SON DƏQİQƏ

Ağalı kəndinə qayıdışın başlanması cəmiyyətimizdə sevinc və məmnunluq hissi doğurub

Tarix:30-07-2022, 10:28

İşğaldan azad edilmiş ərazilərdə ilk yeni yaşayış məskəni kimi salınan Ağalı kəndinə qayıdışın başlanması cəmiyyətimizdə sevinc və məmnunluq hissi doğurub. Bu FACEBOOK sosial şəbəkəsi istifadəçilərinin Böyük Qayıdışla bağlı rəylərindən də aydın görünür. Bu rəylər məzmunca müxtəlif olsa da, mahiyyətcə, mənaca eyni ruhdadır: “Zəfərimiz, qayıdışımız mübarək olsun, xeyirli-uğurlu olsun!”Arif Məmmədli, şair-jurnalist:

- Vətən müharibəsində şanlı qələbəmizdən sonra artıq ilk qayıdış köçü Zəngilan rayonunun Ağalı kəndinə oldu. Bəlkə də, ilk mərhələdə köçürülən ailələrin sayı çoxlarına bir qədər az görünə bilər. Amma mövcud reallıqları və çətinlikləri nəzərə alaraq, bu mərhələni Böyük Qayıdışın başlanğıcı hesab edirik. Qarışıq duyğularla öz doğma yurdlarına qədəm qoyan insanların keçirdikləri hissləri sanki özüm yaşayıram. Bu qayıdış tezliklə Laçına dönəcəyim günün də sevinc müjdəçisidir. Axı, biz bu qayıdışı düz 30 il səbirsizliklə gözləmişik. Bu gözləntinin gerçəyə çevrilməsinin sevincini yaşamaqdan gözəl nə ola bilər?

Üzümü bütün Ağalı sakinlərinə tutub: “Gözünüz aydın, qədəmləriniz yüngül, sağ əliniz başımıza olsun, həmişə  öz evinizdə-obanızda!” - deyirəm.

Bir vaxtlar doğma ev-eşiklərini ağlaya-ağlaya tərk edən insanların indi gülə-gülə və yaxud sevinc göz yaşları ilə geri dönüşü həm də qürurumuzun dikəlməsidir. Bu qayıdışa görə ilk növbədə şəhidlərimizin müqəddəs ruhu qarşısında baş əyir, qazilərimizə sonsuz sayğılarımızı çatdırırıq. Zəngilandan başlayan bu qayıdış köçünün yaxın gələcəkdə Füzuli, Qubadlı, Ağdam, Şuşa, Ağdərə, Xocalı, Laçın və Kəlbəcərədək uzanacağına inanırıq. Qayıdışınız mübarək olsun, əziz soydaşlarım!

*

Fasih Alıoğlu, 25 ildir Azərbaycanda yaşayan Türkiyə vətəndaşı:

- Vətən uğrunda minlərlə şəhid verən bir xalqıq biz. Bunun nəticəsində Zəfəri qutlamaq, qələbə çalmaq təbii ki, sevindiricidir. Bilirsiniz də, bizim tədbirlərimizdə, tədbirlərin axırlarında hər kəsin bir sözü vardı ki, gün o gün olsun, belə tədbirlərimizi, şad günlərimizi Şuşada, Kəlbəcərdə, Laçında, Ağdamda və Qarabağın hər bir guşəsində qeyd edək. Yəni, bu, həmişə bir arzu idi ürəyimizdə. Çox şükür ki, artıq bu arzumuz gerçəkləşdi, torpaqlarımız düşmən tapdağından azad edildi. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə güclü Ordumuzun, xalqımızın birliyi ilə, haqqımızın gücü ilə, ordu, xalq, dövlət, birliyi ilə biz bu qələbəni çaldıq, bu zəfəri əldə etdik. Bunun nəticəsində də ilk qayıdış Zəngilana oldu. Bu da çox sevindirici bir hadisədir. Biz də onlarla sevinirik. İnşallah, bizə də nəsib olar, gedib Qarabağ torpaqlarını ziyarət edərik. Bu, mənim də ən böyük arzumdur. Zəfərimiz, qayıdışımız mübarək olsun, xeyirli-uğurlu olsun!

*

Salman Xudaverdiyev, Vətən müharibəsi qazisi:

- Əsas odur ki, ərazi bütövlüyümüz bərpa olundu. Mən ilk müharibənin qazisi olsam da, yenə də hərbidəyəm. Bizim ordumuz lazım olan yerlərdədir. Ali Baş Komandanımız sağ olsun ki, bu günü Azərbaycan xalqına yaşatdı. Biz Zəfər qazandıq və artıq 200 nəfər Zəngilana köçürülüb. Hazırda işğaldan azad olunan həm Qarabağda, həm də Şərqi Zəngəzurda minalardan təmizlənmiş ərazilərimizdə böyük işlər ardıcıllıqla görülür, yəni mən bunların şahidiyəm və inanıram ki, tezliklə digər soydaşlarımız da bütün işğaldan azad olunmuş ərazilərə - öz ata-baba yurdlarına qayıdacaq­lar.

Mən Zəngilanın Ağalı kəndinə qayıdan hər bir soydaşımın sevincinə şərikəm, onların doğma yurdlarına qayıtması üçün canlarını, qanlarını bu Vətənə qurban edərək torpaqlarımızı düşmən tapdağından azad edən şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Qazilərimizə cansağlığı arzulayıram. Məcburi köçkünlüyü başa çatan soydaşlarıma öz doğma və yeni evlərində firəvan həyat arzulayıram.

*

Yeganə Məmmədova, keçmiş məcburi köçkün:

- Şükür Allaha ki, nəhayət, həsrətlə gözlədiyimiz gün gəldi, torpaqlarımız düşmən tapdağından azad edildi. Ağır bir sınaqdan çıxdı xalqımız. İtkilərimiz, şəhidlərimiz olsa da, “Torpaq uğrunda ölən varsa, Vətəndir”! Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə cansağlığı diləyirəm. Bizə bu zəfəri yaşadan Ali Baş Komandanımız İlham Əliyevə cansağlığı arzulayıram. Zəngilana qayıdış, elə Qubadlıya qayıdışdır, mənə görə... Bizim də yolumuza elə Zəngilandan işıq düşəcək, biz də doğma yurd-yuvalarımıza qayıdacağıq. Ağalı kəndinin möhtəşəm görüntüsünü görəndə qəlbimiz fərəhlə dolur. 27-30 ilin həsrəti də bitərmiş, şükürlər olsun... Mən Ağalıya köçən soydaşlarıma sevincləri ilə sevinirik demək istəyirəm. Allah öz doğma evlərinizdə sizə xeyir-bərəkət versin. Yanan işıqlarınız daim bərq vursun...

*

Seyran Əliyeva, Zəngilan rayonu:

- Torpaq çox müqəddəsdir, torpaq çox əzizdir. Düzdür, deyirlər övlad hər şeydən əzizdir, atadır-anadır, amma mən elə düşünmürəm. Mən düşünürəm ki, ata da, ana da, nəyin üstündəyiksə odur. Biz, müqəddəs, əziz torpağımızın üstündəyik. Ona görə də o bizə ana qədər əzizdir, doğmadır. Əlbəttə, 30 ildən çoxdur o torpağımız üçün mən də darıxmışam. Nəhayət, Allah yol açdı, Prezidentimizin rəhbərliyi ilə Böyük Qayıdış başlanıb. Onlar gedib öz evlərindən televiziyalara müsahibə verəndə onların üzündən yağan sevinc mənə də bəs edir. Müqəddəs torpaqlarımıza qayıdışdan gözəl bir şey yoxdu. Arzu edirəm ki, tezliklə həm Qarabağa, həm də Şərqi Zəngəzura qayıdış edək.

*

Aybəniz Əliyar, şair:

- İnsan harda və hansı şəraitdə yaşamasından asılı olmayaraq doğma yurd, doğulub böyüdüyü torpaq müqəddəs Vətəndir.

Bu günlərdə 29 ildən çox qaçqın, məcburi köçkün həyatı sürmüş insanlarımızın həmin didərgin həyatına son qoyuldu.

Vətənin hər qarışı doğmadır. Ancaq ata-ana yurdu bir başqadır axı... İlk müjdəni aldıq, qayıdış başladı. Hətta bu həsrətə ürəyi dözməyən anamız da oldu, haqq dünyasına öz yurdunda qovuşdu. Bunun da bir özəlliyi var. Əlbəttə, hamımız toy-nişan xəbəri gözləyirdik. Uca Tanrı bu birliyimizi, bu qələbəmizi, zəfərimizi daim eləsin...

*

Sadiq Qarayev, yazıçı, alim:

- Bu hadisə dövlətin, Prezidentin qətiy­yətlə, ardıcıllıqla Böyük Qayıdış proqramını həyata keçirməsinin göstəricisidir. Azad olunmuş torpaqlarda yollar çəkilir, ərazilər minalardan təmizlənir, hərbi hissələr qurulur. Yaşayış məskənləri sıfırdan, yenidən salınır. Beləliklə, 30 il bizi gözləyən torpaq­lara biz real olaraq qayıdırıq. Gün gələcək, o biri yurdlara da bax beləcə, sevinc və qürurla qayıdacağıq.

Hazırladı:  

Tahirə AĞAMİRZƏ



FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ