SON DƏQİQƏ

Hər kəsin könlündə bahar olub, özü payızda köç edən insan...

Tarix:29-11-2022, 02:45

Əziz müəllimim Nazım BababəyliHarada olursa olsun çoğrafiyadan, xüsusilədə Naxçıvanın coğrafiyasından, tarixindən danışanda dinləyənlərin ilk sualı “müəllimin kim olub?” sualı olur. Qürurla, fəxrlə “Nazim Müəllim!” olub deyirəm. Çünki o, təkçə mənə deyil, bütün tələbələrinə verdiyi bilikləri o qədər dəqiqliklə, həvəslə, heç yorulmadan öyrətmişdiki, bizdə danışanda onun kimi olmağa şalışırdıq. Onun üslubiyyəti, öyrətmə səmimiyyəti və saysız hesabsız insani dəyərlər üzərində qurduğu ünsiyyət hər bir tələbəsinin idealı idi. 
Mən Nazim müəllimi 1998-ci ildən tanıyram. O, zaman mən 10-cu sinifdə oxuyurdum. Naxçıvanın ən ağır günləri idi. Bu ağır günlərdə ən böyük dəstəkçimiz Nazim müəllim idi. O, zaman “Yeni Naxçıvan”da eyni məhəllədə yaşayırdıq. Nazim müəllim öz mənzilində abuturiyyentlərin coğrafiya fənni üzrə hazırlığına başlamışdı. Elektrik enerjisinin, suyun, istiliyin fasilələrlə verildiyi bir vaxtda müəllimimiz bizim üçün əlverişli şərait qurmaq üçün əlindən gələni edirdi. O, bizə heç yorulmadan coğrafi biliklər verir, xəritələri dəqiqliklə öyrədir, verdiyi bütün suallarına düzgün cavab verməyimiz üçün çalışırdı. Onun şirin zarafatları, mülayim danışıq tərzi, hamının diqqətini çəlb edən nitqi dərsi o, qədər maraqlı edirdi ki, zamanın neçə keçdiyinin fərqində belə olmurduq. Coğrafiyanı, təbiəti, günəşi, ulduzları, vətənin hər dağını, çayını, hər bitkisini sevdirmişdi bizə Nazim müəllim. Verdiyi coğrafi biliklər ömrümüzün hər anında nurlandırdı yolumuzu. Onun ali məktəblərə hazırladığı hər bir şagird ali təhsil oçaqlarının ən yaxşı tələbəsi oldu. Nazim müəllim tanığı hər bir gəncin, tələbənin həyatında etdiyi yaxşılıqlarla, açdığı uğurlu yollarla öz izini qoydu. O, hamının mənəvi atası, qayğıkeş qardaşı, xalqın əvəzolunmaz bir ziyalısı idi. Tələbələri ilə heç vaxt əlaqələrini kəsməzdi, hər zaman maraqlanan, yol göstərən, dəstək olan bir insan kimi ürəyinin işığından hər kəsə pay verərdi Nazim müəllim. İllər ötsədə, tanıdığım gündən bu günə qədər onun tövsiyyələrinin, məsləhətlərinin, səmimi söhbətlərinin işığından bəhrələndim. İnsanlara dəstək olmağı, həyatda hər şeyə rəğmən pozitiv və səbrli, təmkinli  olmağı Nazim müəllim öyrətdi bizə. Dünənimizə dəstək olduğu kimi, bu günümüzdə də hər zaman dəstəyini, xeyirxahlıqını hiss etdik. Dəfələrlə Naxçıvanın müxtəlif yerlərinə ekskursiyalarda Nazim müəllimlə birlikdə iştirak etdik. Uşaqların nazını çəkən, şirin söhbətləri, əyani izahları, səlis nitqi ilə hamının sevimlisi olan Nazim müəllim balaça uşaqlarında yaddaşında, xatirəsində özünə məxsus bir yerə sahidir. Çünki o, təkçə coğrafiyaçı alim deyildi, həm də gözəl rəssam, fotoqraf idi. Uşaqlara verdiyi hər məlumatı o, qədər maraqlı təqdim edirdi ki, heç vaxt onun verdiyi coğrafi, tarixi məlumatları yadda saxlamamaq mümkün deyildi.  Onun mənəvi dünyası hər rəngdə, hər çalarda işıq saçırdı. Onun süfrəsində hər kəsə yer vardı. Onun ürəyində hər kəsə məhəbbət, sevgi, səmimiyyət üst mərtəbədə idi. Nazim müəllim elin atası, çoxlarının qardaşı, arxası, dayağı idi. Ürəyində zərrə qədər pislik, paxıllıq, xəsislik  olmayan, mənəviyyatı kamil bir insan idi Nazim müəllim. 
Nazim müəllim dünyanın çox ölkəsini gəzib, coğrafiyasının şahidi olmuşdu. Özünün də dediyi kimi, Atlantik okenının suyunda əlini yuyub, Volqa çayından keçmişdi. Dünyanın, Azərbaycan xəritəsinin hər zərrəsini əzbər bilən alimdən dərs almaq, coğrafiya elmini sevmək, onun gözəlliklərini dərk etməyə geniş, işıqlı yollar açırdı. Hər bir təbiət hadisəsini, hər bir cismi o, qədər aydın və hamının başa düşəcəyi dildə izah edirdi ki, onun izahını anlamamaq mümkün deyildi. Nazim müəllimin iştirak etdiyi verilişlər, tədbirlər, ekskursiyalar həyatımızın ən gözəl günləri kimi xatirəmizdə yaşayır. Çünki mənəviyyatı kamil bir insanı unutmaq mümkün deyil. Azərbaycan coğrafiyasında, elm aləmində təkçə ensklopedik biliyə malik olması ilə deyil, həmdə yüksək insani dəyərləri özündə cəmləşdirən Nazim müəllim mənəviyyatı kamil bir alim olaraq nəsillərə nümunə bir şəxsiyyətdir. Bu gün qürurluyam ki, Nazim müəllimin elminin nurundan qidalanmışam, mənəviyyatının gözəlliyindən örnək almışam. Alimlər, xalqın yolunda şam yandıranlar, hər könüldə yeri olan insanlar heç bir zaman ölmür. Daima yaşayır, yaşadılır xoş niyyəti xoş məramla xatırlanlr. Nazim müəllmi cismani itirsəkdə onun bizə miras qalan elmi, mənəvi dəyərləri, insani keyfiyyətləri, əsil insan olmaq örnəyi daima könüllərdə əbədi olaraq yaşayacaq. 
Xatirən hər zaman mənim üçün əzizdir əziz müəllimim!    
                                                                                           

Ulduz Eyvaz                                                                      
“Qızıl Qələm” media mükafatçısı

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ