SON DƏQİQƏ

Vitse-spiker Adil Əliyev Gənclər və İdman Nazirliyi yanında İctimai Şuranın üzvlərini qəbul etdi

Tarix:17-04-2023, 21:14

Gənclər və İdman Nazirliyi yanında İctimai Şuranın yaradılmasından artıq bir ilə yaxın müddət keçir. Bu ərəfədə Şura üzvlərinin Azərbaycan Respublikası Milli Məclisinin deputatı, parlamentin Gənclər və idman komitəsinin sədri, Milli Məclisin sədr müavini cənab Adil Əliyev tərəfindən qəbul edilməsi əlbəttə ki, məni də çox sevindirdi. İlk növbədə bunu deməliyəm ki, Adil müəllimin tədbirdə etdiyi çıxışı öz səmimiyyəti, demokratik, ədalətli fikirləri və əlbəttə ki, yüksək vətənpərvərlik ruhu ilə diqqəti cəlb etdi. Öz çıxışında hörmətli vitse-spiker, bir çox aktual məsələlərdən, o cümlədən işğaldan azad edilmiş ərazilərdə cənab Prezident İlham Əliyevin birbaşa rəhbərliyi ilə və nəzarəti altında aparılan möhtəşəm bərpa və yenidənqurma işlərindən bəhs etdi. Həmçinin Adil müəllim 2023-cü ilin ölkəmizdə Heydər Əliyev İli elan olunması ilə bağlı Azərbaycanın bütün şəhər və bölgələrində keçirilən silsilə tədbirlərdən danışdı.Əlbəttə ki, görüşün əsas məramlarından biri də İctimai Şuranın fəaliyyətinin müzakirə olunması, eləcə də Gənclər və İdman Nazirliyinin fəaliyyətinə dair rəy və fikirlərin öyrənilməsi idi. Bu barədə çıxış edənlər İctimai Şuranın fəaliyyətindən ətraflı danışdılar. Bundan sonra mən də söz alaraq federasiyamızı narahat edən problemlərdən bəhs etdim. Əlbəttə ki, bu problemlərdən ən başlıcası Azərbaycan Qol Güləşi Federasiyasının indiyədək hələ də akkreditasiyadan keçirilməməsi ilə bağlıdır. Artıq 8 aya yaxındır ki, bütün sənədlərimizi digər federasiyalardan da daha tez, daha tam və düzgün Gənclər və İdman Nazirliyinə təqdim etsək də, indiyə qədər federasiyamızı hələ də akkreditasiyadan keçirməyiblər. Halbuki, qətiyyən işləməyən, heç bir fəaliyyəti, hətta öz ofisi belə olmayan bir çox federasiyalar da artıq çoxdan akkreditasıya olunublar. Mən haqsızlıqla, ədalətsizliklə barışa biləcək adam deyiləm. Buna görə də görüş zamanı Gənclər və İdman Nazirliyinin federasiyamıza qarşı və şəxsən mənə qarşı açıq-aşkar qərəzli mövqeyindən danışarkən özümdən asılı olmayaraq çox kövrəldim. Lakin Allah ən böyükdür və mən əminəm ki, bir gün haqq-ədalət mütləq öz yerini alacaq!
Daha sonra mən tədbir iştirakçılarını Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə əlaqədar ölkəmizin bütün şəhər və rayonlarında yerləşən orta təhsil müəssisələrində ardıcıl olaraq qol güləşi üzrə yarış və turnirlərin keçirildiyi barədə məlumatlandırdım. Həmçinin Federasiyamızın aprel ayının 29-30-u tarixlərində paytaxt Bakıda, Bakıxanov qəsəbəsində yerləşən Bakı Gənclər Evində keçirəcəyi Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş, “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam” devizi altında Qol güləşi üzrə ümumrespublika turniri barədə ətraflı danışdım. Bildirdim ki, bütün idmançılarımız bu turnirə indiyədək görünməmiş ruh yüksəkliyi ilə hazırlaşırlar və Ulu Öndərin əziz xatirəsinə həsr olunmuş yarışa ən ləyaqətli, ən vətənpərvər gənclərimiz qatılacaqlar.

Cəsarət Əhmədov,
Dünya Armrestlinq Federasiyasının prezidentinin müşaviri,
Azərbaycan Qol Güləşi Federasiyasının prezidenti.



FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ