SON DƏQİQƏ

Qafiyə və əruz elmini tədris edən qəzəlxan

Tarix:14-06-2021, 00:40

Bu günlərdə Süvəlanda Şeyx Nizami Gəncəvinin 880 illik yubileyi ilə bağlı musiqili ədəbi bədii gecədə  Gülbala Fənai ilə tanış olduq və onun söylədiyi qəzəl məni çox sevindirdi.Bir vaxtlar Vahid Poeziya evində Həkim Qəni, Ənvər Nəzərli in, Şahin Fazilin, Hacı Rafiqin iştirakı ilə keçirilən məclisdə Bakı kəndlərindən gəlmiş yeniyetmə gənclərin əruzu necə gözəl bilmələri məni çox sevindirirdi.
Gülbala Fənainin şeirləri mükəmməldir.
Balaəhmədov Gülbala (Fənai) Yusif oğlu 1976-cı ilin sentyabr ayının15 də  Bakı şəhərinin Maştağa kəndində, dünyaya göz açmışdır. Mastağada yerləşən 187 nömrəli orta məktəbi bitirəndən sonra,1992-ci ildə ali dini təhsil almaq üçün İran İslam Respublikasına səfər edib, müqəddəs Qum şəhərində dini mədrəsəyə qəbul olmuşdur. Allahın lütfü sayəsində Ərəb və Fars dilləri, Üsul, Fiqh, Məntiq, Təfsir, İslam tarixi, Fəlsəfə və s... elmlərini müqəddəs Qum şəhərinin görkəmli ustadlarından təhsil edib, 2001-ci ildə doğma vətəni Azərbaycana qayıtmışdır.
İran İslam Respublikasının Qum şəhərində, Azərbaycan tələbələrinə məxsus olan tərcümə mərkəzində uzun müddət çalışmış, bir çox dini kitabların mütərcimi və redaktoru olmuşdur. Ədəbiyyatı özünə ixtisas seçən Gülbala Fənai, müxtəlif janrlarda şerlər yazmaqla yanaşı, Mastağa kəndində "Saqiyi Kövsər" ədəbi məclisini tə'sis etmişdir. O Azərbaycanda və İranın, Məshəd, Təbriz və Ürumiyə şəhərlərində keçirilən şer müsabiqəsində dəfələrlə birinci yerə laiq görülmüşdür.
2015-ci ildə onun "Seçilmiş əsərlər" adlı şer kitabı isıq üzü görmüşdür. Hal hazırda dini fəaliyyətlə yanaşı ədəbiyyat sahəsində Qafiyə və Əruz elmlərinin tədrisi ilə məşğuldur.
Qələm dostumuzu oxucularla daha ətraflı tanış edərək bir neçə qəzəllərini təqdim edirik;

Gəzər dünyadə rahətlik, onu əmma bəşər tapmaz,
Bu möhnət vadisində eyləyər ömrü hədər, tapmaz.

Bu bir sözdür ki, misdaqın Xuda xəlq etməyib əsla,
Odur, məxluqi-aləmdən o halı bir nəfər tapmaz.

Necə dünya malın insan itirsə axtarar hər gün,
O tərz ilə əgər axtarsa Allahın məgər tapmaz?!.

Quyu dolmaz su tökməklə, gərək zatında olsun su,
Hünər göstərmək ilə bihünər şəxsə, hünər tapmaz.

Xəcil eylə yamanı yaxşılıqla, yaxşı insanlar
Ədudən intiqam almaqla düşmanə zəfər tapmaz.

Ziya tapmaqdısa qəsdin çevirmə arxanı həqqə,
Ziyasın, üz çevirsə şəmsdən, əlbət qəmər tapmaz.

Əmiq etsin könüldə eşqini aşiq gərək yarə,
Əgər baş vurmasa ğəvvas dəryayə, gühər tapmaz.

Vücudin fəhm edən kəslər, tapar aləmlərin Rəbbin,
O şahı axtara hər gəh özündən bixəbər, tapmaz.

Dəmi-xilqət Xuda nəfx eyləyib insana ruhundan,
Tapan öz nəfsini, fikr et Fənai, gör nələr tapmaz?!.

Hacı Gülbala Fənai.

Heca...

Torpaq öz daşına düşmən kəsilib,
Göz, axan yaşına düşmən kəsilib,
Qardaş, qardaşına düşmən kəsilib,
Yaddan nə umursan özunə, qardaş?

Çalış mərd olanı çəkmə sınağa,
Xeyr işdə özünü vermə qırağa,
Namərdə əl tutma, dursa ayağa,
Vurarsan başına, dizinə, qardaş!

Otur-dur himməti sən dağ adamla,
Yoldaşlıq eyləmə sarsaq adamla,
Əvvəldən iş görmə alçaq adamla,
Axırda durmasın üzünə, qardaş!

Qoy pislər yaxşını vecə almaya,
Xeyirdən təki o dala qalmaya,
Axırda bir nəfər qala-qalmaya,
Desən də əvvəldən yüzünə qardaş.

Cəhd elə çəpərsiz olmasın bağın,
Dostların olsa da, həm solun, sağın,
Qanmaza yedirtmə gözünün yagın,
Heyifin gəlmirmi gözünə, qardaş?

Fənai, bilirsən düzün sirrini,
Eşqdən közərən közün sirrini,
Naəhlə söyləmə sözün sirrini,
Zülm etmə qızıl tək sözünə, qardaş!

Hacı Gülbala Fənai.


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ