Bakıda ənənəvi 11-ci “ARPACHAY OPEN” beynəlxalq karate turniri keçirilib.
30–31 yanvar və 1 fevral 2026-cı il tarixlərində Sərhədçi İdman Mərkəzində şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş ənənəvi 11-ci “ARPACHAY OPEN” beynəlxalq karate turniri keçirilib. Turnir Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Karate Federasiyasının (AKF) rəhbərliyi və Arpaçay İdman Birliyinin təşkilatçılığı ilə təşkil olunub.
Yüksək təşkilatçılıq səviyyəsində davam edən turnir böyük maraqla qarşılanıb. Yarışda şəhid ailələri, qazilər, Milli Məclisin deputatları, Gənclər və İdman Nazirliyinin nümayəndələri, Azərbaycan Karate Federasiyasının idarə heyətinin üzvləri, idman federasiyalarının rəhbərləri, tanınmış idmançılar, eləcə də sponsorlar və ictimai təşkilatların təmsilçiləri iştirak ediblər.
Beynəlxalq turnirdə 12 ölkədən 1300-dən çox idmançı və 12 beynəlxalq dərəcəli hakim, ümumilikdə 50-yə yaxın hakim iştirak edib. Yarışlar karate idman növünün kata və kumite bölmələri üzrə keçirilib. Uşaqlar, yeniyetmələr, gənclər, böyüklər və veteranlar bütün çəki və yaş kateqoriyaları üzrə mübarizə aparıblar.
Bu mötəbər yarışda Sumqayıt şəhər 23 saylı tam orta məktəbin 9E sinif şagirdi Zəhra Hüseynovada iştirak edərək fəxri kürsünün III pilləsinə yüksələrək bürünc medala layiq görülmüşdür.
Xatırladaq ki, Zəhra Hüseynzadə “Qara Briliyant” klubunda Azərbaycan karateçisi, 5 dəfə dünya çempionu, 11 dəfə Avropa çempionu dünya idmanının “Qara Briliyant”ı Rafael Ağayevin yetirməsidir. Məşqiçiləri Pərviz Quliyev, Elnurə Ağayevadır. Zəhra Hüseynzadə yeddi ildir karate idman növü ilə məşğuldur, dəfələrlə beynəlxalq yarışların, respublika çempionatların qalibi olmuşdur.
Bizdə “XeberTıme.az” İnformasiya Portalı olaraq 15 yaşlı çempionumuzu növbəti uğuru münasibəti ilə ürəkdən təbrik edirik ona bol-bol qalibiyyət arzulayırıq.


Yeganə Telmanqızı
XeberTıme.az