SON DƏQİQƏ

Mərkəzi Bankın pul-kredit siyasəti ilə bağlı göstəriciləri AÇIQLANDI 16

Tarix:25-06-2021, 00:01

Bu ilin 31 may tarixinə fəaliyyətdə olan bankların cəmi aktivləri 33,810.7 mln. manat, cəmi öhdəlikləri 29,058.2 mln. manat, balans kapitalı isə 4,752.5 mln. manat olub.
XeberTıme.az Azərbaycan Mərkəzi Bankının yaydığı hesablamalara əsasən verdiyi xəbərə görə, bu ilin yanvar-may aylarında banklar 273.2 mln. manat xalis mənfəət, 411.2 mln. manat əməliyyat mənfəəti əldə ediblər. Mayda bank sektorunun cəmi aktivləri 3.1% və ya 1,014 mln. manat artıb. Cəmi aktivlərin 43.5%-i kredit portfelindən ibarətdir. Bankların kredit portfeli mayda 0.5% (79.6 mln. manat) artaraq 14,691.4 mln. manat təşkil edib.

Sektorun cəmi öhdəlikləri mayda 3.5% və ya 992.7 mln. manat artıb. Cəmi öhdəliklərin 76%-i depozit portfelindən (maliyyə institutlarının depozitləri çıxılmaqla) ibarətdir. Əhalinin bank sektoruna olan inamının əsas göstəricilərindən olan fiziki şəxslərin banklarda olan əmanətlərində artım müşahidə olunub. Belə ki, mayda fiziki şəxslərin əmanətləri (sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri çıxılmaqla) 3.1% (258.1 mln. manat) artaraq 8,478 mln. manat olub.

Son hesablamalara görə, müddətli əmanətlər 1.7% və ya 81.2 mln. manat artaraq 4,981.3 mln. manat təşkil edib. Müddətli əmanətlərin artımı əsasən milli valyutada olan əmanətlər hesabına baş verib (2.5% və ya 61.6 mln. manat). Hüquqi şəxslərin cəmi depozitləri mayda 3.4% (445.2 mln. manat) artaraq 13,587.5 mln. manat olub, artım əsasən tələbli depozitlər hesabına baş verib (2.9% və ya 320.9 mln. manat).

Hüquqi şəxslərin tələbli depozitləri cəmi hüquqi şəxslərin depozit portfelinin 83.5%-ni təşkil edib. İlin əvvəlinə nəzərən cəmi kredit portfelində (BOKT-lar daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı 0.1 faiz bəndi azalaraq 6% təşkil edib. Qeyd olunan göstərici ötən ilin müvafiq dövrünə nisbətən 1.3 faiz bəndi, 2020-ci ilin orta illik göstəricisinə nisbətən 1.4 faiz bəndi azalıb.

Monetar sektor

AMB monetar sektorda həyata keçirilən işlərlə bağlı da məlumat yayıb. Belə ki, may ayı üzrə qeyri-neft ticarət çəkili nominal effektiv məzənnə (NEM) ilin əvvəlinə nəzərən 1.5%, real effektiv məzənnə (REM) isə 2.1% bahalaşıb. NEM-in bahalaşması əsas ticarət tərəfdaşı olan ölkələrin məzənnələrinin manata qarşı ucuzlaşması ilə əlaqədardır.

REM-in bahalaşmasını şərtləndirən əsas amil isə NEMin bahalaşması və inflyasiya göstəriciləri arasındakı fərqdir.

Dövr ərzində manatla geniş mənada pul kütləsi (M2) 723.1 mln. manat artaraq 21,612.5 mln. manat təşkil edib. Geniş mənada pul kütləsi (M3) isə 703.1 mln. manat artaraq 30,457 mln. manat olub.

Bank sektorunun xarici öhdəlikləri 85.6 mln. manat artaraq 1 165.1 mln. manat (685 mln. ABŞ dollar ekvivalenti) təşkil edib. Xarici öhdəliklərdəki qeyd olunan dəyişiklik qeyri-rezident hüquqi şəxslərin cari hesablarındakı artımla əlaqədardır.

Ödənişlər sektoru

Bank sistemi üzrə may ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 74 min ədəd artaraq 9 milyon 972 min təşkil etmişdir. Keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 18% artıb.

Ödəniş kartlarında artım debet kartları üzrə 16%, kredit kartları üzrə 30% təşkil edib. Ötən ilin müvafiq dövrünə nəzərən əməkhaqqı kartlarının sayı 272 min, sosial kartlar 73 min, kredit kartları 269 min, digər kartlar isə 887 min ədəd artıb.

Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərib. Belə ki, ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin 5 ayı ilə müqayisədə 55% artıb. 2021-ci ilin 5 ayı ərzində kartlar vasitəsilə həyata keçirilən nağdsız ödənişlərin həcmi 3489 mln. manat təşkil edib. Həyata keçirilən nağdsız ödənişlərin 1846 mln. manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 1437 mln. manatı POS-terminallar, 206 mln. manatı isə ATM-lər vasitəsilə gerçəkləşdirilib. May ayı ərzində ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ümumi əməliyyatların 28%-ni təşkil edib.

Bankların ödəniş xidməti şəbəkəsi üzrə dinamik artım müşahidə olunur. Belə ki, keçən ilin may ayının sonu ilə müqayisədə bankomatların sayı 9%, POS-terminalların sayı 8.4% artıb.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ