SON DƏQİQƏ

Azərbaycan Qol Güləşi Federasiyasının prezidenti Cəsarət Əhmədovun qazi və fiziki imkanları məhdud idmançılara müraciəti

Tarix:27-11-2022, 19:45

Əziz dostlar, bilirsiniz ki, mən federasiya rəhbəri olaraq, hər zaman Qol güləşi üzrə bütün ölkədaxili yarışlarda qazilərimizin və fiziki imkanları məhdud idmançılarımızın iştirakını dəstəkləmişəm və bütün imkanlarımla onların yarışlamıza qatılmalarını təmin etməyə çalışmışam. Həmçinin mən beynəlxalq yarış və turnirlərdə, xüsusilə də dünya və Avropa çempionatlarında hər zaman milli yığma komandanın tərkibində qazi və fiziki imkanları məhdud idmançılarımızın da təmsil olunmalarına şərait yaratmışam. Deməliyəm ki, verdiyim dəstəyin müqabilində idmançılarımız da hər zaman ölkəmizi beynəlxalq yarışlarda ləyaqətlə təmsil etmək üçün səy göstəriblər və dəfələrlə ən yüksək nəticələrə nail olublar.
Əminəm ki, bizim birgə səylərimiz Qol güləşi idmanının ən yaxın gələcəkdə paralimpiya idman növləri sırasına qəbul edilməyinə önəmli töhvə verəcək. Bunun üçün biz bundan sonra daha böyük səylə çalışmalıyıq.
Öz tərəfimdən mən qazi və fiziki imkanları məhdud idmançılarımızın ölkədaxili yarışlarda məhz beynəlxalq qaydalara əsasən iştiraklarını təmin etmək üçün xüsusi standartlara uyğun hazırlanmış qol güləşi masasını öz vəsaitim hesabına 1500 avroya xaricdə sifariş edərək, ölkəyə gətirtmişəm. Artıq bundan sonra qazi və fiziki imkanları məhdud idmançılarımız Azərbaycanda keçirəcəyimiz bütün birincilik, çempionat və kubok yarışlarında iştirak edərkən öz görüşlərini beynəlxalq standartlara uyğun hazırlanmış masada keçirəcəklər.
Bilirsiniz ki, dekabr ayının 10-11-i tarixlərində Sabunçu rayonunda yerləşən “Bakı Gənclər Evi”ndə Qol güləşi üzrə Ölkə Kuboku yarışı keçiriləcək. Bununla bağlı, mən bütün qazi və fiziki imkanları məhdud idmançılarımıza müraciət edərək, onları bu Kubok yarışında ən fəal şəkildə iştirak etməyə çağırıram.
Həmçinin mən bu məqsədlə Federasiyamızın respublikanın bütün şəhər və rayonlarında fəaliyyət göstərən nümayəndələrinə, eləcə də Gənclər və idman idarələrinə, həmçinin aidiyyatı olan bütün qurum və təşkilatlara müraciət edərək, hər kəsdən xahiş edirəm ki, qazi və fiziki imkanları məhdud idmançılarımızın Qol güləşi üzrə Ölkə Kuboku yarışına qatılmaq məqsədilə göstərilən tarixdə Bakı şəhərinə gələ bilmələri üçün onlara hər cür dəstək versinlər. Gəlin unutmayaq ki, biz yalnız birlikdə güclü Azərbaycanıq!
Azərbaycan Qol Güləşi Federasiyasının prezidenti, 
Dünya Armrestliq Federasiyasının (WAF) prezidentinin müşaviri
Cəsarət Əhmədov

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ