SON DƏQİQƏ

AQGF prezidenti Cəsarət Əhmədovun müraciəti

Tarix:31-05-2022, 00:54

AQGF prezidenti Cəsarət Əhmədovun müraciəti
Son vaxtlar Azərbaycan Qol Güləşi Federasiyasının (AQGF) qazandığı uğurlar, əldə etdiyi yüksək nailiyyətlər bəzilərinin federasiyamızın bu inkişafından öz məqsədləri üçün sui-istifadə etmək cəhdləri ilə müşahidə olunur. Bu məqsədlə özlərini idmançı adlandıran bəzi şəxslər müxtəlif yerlərdə özlərinin AQGF-na aid olduqlarını deyir, federasiyamızın adından və rəhbərliyin adından şəxsi məqsədləri üçün yararlanmağa çalışırlar.
Həmçinin bu məqsədlə sosial şəbəkələrdə müxtəlif adlarla qol güləşi idman növünün yarış görüntüləri nümayiş etdirilir və tamamilə əsassız olaraq, bu görüntülərin rəsmi beynəlxalq yarışlarda qeydə alındığı iddia olunur. Bununla bağlı Azərbaycan Qol Güləşi Federasiyası tam rəsmi olaraq bəyan edir:

1. Azərbaycan Qol Güləşi Federasiyası 2009-cu ildən WAF və EAF-ın rəsmi üzvü olmaqla, Qol güləşi idman növünü Azərbaycanda və ölkəmiz adına dünya və Avropa təşkilatlarında təmsil etmək hüquqna malik olan, WAF (Dünya Armrestlinq Federasiyası) və EAF (Avropa Armrestlinq Federasiyası) tərəfindən rəsmi olaraq tanınan,  dünya və Avropa çempionatlarına idmançıları göndərmək hüququ olan yeganə qurumdur.

2. Azərbaycan Qol Güləşi Federasiyasının razılığı olmadan Qol güləşi üzrə qolbasma və ya hər hansı digər ad altında yarış keçirilməsi, görüntülərin qeydə alınaraq yayımlanması AQGF-nın qanunla müəyyən edilmiş hüquqlarının pozulması, bu idman növünün inkişafına əngəl törədilməsi və Azərbaycanda həyata keçirilən idman siyasətinə zidd addımlar  kimi qiymətləndiriləcək.

3. Kimliyindən asılı olmayaraq, bu kimi hallara, o cümlədən federasiyanın adından sui-istifadə hallarına yol verən şəxslərin qanun qarşısında cavab vermələri və müvafiq şəkildə cəzalandırılmaları üçün federasiyamız tərəfindən bütün lazımi tədbirlər görüləcək.

Bir daha bütün idmansevərlərin nəzərinə çatdırmaq istəyirəm ki, WAF (Dünya Armrestlinq Federasiyası) və EAF (Avropa Armrestlinq Federasiyası) Beynəlxalq Olimpiya Komitəsilə (BOK) rəsmi tərəfdaş olan Ümumdünya Antidopinq Agentliyinə (WADA) üzv olan  qurumlardır. Buna görə də Qol güləşi üzrə bütün beynəlxalq yarışlar, o cümlədən dünya və Avropa çempionatları yalnız WAF və EAF tərəfindən keçirildiyi halda hüquqi qüvvəyə malik olurlar. Qalan bütün hallarda isə bu yarışlar rəsmən heç bir beynəlxalq qurum tərəfindən tanınmır və qanuni hesab olunmurlar (bu kimi yarışlar istər dünyada, istərsə də Avropada heç bir çəkisi və nüfuzu olmayan "tin yarışları" kimi tanınır).

Hörmətlə, Cəsarət Əhmədov
Azərbaycan Qol Güləşi Federasiyasının prezidenti,
WAF-ın müşaviri.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ