"Həkəri" qəzetinin baş redaktoru, dostum, şair publisist Rauf İlyasoğlunun Şuşanın düşməndən azad olunmasına iki gün qalmış şəhid olmuş qardaşı oğlu Asiman Niyaz oğlunun əziz ruhuna
Sən yerdə doğuldun,yer oldu anan,
Bəs niyə sığmadın yerə, Asiman ?
Dar gündə vətənin, elin,obanın,
Döndün igidinə, ərə, Asiman!
Qəlbi vətən eşqli igidlər, çağlar,
Düşmənin bağrını odlayar, dağlar.
Kəsmədi yolunu nə uca dağlar,
Nə sal qayalarlı dərə, Asiman!
Bayrağı , silahı hər an əlində,
Alovdan biçilmiş libas əynində.
Hünər meydanında, düşmən önündə,
Bənzədin aslana , nərə, Asiman!
Çaldığın zəfərin duymadın dadın,
Sönməz ürəklərdə atəşin, odun.
Şəhidsən, şərəflə çəkilər adın,
Adınla öyünür hərə Asiman!
Yədulla Ləkinli
12 Noyabr 2020