22 iyul 2022-ci il tarixində Şəki Şəhər İcra Hakimiyyətinin və Şəki Regional Mədəniyyət İdarəsi şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) birgə təşkilatçılığı ilə Şəki şəhərində yerləşən Heydər Əliyev Mərkəzində “Möhtəşəm Zəfərin Nişanəsi” adlı kitabımın təqdimat mərasimi keçirildi. Vətən uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə haqqında kitabda bəhs olunmuş İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonlarından olan 30 nəfər Şəhidimizin ailə üzvləri, Şəki ŞİH-in, Şəki şəhər Mərkəzi Kitabxanasının, Təhsil şöbəsinin əməkdaşları, eləcə də fəallar və gənclər iştirak etdilər.
Tədbiri Azərbaycan Yazıçılar Birliyinin Şəki regional şöbəsinin sədri hörmətli şairimiz Vaqif Aslan giriş sözü ilə açdı. Tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin əməkdaşı Anar Məmmədov, Şəki Mərkəzi Kitabxanasının direktoru Kəmalə İsmayılova, kitabxananın əməkdaşı Dilbər Yaqubova, şəhid anaları İlkinbar Səmədova, Laləzar Nuhuyeva, jurnalist Çingiz Nağıyev, filologiya elmləri doktoru, professor Asif Rüstəmli, AMEA Şəki Regional Elmi Mərkəzinin əməkdaşı İradə Yusifli çıxış etdilər. Onlar öz çıxışlarında “Möhtəşəm Zəfərin Nişanəsi” adlı kitabım haqqında təəssüratlarını bölüşdülər və mənə uğurlar arzu etdilər.
Şəki şəhər MKS-ın əməkdaşı Dilbər xanım Yaqubova vətənpərvərlik mövzusunda yazdığım “Azərbaycan əsgəri” və “Var ol, Azərbaycanım!” adlı şeirlərimi tədbir iştirakçıları üçün səsləndirdi.
Tədbirin sonunda şəhid ailələrinə və tədbir iştirakçılarına müəllifi olduğum kitablar hədiyyə olundu.
Allah bütün şəhidlərimizə rəhmət eləsin. Amin.
Vətənimlə və vətənimin biz gənclərə dəyər verən ziyalıları ilə fəxr edirəm!
SEVİNDİK NƏSİBOĞLU
9-cu sinif şagirdi, şair-publisist, AJB üzvü
22.07.2022