SON DƏQİQƏ

Deputatlarla jurnalistlər arasında yoldaşlıq oyunu keçirildi

Tarix:19-06-2022, 14:54

İdman Araşdırmalar Mərkəzi və ETOPAZ-ın 10 illik yubileyi münasibətilə jurnalistlər arasında minifutbol üzrə Zəfər Kubokunun final oyunundan öncə Milli Məclisin deputatları ilə Birinci Qarabağ və 44 günlük Vətən müharibəsində iştirak etmiş jurnalistlərdən ibarət "Suqovuşan" komandası arasında yoldaşlıq matçı keçirilib. 
XeberTıme.az  xəbər verir ki, Bakı Olimpiya Stadionunun tribunalı qapalı meydançasında baş tutan görüşdən öncə komandalar Azərbaycan bayrağının müşayiəti ilə mərkəzə dəvət olunublar, ardınca dövlət himni səsləndirilib.
 
Qarşılaşmanı fəxri qonaq qismində izləyən Azərbaycan Şahmat Federasiyasının prezidenti və Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov iştirakçıları salamlayaraq, onlara uğurlar arzulayıb.
 
Milli Məclisin komitə sədri Tahir Mirkişili də komandası adından təşkilatçılara təşəkkür edib. Azərbaycan xalqının mübariz olduğunu bildirən deputat 2020-ci ildə bu statusun dəyişdiyini və özümüzü dünyaya zəfər xalqı kimi tanıtdığımızı söyləyib.
 
Tahir Mirkişili Azərbaycan üçün yeni səhifə açan şəhidlərimizə Allahdan rəhmət diləyib, Zəfər xalqı statusunu hər bir sahədə, eləcə də futbolda təzahür etdirməli olduğumuzu xüsusi qeyd edib.
 
İdman Araşdırmalar Mərkəzinin sədri Elşən Məmmədov isə hər iki komandanın üzvlərinə minnətdarlığını bildirərək, deputatların turnirə böyük dəstək olduqlarını, onların bəzilərinin fəxri qonaq qismində oyunlarda iştirak etdiklərini söyləyib, iştirakçı komandalara uğurlar diləyib.

“XeberTıme.az”                                                               
 
Daha sonra mərhum jurnalist və idman xadimi Elnur Əşrəfoğlunun oğlu Mətin Şükürova ETOPAZ-ın rəhbəri Altay Əliyevin adından pul mükafatı təqdim olunub.
 
Ardınca Milli Məclisin sədri Sahibə Qafarovanın adından turnirin təşkilatçısı E.Məmmədova xüsusi plaket verilib. 
 
Qeyd edək ki, deputatlar komandasının heyətində Məzahir Əfəndiyev, Mahir Abbaszadə, Tahir Mirkişili, Vüqar Bayramov, Nurlan Həsənov, Fazil Mustafa, Ramin Məmmədov, Cavid Osmanov və Ceyhun Məmmədov yer alıb. Məşqçi funksiyasını Milli Məclisin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev yerinə yetirib.
 
"Suqovuşan" komandasının heyəti Mahir Süleymanov, Daşqın Əziz, Mahal Məmmədov, Nurşən Quliyev, Rasim Mədəd, Xalid Ağalıyev, Vüsal Hacı və İlkin Əhmədovdan ibarət olub. Komandanı məşqçi kimi meydana Rəşad Baxşəliyev çıxarıb.
 
Qarşılaşma veteranlardan ibarət komandanın 4:1 hesablı qələbəsi ilə başa çatıb.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ