov şəhadətindən sonra Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev tərəfindən "Vətən uğrunda" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif olunmuşdur.                                                           
Şəhid Elşən Habil oğlu Müslümovun   yaşadığı küçə onun adina əbədiləsdirilmiş və abidəsi ucaldılmışdır. Şəhidlərimiz dövlətimiz tərəfindən hər zaman diqqət və qayğı ilə əhatə olunublar. 
Müqəddəs kitabımızda da buyurulub ki, şəhidlər ölməzdir, şəhidi ağlamazlar. Şəhidlər Rəbbinin dərgahında ən yüksək məqama yuksəliblər. Belə şərəfli ad hər kəsə qismət olmur. Şəhidlərimizin məkanı cənnətdir. Ruhunuz şad olsun səhidlərim! 
 
Məkanın cənnətdir şəhid qardaşım, 
Məzarın ilahi nuruyla dolsun.
Qəlbimdə yaşayır ruhun, sirdaşım! 
Yazdım bu sözlərim yadigar qalsın.
Allahdan cəmi şəhidlərimizə rəhmət diləyirik.
 
Rauf İlyasoğlu





FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ