SON DƏQİQƏ

Prezidentdən hərbi xidmətə çağırışla bağlı vacib FƏRMAN

Tarix:6-09-2023, 20:14

Preizdent İlham Əliyev Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Fərman imzalayıb. 
XeberTıme.az  xəbər verir ki, Fərmana əsasən, 2024-cü il iyulun 1-dən rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi zamanı aşağıdakı qərarlardan birinin qəbul edilməsi üçün həmin vətəndaşların yekun tibbi müayinəsi (bundan sonra – yekun tibbi müayinə) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) tərəfindən həyata keçiriləcək:
 
1.1. sıradankənar həqiqi hərbi xidmətə yararlılıq haqqında;
 
1.2. sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab edilməklə çağırışa möhlət verilməsi haqqında;
 
1.3. dinc dövrdə həqiqi hərbi xidmətə yararsızlıq, müharibə dövründə məhdud yararlılıq haqqında;
 
1.4. həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızlıq haqqında.
 
2. Müəyyən edilsin ki:
 
2.1. yekun tibbi müayinə Nazirliyin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi (bundan sonra – Agentlik) tərəfindən hərbi həkim komissiyalarının tibbi müayinə nəticələri və müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların əyani tibbi müayinəsi əsasında aparılır;
 
2.2. yekun tibbi müayinə ilə bağlı məlumatların toplanılması və həmin müayinənin nəticələrinin rəsmiləşdirilməsi Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə” altsistemi (bundan sonra – altsistem) üzərindən həyata keçirilir.
 
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmanın 1-ci hissəsi nəzərə alınmaqla altı ay müddətində:
 
3.1. müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi sahəsində göstərilən xidmətlərin optimallaşdırılması və elektronlaşdırılması ilə bağlı normativ hüquqi aktların təkmilləşdirilməsinə dair təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
 
3.2. bu Fərmanın 1-ci və 2-ci hissələrindən irəli gələn maliyyələşməni təmin etsin;
 
3.3. Agentliyin inzibati bina ilə təmin edilməsi üçün zəruri tədbirlər görüb Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
 
3.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
 
4. Nazirlik:
 
4.1. 2024-cü il iyulun 1-dək altsistemin təkmilləşdirilməsini təmin etsin;
 
4.2. bu Fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görsün. 

XeberTıme.az 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ