SON DƏQİQƏ

Arzularım Sübhanın arzularıyla qoşuldu getdi- FOTOLAR

Tarix:22-02-2021, 15:03

Şəhid Sübhan Əzizov- “Mən də Mübariz olacam!”  
Dövlət Dəmir Yolu liseyinin tələbəsi Əzizov Sübhan Məmməd oğlunun ailəsi ziyarət etdik.                                                                 

Vətən Müharibəsi qəhrəmanımızı tanıyaq:   

                                         
17 yanvar 1999-cu ildə Salyan rayonu Dayıkənd kəndində zəhmətkeş bir ailədə anadan olmuşdur. Ailədə 3 oğlan övladı böyüyürdü: Sübhan, Röyal, İsmayıl. 


2005-2016-cı illərdə  şəhid Arif Nağıyev adına kənd tam orta məktəbində təhsil alır. Təhsil illərində dərs əlaçısı idi Sübhan. Bir sıra fəxri fərmanlarla təltif olunur. Hələ kiçik yaşlarında hərbi qayda-qanunlarını sevərək oxuyub, öyrənir. 


2017-ci ilin yanvar ayında həqiqi hərbi xidmətə yola düşür. Ağcabədi və Beyləqan rayonlarında yerləşən N saylı hərbi hissələrdə xidmət edir. Xidmətdə olarkən PPK silahdan istifadə qaydalarına mükəmməl yiyələnir. 6 aydan sonra artıq öz əsgərləri olur və onlara təlimlər keçir. Xidmət illərində Vətəninə layiqli, vətənpərvər övlad böyütdükləri üçün Əzizovlar ailəsinə Sübhanın xidmət etdiyi hərbi hissənin komandanlığı tərəfəndən təşəkkürnamə gəlir.

 
2018-ci ilin uyul ayında hərbi xidmətdən qayıdır. Tikinti şirkətlərinin birində usta köməkçisi kimi əmək fəaliyyətinə başlayır və əmək fəaliyyətini Bakı şəhərində davam etdirir.

 
Eyni zamanda gecə-gündüz hazırlaşır və sənədlərini Azərbaycan Dövlət Dəmir Yolu liseyinin verir, “Stansiya növbətçisi” fakültəsinə qəbul olur. Cəmi 1 ay tələbə həyatı yaşayır.

 
Vətənin çətin günündə qismən səbərbərlik elan olunandan könüllü ərizə yazılaraq sentyabrın 30-da Goran rayonuna yola düşür və hərbi təlimlərdə döyüş yolunu öyrənərək döyüşlərə qatılır. Cəsur döyüşçü  Füzuli, Cəbrayıl, Laçın, Qubadlı, Şuşa istiqamətində  gedən döyüşlərdə iştirak edir.

                                                                                              
2020-ci il 6 noyabr saat 16:00...Şuşa uğrunda gedən çətin və ağır döyüşlərdə 30 nəfər olan maşın Şuşaya qalxarkən mənfur düşmənlərimiz tərəfindən vurulur, maşında olan 30 nəfərdən xeyli əsgər yaralanır, 5 nəfər şəhidlik zirvəsinə ucalır. Şəhidlik zirvəsinə ucalan şəhidlərin sırasında Sübhan  Əzizovla birlikdə həmkəndlisi İsmayılov Raqildə olur. Xatırladaq ki, Sübhan Əzizov həmkəndlisi İsmayılov Raqillə birlikdə eyni gündə cəbhəyə yola düşürlər və eyni maşında şəhadətə qovuşurlar.

 
7 noyabr yüzlərlə kənd sakinin, icra hakimiyyətinin, dostlarının, yaxınlarının ailə üzvülərinin müşayəti ilə böyüyüb boya-başa çatdığı Dayıkənd el qəbirsanlığında böyük hörmətlə uğrunda canını fəda verdiyi torpağa tapşırılır.  

                                                                      
Ali Baş Komandan İlham Əliyev Silahlı Qüvvələrinin əsgəri İsmayılov Əzizov Sübhan Məmməd oğlunu ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif etmişdir.                     
Şəhid ailələri bir-birinə oxşayır, sadə, zəhmətkeş, qonaqpərvər. Bütün ailələrdə olduğu kimi Əzizovlar ailəsidə övladının şəkillərinə baxaraq, onunla bağlı bitib-tükənməyən xatirələrindən danışdılar.  

                                                                                         
Azərbaycan  qadını dünənin, bu günün, sabahın güclü əsgər analarıdır. Firuzə ana haqqınız ödənilməz!                                                                             

- Yeganə xanım arzularım Sübhanın arzularıyla qoşuldu getdi!                                  
Sübhan ilk övladım idi. Qardaşları Röyalın, İsmayılın arxa, dayağı, çox vətənpər, cəsur, qorxmaz oğlanıydı.  Son zəng tədbirini özü təşkil etdi. Bir təşəbbüs sürdü irəli hamı hərbi forma geyinib məzun gününü qarşılayacayıq. Müəllimlərinin sinif yoldaşlarının sevimlisi idi. Ailə sevgisini Vətən sevgisi ilə əvəz etdi Sübhan balam. Hərbi qaydaları oxuyub öyrənməkdən heç yorulmazdı, sonunuda hərbi ilə bağladı. Qardaşının  xeyir işi idi, bir ağsaqqal kişi kimi qabağa tüşərək onun bütün işlərini özü gördü.

 
Həmişə deyirdi ki, “Mənim toyum olmayacaq, mən şəhid olacam!” bu cümləni telefonunada yazmışdır. Sübhanla axrıncı dəfə noyabrın 5-də danışdıq dedi ki, “Hər şey yaxşı olacaq, siz salamat olun. Burada elə oğlanlar var ki, evdə körpəsi onun yolunu gözləyir, tək istəyimiz Vətənin, torpaqların düşməndən azad olunmasıdır.”   Həmkəndlisi Raqillə bir gündə getdilər, eyni taleyi yaşadılar yazıq balalarımız. Deyirlər “Şəhidlər Ölmür!” bu belədir. O daima bizim ailənin içindədir, hər dəqiqə onu hiss edirəm. Darvazamızın yanından keçən yolda maşın saxladıqca elə bilirəm ki, Sübhan gəlir...                                                          

Sübhan Əzizovun sinif rəhbəri Rəhimova Gülnarə üçün övladı qədər sevdiyi Sübhandan danışmaq ağır idi:                                                               

-  Ağıllı, sakit təbiətli şən, zarafatçıl bir oğlan idi Sübhan. Çox gözəl rəqs etməyi vardı. Böyüməkdə olan nəsil çox vətənpərvər ruhda, ailəyə, torpağa bağlı böyüyürlər. Son zəngdə sinif şagirdləri və məktəbin bir neçə müəllimi Masallı rayonuna gəzməyə getmişdilər. Geri dönəndə Milli Qəhrəmanımız, qürurumuz Mübariz İbrahimovun ev muzeyini ziyarət edirlər və Sübhan burada deyir ki, “Mən də Mübariz olacam!”  


Teleməkanlarda daima şəhid ailələrinə baş sağlığı verərək, Vətən oğullarını xalqa tanıdan Azərbaycan Vəkillər Kollegiyasının üzvü, tanınmış vəkil Əkbər Yusifoğlunun dedikləri:                                                                                   

- Bütövləşən Azərbaycanda 44 günlük Zəfər salnaməmizi şəhidlər yazdı! Azərbaycan bütün dünyaya sübut etdi ki, qüdrətli dövlətdir. Biz bütün qəhrəman şəhid və qazilərimizlə fəxr edirik. Firuzə xanım, Məmməd bəy  bütün Azərbaycan xalqı adından sizə baş sağlığı verirəm. Əziz ana, əziz ata sizə sonsuz təşəkkür edirəm ki, belə qəhrəman övlad yetişdirmisiz.                            

Sübhan Əzizov insanların qəlbində daim haqq yolu tutan, mülayim və xoşrəftar bir gənc kimi iz qoyub şəhidlik zirvəsinə ucaldı. Nur içində yatasan şəhid qardaşım! 

Qəhrəmanlarımızı unutmayaq ki, unudulmayaq!
 

Yeganə Telmanqızı 
 “XeberTıme.az”                                                                                                                                                                          

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ