SON DƏQİQƏ

Müdafiə naziri Xocavənddə hərbi hospitalın açılışında

Tarix:12-07-2022, 22:47

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində ordu quruculuğu üzrə şəxsi heyətin xidməti, sosial-məişət şəraitinin yaxşılaşdırılması, eləcə də sağlamlıqlarının qorunması istiqamətində inamlı islahatlar həyata keçirilir, ordunun maddi-texniki təminatı daha da gücləndirilir, müasir standartlara cavab verən hərbi infrastruktur qurulur.Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Xocavənd rayonu ərazisində yeni istifadəyə verilmiş hərbi hospitalın açılışında olub.
Müdafiə Nazirliyindən Milli.Az-a verilən məlumata görə, məruzəyə əsasən, 250 çarpayılıq hərbi hospitalın 4 hektara yaxın ərazini əhatə etdiyi bildirilib. Qeyd olunub ki, burada qərargah, birmərtəbəli patoloji anatomiya, daimi oksigen təminatı üçün oksigen və transformator binaları tikilib, eləcə də su, ərzaq və əşya anbarları, əsgər yeməkxanası, hamam-camaşırxana-qazanxana kompleksi, avtopark, nəzarət buraxılış məntəqəsi inşa edilib. Ərazidə yaşıllaşdırma işləri aparılıb, abadlıq işləri görülüb, asfalt örtüyü salınıb.
Hərbi hospitalda üçmərtəbəli müalicə diaqnostika korpusunun da inşa edildiyi diqqətə çatdırılıb. Korpusda qan bankı, laboratoriyalar, müalicə palataları, əməliyyat otaqları, altı nəfərlik reanimasiya palatası, cərrahiyyə və əməliyyat blokları, tibbi ləvazimatlar anbarı, qəbul bölməsi, xəstələr üçün qida qəbulu zalları, aptek, stomatologiya, oftalmologiya, yuma-dezinfeksiya, LOR, terapiya, rentgen və kompüter tomoqrafiyası, endoskopiya, dermatologiya bölmə və kabinetləri yaradılıb.
Bildirilib ki, dünyanın inkişaf etmiş ölkələrində istehsal edilən, müasir avadanlıqlarla təchiz olunmuş palatalarda hərbi qulluqçulara yüksək səviyyədə tibbi xidmət göstərilməsi, eləcə də onların müalicəsi üçün hər cür şərait mövcuddur.
Hospital bioloji təmizləmə qurğusu, cərrahiyyə əməliyyatlarının fasiləsiz təminatı üçün UPS sistemi, ehtiyat generator qurğusu, su, istilik və digər kommunikasiya sistemləri ilə təmin olunub. Həmçinin təxirəsalınmaz tibbi yardım göstərilməsi məqsədilə təxliyə üçün hospitalın ərazisində helikopter meydançası salınıb.
Hərbi hospitalda yaradılan şəraitlə tanış olduqdan sonra müdafiə naziri burada müalicə alan hərbi qulluqçular və tibbi personalla görüşərək onları müqəddəs Qurban bayramı münasibətilə təbrik edib. Hospitalın şəxsi heyəti üçün qurbanlıqlar kəsilib və bayram sovqatları təqdim olunub.
Daha sonra general-polkovnik Z.Həsənov hərbi hospitalın ərazisində tibbi personal və onların ailə üzvləri üçün hazırlanmış yaşayış binalarının açılış mərasimində iştirak edib.
Müdafiə nazirinə məruzə olunub ki, yeni istifadəyə verilmiş, hər biri 2 və 3 otaqlı mənzillərdən ibarət ikimərtəbəli binalar kommunikasiya xətləri və mərkəzləşdirilmiş istilik sistemi ilə təchiz edilib. Müasir standartlara cavab verən tam təmirli mənzillərdə mebel və lazımi avadanlıq quraşdırılıb. Ərazidə yarımstansiya, su anbarı tikilib, binaların ətrafına asfalt döşənib. Hasara alınmış yaşayış kompleksinin həyətində yaşıllaşdırma və abadlıq işləri görülüb, sakinlərin səmərəli istirahəti üçün lazımi şərait yaradılıb.
Sonda müdafiə naziri şəxsi heyətin məişət şəraitinin daha da yaxşılaşdırılması, sağlamlığının qorunması və tibb xidmətinin daha səmərəli təşkil olunması ilə bağlı müvafiq tapşırıqlar verib.

“XeberTıme.az”
 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ