SON DƏQİQƏ

Beynəlxalq Olimpiya Komitəsi Azərbaycandan ÜZR İSTƏDİ

Tarix:3-08-2024, 10:05

Beynəlxalq Olimpiya Komitəsi (BOK) Azərbaycan Gənclər və İdman Nazirliyinin etiraz məktuba cavab verib.
XeberTıme.az xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Məlumata görə, BOK Parisdə keçirilən Yay Olimpiya Oyunlarının açılış mərasimi zamanı "France 2" telekanalının aparıcısının işlətdiyi ifadələrə görə Azərbaycandan üzr istəyib.
Məktubda qeyd edilib ki, bu cür sözlər Beynəlxalq Olimpiya Komitəsinin idman və Olimpiya Oyunları vasitəsilə təbliğ etdiyi prinsip və dəyərlərə ziddir. Buna görə də, bu məsələyə cavabdeh qurum və şəxslərlə əlaqə saxlanılıb və gələcəkdə belə hallara yol verilməməsi üçün BOK-un iş prinsipi və protokolları xatırladılıb.

Azərbaycan Gənclər və İdman Nazirliyi Paris-2024 Yay Olimpiya Oyunlarının yayımçısı olan “France 2” telekanalının ölkəmizə qarşı tutduğu qərəzli mövqeyə və bu hadisədən Beynəlxalq Olimpiya Komitəsinin Azərbaycana üzrxahlıq məktubunu nəzərə alaraq, Fransa hökumətinin də Azərbaycandan rəsmi üzr istəməsini gözləyir.

Xatırladaq ki, iyulun 26-da Fransanın paytaxtı Parisdə keçirilən XXXIII Yay Olimpiya Oyunlarının açılış mərasimi Azərbaycana qarşı təxribatla yadda qalıb.
Təxribata səbəb "France 2" telekanalının aparıcısı Loran Delausun olimpiya komandalarının paradının keçidi zamanı səsləndirdiyi fikirlər olub. Şərhçinin Sena boyunca bərələrlə üzən komandaların paradı zamanı dediyi sözlər Azərbaycan tərəfində etiraz doğurub.
Belə ki, Ermənistan komandası səhnəyə çıxanda fransız aparıcı deyib:

“Və təbii ki, bizim dostlarımız ermənilərdir. Ermənistan tarixən fransızların qəlbinə yaxın bir ölkədir. Ötən il Ermənistan üçün matəm ili olub və Qarabağın Azərbaycan ordusunun əlinə keçməsi və itirlməsilə nəticələnib”. 




Sözügedən hadisədən sonra Azərbaycan Gənclər və İdman Nazirliyi Beynəlxalq Olimpiya Komitəsinə etiraz məktubu ünvanlamışdı.




XeberTıme.az 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ