SON DƏQİQƏ

Şamxal hərbiçi olaraq Vətən uğrunda canından keçdi!+FOTOLAR

Tarix:4-02-2021, 23:13

Vətənimizin azadlığı, ərazi bütövlüyü uğrunda döyüşən igid. 
Beyləqan rayonu Vətən Müharibəsində ümumilikdə 135 şəhid vermişdir. Onlardan 19 nəfəri qəhrəman Kəbirli kəndinin sakinləridir. 
44 günlük  Vətən Müharibəsində Zəfər tarixi yazaraq  bizə qələbə sevincini yaşadan Ali Baş Komandan tərəfindən 5 medalla təltif olunan, ən cəsur döyüşçülərimizindən birini tanıyaq:

Abbasov Şamxal Xasay oğlu 14 fevral 1995-ci ildə Beyləqan rayonu Kəbirli kəndində ziyalı bir ailədə dünyaya gəlmişdir. Şamxal Xasay atanın və Zeynəb ananın  kiçik övladı idi. O, 2002-ci ildə Kəbirli kənd M. Fərzəliyev adına 1 nömrəli tam orta məktəbə ilk addımlarını qoyur. Məktəbdə nizam-intizamlı olan Şamxal müəllimlərin sevimlisi olur. O məktəbin fəal şagirdlərindən olur. 2013-ci ildə orta təhsilini başa vurur, elə həmən ilin aprel ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət xidmətinin Beyləqan rayon idarəsindən həqiqi hərbi xidmətə yola düşür. Yevlax rayonu N saylı hərbi hissədə xidmətə başlayır. Şamxal Abbasov xidməti illərində hər zaman fəqrlənən əsgər idi. 2014-ci ildə həqiqi hərbi xidmətini başa vuraraq böyüyüb boya-başa çatdığı Kəbirli kəndinə qayıdır. Məhz bayrağa olan sonsuz sevgisi sonralar onu hərbiçi olaraq, daim Vətən keşiyində duran bir əsgərə çevirir. Hərbi peşəsinə olduqca böyük maraq göstərən Şamxal 2017-ci ildə  Beyləqan rayon hərbi hissələrin birində hərbi mühafizədə xidmətə başlayır. 2018-ci ildə kurs keçərək gizir rütbəsini alır.                                                                                         
Şamxalın xidmət etdiyi hərbi hissənin hərbiçiləri 27 sentyabrda başlanan Vətən müharibəsinə ezam olunurlar. Gizir Şamxal Abbasovun ilk döyüş yolu Füzulidən başlayır. Cəbrayıl, Qubadlı, Hadrud istiqamətində gedən döyüşlərin birində sağ dizinin oynağından çox ağır güllə yarası alır və qulaq pərdəsi deşilir.  Oktyabrın 5-də evə buraxılır,  çox keçmir  “döyüş yoldaşlarım cəbhədədi və mən orda lazımam, Vətən dardıdır” deyib öz ərizəsi ilə yenidən cəbəhəyə yollanır.                                                                                        
2020-ci il 20 oktyabr...Gizir Abbasovun son döyüşü olur. Qubadlı rayon istiqamətində gedən ağır döyüşlərdə boyun və qabırğa nahiyyəsindən yaralanaraq 25 yaşında ən yüksək mərtəbə sayılan şəhidlik zirvəsinə ucalaraq bir ömür boyu qəlblərdə yaşayacaq qəhrəmana çevrildi.            
Vətən uğrunda qəhrəmanlıqla döyüşərək öz canını fəda etmiş Şamxal Abbasov   ata-baba yurdu olan Beyləqan rayonu Kəbirli kənd qəbirsanlığında minlərlə kənd sakinin, icra nümayəndəliyinin, yaxınlarının, ailə üzvülərinin və döyüşçü yoldaşlarının iştirakı ilə şəhidlər üçün ayrılmış məkanda, uğrunda canını fəda vermiş torpağa tapşırılır.   
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Silahlı Qüvvələrinin hərbi qulluqçusu, gizir Abbasov Şamxal Xasay oğluna ölümündən sonra “Vətən uğrunda” medalı, “Qubadlının azad olunmasına görə” medalı, “Füzulinin azad olunmasına görə” medalı, “Cəbrayılın azad olunmasına görə” medalı, “İgidliyə görə”medalı ilə təltif etmişdir.      

Azərbaycan anaları bölünməyən Vətənin, ölməz şəhid analarıdır. Zeynəb xanım biz sizə çox minnətdarıq. Oğlunuz Vətən Müharibəsində iştirak edərək Qələbə tarixi yazdı.                                                                                                               
- Ana üçün oğul itirmək çox çətindir. Şamxal şərəfli yolu seçdi, hərbiçi oldu. Həyatı qədər sevdiyi Vətəninin yolunda canını qurban verdi. Yaralanmışdı evə buraxıldı, mən onun bir müddət qalaraq müalicə almağına istədim, amma saxlaya bilmədim. Fikri  bütün günü cəbhədə, əsgər yoldaşlarının yanında qaldı və öz ərizəsi ilə yenidən cəbhəyə döndü.   
Şükürlər olsun şəhidlərimizin qanı yerdə qalmadı, Azərbaycan tarixi zəfər qazandı. 


Yaxşı oğul dayısına oxşar. Şamxal Abbasovun dayısı Elmir Hüseynov- Şamxal vətəninə, dövlətinə, xalqına bağlı bir oğul idi!                                                              
                                                                                                                       

- Qırx dörd günlük Vətən Müharibəsi bizə minlərlə qəhrəmanımızı yaxından tanıtdı. Onların şücaətləri tarix boyu xalqımızın yaddaşından silinməyəcək. Mən birinci Qarabağ müharibəsində iştirak edərək qazi olmuşam. 2016-cı il Aprel döyüşlərində 4 gün arxa cəbhədə silah sursat daşımağa köməklik etmişəm. Sentyabrın 27-də başlanan Vətən müharibəsində könüllü olaraq  bir neçə Qarabağ qazisi müharibədə iştirak etmək üçün müraciət etdik, bizə dedilər ki, “hələ sizə etiyac yoxdur” biz etiyatda olan döyüşçü kimi hər anımızı gözlədik ki döyüşək.   
Şamxal mənim bacım oğludur. Vətəninə, elinə, xalqına bağlı bir oğul idi. Qarabağı azad görmək istəyirdi və işğal altında olan torpaqlarımızın alınmasında döyüşçü kimi iştirak etməyi hərbiçi olaraq arzusu idi. Qəhrəman Kəbirli kəndindən 19 oğlumuz şəhidlik zirvəsinə ucalıb, 50 oğulumuz yaralanıb.       
Vətən uğrunda qəhrəmanlıqla döyüşərək öz canını fəda etmiş şəhid gizirimizin ruhu qarşısında dərin ehtiramla baş əyirik. Nur içində yatasan şəhid qardaşım

Qəhrəmanlarımızı unutmayaq ki, unudulmayaq!

Yeganə Telmanqızı 
 “XeberTıme.az”



 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ