SON DƏQİQƏ

İdmançılara qısa hesabat

Tarix:5-05-2022, 00:39

İdmançılara qısa hesabat
Əziz və hörmətli idmançılar, ilk növbədə müqəddəs Ramazan bayramı münasibətilə hamınızı ürəkdən təbrik edirəm. Allah tutduğunuz orucları, etdiyiniz duaları qəbul etsin!
Əziz dostlar, Ramazan bayramı həm də bir hesabat məqamıdır. Mən də bu gün bayram namazından sonra həm Allaha, həm də sizlərə kiçik bir hesabat vermək istədim. 
Bilirsiniz ki, mən hər zaman başımın üstündə birinci Uca Allahı, ikinci də Ölkə Prezidentini görərək fəaliyyətimi qurmuşam. Mən əminəm ki, yalnız Allahını və dövlət başçısını tanıyan insanlar Vətəninə, xalqına və dövlətinə təmannasız sevgi ilə, sədaqətlə xidmət edə bilərlər. Artıq 14 ildir ki, 2008-ci ildən bəri mən dövlətimizə məhz bu prinsiplər əsasında xidmət edirəm. Bu yolda mənə mənəvi dəstək olan bütün insanlara, dostlarıma və ağsaqqallarıma da bir ömür boyu minnətdaram.
Əziz dostlar, 2009-cu ildə Azərbaycan Qol Güləşi Federasiyasını təsis etdiyim ilk gündən bəri mən hər yarışdan sonra sizə hesabat vermişəm. Amma əsl məqsədim Allaha hesabat vermək olub. Bu gün isə bu hesabatı facebook səhifəmdə paylaşmaq qərarına gəldim. İlk növbədə ölkədaxili yarışlarda idmançılardan yığılan iştirak haqqları barədə demək istəyirəm. Bilirsiniz ki, Azərbaycanda bir çox digər federasiyalarda yarışlarda iştirak haqqı 40 manat məbləğindədir. Yalnız bizim federasiyada bu məbləğ 10 manat müəyyən edilib. Hər yarışdan dərhal sonra da yığılan məbləğ yarışın keçirilməsində zəhmət çəkən hakimlərə, katiblərə, həkimə, texniki personala, uzaq rayonlardan idmançılar gətirən nümayəndələrə verilib. Yığılan vəsaitdən federasiyanın kassasında bircə manat da heç vaxt qalmayıb. O cümlədən bu ilin mart ayında keçirilmiş Qol güləşi üzrə Ölkə birinciliyi yarışının keçirilməsi üçün 6000 manatdan artıq vəsait xərclənib ki, bu məbləğ də bütünlüklə mənim öz şəxsi vəsaitlərim hesabına ödənilib. Yarış zamanı qalib idmançılara 100 ədəddən artıq köynək və 2000 manat dəyərində idman qida əlavələri hədiyyə olunub. Bundan başqa çəkilişlərə, zalın icarəsinə, nəqliyyat daşımalarına və digər xərclərə məsrəf olunub. Mən hər zaman demişəm ki, idmançının puluna göz dikən kişiyə kişi və şəxsiyyət demək olmaz və biz axirət dünyasında bütün bu işlər üçün Allaha hesabat verəcəyik. 
Həmçinin 2009-cu ildən bəri keçən müddət ərzində hər il dünya və Avropa çempionatlarına qatılmaq üçün Gənclər və İdman Nazirliyi tərəfindən 3 və ya 4 idmançıya vəsait ayrılıb. Lakin bizim federasiyamız həmin yarışlara daha çox heyətlə qatılıb. Hər il mən özüm əlavə 5-6, bəzən isə daha çox idmançının xərclərini öz cibimdən, qurduğum biznesdən əldə etdiyim gəlirlərin hesabına ödəmişəm. Məsələn, 2010-cu ildə İtaliyanın Rozalina-Mare şəhərində keçirilmiş Avropa çempionatında 15 nəfər idmançımız iştirak etmişdi və onların hamısının bütün xərclərini mən öz vəsaitim hesabına ödəmişdim. 
2014-cü ildə Bakıda Qol güləşi üzrə Avropa çempionatı keçirildi. Bu yarışa Gənclər və İdman Nazirliyi tərəfindən cəmi 20000 manat ayrılmışdı ki, bu da federasiyamızın ümumi illik büdcəsi idi. Çempionatın maliyyə smetası isə 380000 manat idi. O zaman da mən öz şəxsi mənzilimi sataraq, həmin xərcləri qarşıladım və biz çempionatı yüksək səviyyədə keçirdik. Çempionatda iştirak etmək üçün Bakıya 33 ölkədən, 670 idmançı gəlmişdi. Lakin artıq həmin il bizim komanda dünya çempionatına gedə bilmədi. Həm də bilirsiniz ki, mənim nə 2014-cü il Avropa çempionatında, nə də ümumiyyətlə heç zaman heç bir sponsorum olmayıb. Mən inanıram ki, axirətini düşünən insan məhz bu cür yaşamalıdır.
Əziz idmançılar, bilirsiniz ki, bu ayın 6-da bir qrup idmançılarımız Rumıniyanın Buxarest şəhərinə Avropa çempionatında iştirak etmək üçün yola düşəcəklər. Bununla bağlı, mənim 24 saat açıq olan (050) 241-51-52 whatsapp nömrəmə ara vermədən sizin tərəfinizdən sorğular gəlir. İndi mən bu sualları cavablandırmaq üçün konkret açıqlamalar təqdim edirəm. İlk növbədə qeyd edim ki, keçirdiyimiz seçim turu nəticəsində Avropa çempionatında iştirak etmək üçün 21 idmançı seçildi. Daha sonra onların arasından ən güclü 9 nəfər idmançı və 1 nəfər nümayəndənin Buxarestə yollanması qərara alındı. Lakin yenə də maliyyə çatımazlığı səbəbilə bu heyət də 7 nəfərə qədər (6 idmançı və 1 nümayəndə) ixtisar olundu. Hal-hazırda Buxarestə yola düşəcək heyət bu cür müəyyən edilib: 
Nümayəndə:
1. Beynəlxalq dərəcəli hakim Qurbanov Kamran.
İdmançılar:
1. Cəlilov İbrahim.
2. Mustafayev İsmayıl.
3. Quluzadə Rəşad.
4. Müzəffərov Təxan.
5. Mahmudov Əhməd.
6. İsayev Orxan.
Bu siyahıda yer alanlardan yalnız bir nəfər idmançının, İsayev Orxanın xərcləri kənar sponsor tərəfindən ödənilir. Qalan 5 idmançı və 1 nümayəndənin isə bütün xərcləri mənim şəxsi vəsaitlərim hesabına ödənilir.
Əziz dostlar, bir daha diqqətinizə çatdırıram, həftənin altı günü səhər saat 09:00-dan gecə 00:00-a qədər federasiyamız çalışır və bu müddətdə hər biriniz bura gəlib öz sual və təkliflərinizi birbaşa mənə verə bilərsiz. Dürüst və düzgün çalışan, Vətənini, dövlətini sevən, xaricdə ölkəmizi ləyaqətlə təmsil edən hər bir idmançı bizim ürəyimizdir.
Mən heç zaman şan-şöhrət naminə çalışmamışam və əgər bu gün mən bu səviyyəyə gəlib çıxmışamsa, bütün bunlara yalnız Allahımı, Vətəninimi, xalqımı və dövlətimi sevərək çalışmaqla nail olmuşam.

Hörmətlə:
AQGF-nın prezidenti Cəsarət Əhmədov.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ