SON DƏQİQƏ

“Oğlun qəhrəman kimi medal alıb gələcək.”

Tarix:12-02-2021, 17:46

Yarımçıq qalan arzular...yarımçıq qalan tale...                              
Düşmən qarşısında inamla dayanıb, Vətənimizi, torpaqlarımızı qoruyarkən şəhid olan qəhrəmanımızı tanıyaq:


İmanov Ənvər Emil oğlu 11 yanvar 1999-cı ildə Sumqayıt şəhərində zəhmətkeş ailədə dünyaya gəlmişdir. 2005-2016-cı illərdə Sumqayıt şəhər 41 saylı tam orta məktəbdə təhsil almışdır. Orta məktəb illərində  fəal şagird idi. 2015-ci ildən AQGF-nın baş məşqiçisi, 10 qat Azərbaycan, 3 qat Avropa çempionu Zöhrab Məsimovun rəhbərliyi altında qol güləşi idman növü ilə məşğul olmağa başlayır və Respublikada keçirilən yarışlarda iştirak edərək mükafatçı olur. 2016-cı ilin yanvar ayında həqiqi hərbi xidmətə yola düşür. Gəncə və Tovuz rayonlarında yerləşən N saylı hərbi hissələrdə baş atıcı vəzifəısində xidmət edir. 2017-ci ilin iyil ayında həqiqi hərbi xidmətini başa vuraraq böyüyüb boya-başa çatdığı Sumqayıt şəhərinə qayıdır və fərdi əmək fəaliyyətinə başlayır. Kuryer işindən başlayan Ənvər administrator vəzifəsinə kimi yüksəlir. 2019-cı ilin yanvar ayında xoşbəxt günlər yaşayan Ənvər sevib- seçdiyi, bir sinifdə oxuduğu  Məleykə xanımla nişanlanır.     
2020-ci il sentyabırın 21-də Azərbaycan Respublikasında qismən səfərbərlik elan olunur, etiyatda olan əsgərimiz İmanov Ənvər Qusar rayonunda 1 həftə təlimlərə qatılır. Cəbrayılın, Füzulinin, Xocavəndin işğaldan azad olunmasında onun müstasna xidmətləri olur.  


                             
2020-ci il 28 oktyabr...Əsgər, baş atıcı İmanovun son döyüşü...Xocavəndin azadlığı uğrunda gedən ağır döyüşlərdə sol tərəfindən və qarın nahiyyəsindən düşmən gülləsinə tuş gələrək 21 yaşında şəhidlik zirvəsinə ucalır. 29 oktyabr minlərlə şəhər sakinin, icra hakimiyyəti nümayəndələrinin, Müdafiə nazirliyinin, dostlarının, yaxınlarının, ailə üzvülərinin müşayəti ilə canını fəda verdiyi torpağa tapşırılır.  


                                                    
Ali Baş Komandan İlham Əliyev İmanov Ənvər Emil oğlunu ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif etmişdir.                                                                            
Ənvər döyüşlərdə vəzifə borcunu layiqincə yerinə yetirir və hərbi hissənin komandanlığı tərəfindən fəxri fərmanla təltif olunur.   
                                                                     

Azərbaycan anaları bölünməyən Vətənin, ölməz şəhid analarıdır. Mədinə xanım Vətəninə dəyərli övlad böyüdərək tərbiyyə etdi:                                                                                   
- Qocaq oğlan idi, işdə də, dostları və tanıyanlar arasında böyük hörmət qazanmışdır. Iş yerində də, çox etibar edirdilər ona. 2020-ci il iyulun 20-də  ömür gün yoldaşımı Emil İmanovu itirdim, inanmazdım 3 ay keçəcək övladımıda itirəcəm. 2020-ci il çox çətin ilim oldu, Azərbaycana iki fəlakət gəldi, ikisidə mənim evimdən gəlib keçdi, 2 əziz insanımı itirdim...                             
Yoldaşım dünyasını dəyişəndən sonra evin kişi böyüklüyünü Ənvər öz üzərinə götürmüşdür, qardaşı Azərə ata əvəzi idi. Cəbhədə olanda Azər ADNSU-nin nəqliyyat mühəndisliyi fakültəsinə qəbul oldu, Ənvər elə sevindiki, zarafata salıb dedi: “üzümüzü qara etmədin”.                          
24 oktyabr zəng vurmuşdu ən uzun danışığımız oldu. Gözəl, əhval-ruhiyyəsi var idi, ümidli idi, danışdıqcada sevinirdi və dedi: “Oğlun qəhrəman kimi medal alıb gələcək.” Bəli qəhrəman kimi gəldi oğlum!                                                                              
Arzuları çox idi balamın, hamsı ürəyində qaldı, bütün arzularını şəhidliyi ilə əvəz etdi...Beş il Məleykə xanımla bir-birlərini sevdilər və bəyəndilər. Yaxşı ki, nişanladım heç olmasa o arzusuna yetişdi. Düz deyirlər şəhidlər ölmür! Hələdə onun yoxluğuna inanmıram və elə bilirəm ki yanımızdadır.  

                                                                             

AQGF-nın baş məşqiçisi,10 qat Azərbaycan, 3 qat Avropa çempionu Zöhrab Məsimov idmançı tələbəsi Ənvər İmanovla qürur duyur.                                                                                                                         
- Bu yüksəkliyə ucalan insanlar ölmürlər, əksinə, ölümləri ilə bir əbədilik qazanırlar. Şəhidlər xalqın qəhrəmanlıq salnaməsinə adını yazdıran mərd oğullardandır.                            
Ənvərin məşqiçi müəllimi həm də dostu idim. Xeyli yaş fərqimiz var idi, amma bir böyük qardaş kimi, dost kimi həmişə məsləhətləşərdik. Olduqca tərbiyyəli, mədəni, yaşıdlarından fərqli olan bu oğlan bi andaca böyüdü. O hər zaman mənim, AQGF-nın idmançılarının, məşqiçi müəllimlərinin qəlbində yaşayacaq, çünki o bizim və bütöv Azərbaycanın fəxridir. Ənvər İmanov kimi igidlərimizin sayəsində 44 günlük Vətən müharibəsindən qalib çıxdıq. Bu Vətən üçün ölməyədə, yaşamağada dəyər! 
Nur içində yatasan şəhid qardaşım!

Qəhrəmanlarımızı unutmayaq ki, unudulmayaq!

 Yeganə Telmanqızı 
 “XeberTıme.az”                                                                                                                                                                          

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ