Bu günlərdə tanınmış ədəbiyyatçı alim, yazıçı, "Həkəri" qəzetinin redaksiya heyətinin Fəxri üzvü, Azərbaycan Dünyası beynəlxalq əlaqələr mərkəzinin prezidenti, general,əməkdar incəsənət xadimi, filologiya elmləri doktoru, şair - publisist Yasif Nəsirli məni gənclik və tələbəlik dostu, filologiya elmləri doktoru , yazıçı İmaməddin Zəkiyevlə yaxından tanış etdi. İmaməddin müəllim mənə tərtibçisi və redaktoru olduğu ,yenicə çap olunmuş " Xatirələrə sığmayan ömür" kitabını hədiyyə etdi .Kitab yazıçı, şair,alim, tərcümə'i, jurnalist,millət vəkili , ictimai - siyasi xadim Ramiz Əhmədovun ziyalı ömrünün mənzərəsini əks etdirir. İki saatdan çox keçən maraqlı görüşdə Yasif müəllim və İmaməddin müəllim dostları Ramiz Əhmədova bağlı kövrək xatirələr söylədilər. Ramiz Haşim oğlu Əhmədov orta məktəbi əla qiymətlərlə bitirmiş , BDU - nin jurnalistika fakültəsini və SSRİ İctimai Elmlər Akademiyasıni fərqlənmə diplomu ilə başa vuraraq, fəlsəfə elmi dərəcəsi almışdır.
O, bir sıra məsul vəzifələrdə qüsursuz, ləyaqətlə işləmişdir.
Ömrünün son illərində Millət vəkili seçilmişdir ( 2000- 2005) .
Bu kitabda geniş erudisiyalı şəxsiyyət və iti qələm sahibi haqqında bəzi müasirlərinin , ailəsinin və qohumlarının, onu yaxından tanıyan dostlarının ürək sözləri toplanmışdır.
Saysiz- hesabsız şeir, oçerk, məqalə , müsahibə, elmi- tədqiqat işi , tərcümə, əsəri və bir neçə iri həcmli maraqlı kitabların müəllifi olan Ramiz Əhmədovun şərəfli ömür yolunu mükəmməl öyrənmək üçün bu xatirələr toplusu ən etibarlı nəşrlərdə biridir. Bu xatirələrin toplanmasında İmaməddin müəllimə Ramiz müəllimin vəfalı ömür-gün yoldaşı Zemfira xanım Əhmədovanın köməyi böyük olmuşdur. Kitabda Ramiz müəllimin qardaşı Xanmurad Əhmədovun, vəfalı dostları Yaşıf Nəsirlinin, Əhməd İsayevin, Bəxtiyar Sadıqovun, Arif Rəhimzadənin, Ziyad Səmədzadənin, Flora Sadıqovanın və bir çox tanınmış qələm sahiblərinin kövrək xatirələri, ürək sözləri toplanmışdır.
Kitabın "Şəkillərdə yaşayan izlər" bölümündə şəkillər də sanki dil açır, Ramiz Əhmədovun mötəbər məclislərdə, kütləvi tədbirlərdə çəkilmiş fotoları bir şəxsiyyətin ömür yolunundan mənalı anlarını əks etdirir.
Ömrünün mənasını vətəninə, xalqına insanlara xidmətdə görən Ramiz Əhmədov dostluğun və insanlığın ləyaqət simvolu idi. Onu da qeyd edim ki, Ramiz Əhmədov "Kommunist ( indiki Xalq qəzeti) qəzetinin baş redaktoru işləyərkən bu qəzeti daha çox izləyirdim .
Çünki, nəhəng jurnalistlər İsrafil Nəzərovun, Ağababa Rzayevin baş redaktoru işlədiyi dövrlərdə atam ,şair- jurnalist İlyas Allahverdiyev də bu qəzetin uzun illər bölgələr üzrə xüsusi müxbiri işləmiş və qəzetin indikindən fərqli olaraq necə böyük nüfuzlu bir dövlət orqanı olduğunu o dövrün insanları daha çox hiss edirdilər.
Tənqidi yazılar MK da müzakirə olunar, əgər jurnalist qərəzli yazırdırsa, tənbeh olunar, əgər faktlar düz olurdusa,rayon katiblərinin, müftəxor,rüşvətxor məmurların məsələsi büroda müzakirə olunaraq dərhal işdən azad olunurdular.
Ramiz Əhmədov da saf , kristal , dürüst şəxsiyyət idi. Baş redaktor olduğu qəzetdə bir- birindən kəskin yazıları bütün respublikaya səs salmışdı. Mətbuata verilən müstəqilliyi, söz azadlığını ürəkdən alqışlayırdı. Son vaxtlar xəstəliyi ona imkan verməsə də ömrünün sonuna qədər qələmdən ayrılmadı.
Şərəfli bir ömür sürmüş Ramiz Əhmədovun xoş xatirəsi bu gün də doğmalarının,dostlarının qəlbində əbədi yaşayır və ehtiramla xatırlanır .
Rauf İlyasoğlu