SON DƏQİQƏ

ŞEİRLƏRDƏ YAŞAYAN ŞAİR ÖMRÜ — MƏMMƏD ARAZ VƏ YA GÜLXANIM FƏTƏLİQIZININ “MƏMMƏD ARAZLI GÜNLƏRİM” KİTABININ SEHRİNDƏ

Tarix:5-12-2022, 00:40

Şair olmaq, təbii ki, heç də asan məsələ deyil. Əgər bu yolu tutmusansa, yarı yolda kağızını, qələmini qoyub qaçmamalısan. Belə ki, əsl şair olmaq üçün dözüm, səbir, təpər, hünər, mətanət və dəyanət lazımdır, bunların hamısı əgər bir şairdə cəmləşirsə, o şair əsl şairdir. Bir də ən əsası, şair xalqın, millətin sözçüsü olmalıdır. Bəzən bir millətin dili lal olanda onu oyatmaq, onun əvəzindən onun duyğularına tərcüməçilik etmək vəzifəsi şairin üzərinə düşür. Şair su kimi şəffaf olmalıdır, insan ürəyinin qupquru səhralara döndüyü zaman bir şeiri ilə onun ürəyinə yol tapmalı, su səpməli, onun yanan qəlbini sərinlətməli və ona dözüm, taqət verməlidir. Xalq şair olmasa da, şair xalq olmalıdır. Özünü millətinin, millətinə mənsub olan hər bir fərdin, hətta lazım gələndə dünyanın da yerinə qoymalıdır. Bəzən özünü dünya hesab edib fikirləşməlidir ki, bu dünyanın axırı hara gedir və bu düşüncələrin nəticəsində “dünya sənin, dünya mənim, dünya heç kimin” deyərək bəşər övladını hərislikdən, artıqtamahlıqdan, acgözlükdən uzaq olmağa səsləməlidir. Şair bəzən Uca Allahla onun xəlq etdiyi insan arasında körpü rolunu da oynamalıdır. “Ya Rəbbim, bu dünya Sən quran deyil” deyərək bəşəriyyəti Allaha tapşırır, hətta bunun üçün Allaha yalvarır. Əsl şairlər, şübhəsiz, cənnətlikdir, çünki onlar xalq üçün yaşayır, xalq üçün ölüm yatağına düşür və insanların qəlbində əbədi yaşayırlar. Eyni ilə bu gün haqqında yazı yazmaq cəsarətini göstərdiyim böyük ustad kimi. Əsl şairlik nə qədər çətindirsə, əsl şairi anlamaq, anlatmaq, onun dəryasına baş vurub zirvəsinə boylanmaq da bir o qədər çətindir. Allahın izniylə bu çətin işin də öhdəsindən layiqincə gəlməyə çalışacağam. Təbii ki, o böyük ustadın böyüklüyünə sığınaraq.İndi isə bu qədər kriteriyalarını saya-saya bitirə bilmədiyim əsl şairlik vəzifəsinə çoxdan yetmiş bir insan haqqında yazacağam. Böyük ustad, xalq şairi, xalqın şairi Məmməd Araz haqqında. Bu işdə mənə Məmməd Arazın xanımı, rəhmətlik Gülxanım Fətəliqızının “Məmməd Arazlı günlərim” adlı xatirə kitabı kömək edəcək.
Bu kitab ilk olaraq 2008-ci ildə “Zəkioğlu” nəşriyyatında çap edilib. Yeni nəşri isə bu il “Xan” nəşriyyatının “Xatirə Ədəbiyyatı” silsiləsinin 57-ci sayı olaraq nəşr edilib, 204 səhifədən ibarətdir.
Kitabın ilk səhifələrində böyük şairin rəsmi yer almışdır. Bu, bizim kim haqqında, hansı böyük şair haqqında nə oxuyacağımız barədə bizi məlumatlandırır, bunu anlamağımıza kömək edir. Sonra isə böyük şairin xanımının xatirələri ilə tanışlıq başlayır. İlk olaraq müəllif özündən, həyatının ilk illərindən, təhsil aldığı illərindən və pedaqoji fəaliyyətindən bəhs edir. Sonra isə tanışlıq növbəsi Məmməd Araza çatır.
Səhifələr təkcə Gülxanım Fətəliqızının yaddaş xəzinəsində saxlanılan xatirələrlə məhdudlaşmır, biz burada xalq şairimizin kiçik xatirələrinə, publisistik yazılarından bir hissəyə, məktublarına, ərizələrinə, çağırışlarına, hər dəfəsində onun böyüklüyünə hörmət və heyranlıqla yanaşan oxucularının gözəl rəylərinə də rast gəlirik.
Hamımızın bildiyimiz kimi, Məmməd Arazın əsl soyadı İbrahimovdur, yəni Məmməd İbrahimov. O, 14 oktyabr 1933-cü ildə Şahbuz rayonunun Nursu kəndində anadan olmuşdur. Burada orta məktəbdə təhsil aldığı zaman atası İnfil kişiyə şər atılır, bu böhtanın nəticəsində Sibirə sürgün edilir və orada onun ömür payının düz 10 ili hədərə gedir. Nəticədə, zəhmətkeş İbrahimovlar ailəsi “xalq düşməninin ailəsi” damğası ilə yaşamağa məruz qalır. Yeniyetmə Məmməd 7-ci sinfə qədər Nursu kəndində, sonrakı sinifləri isə rayonun Kənd Şahbuz kəndində təhsil alır. Lakin bu illərdə də onu “xalq düşməninin oğlu” damğası tərk etmir. İllərlə o, bu damğa ilə bağlı çətinliklər yaşayır. Partiya sıralarına daxil olması və vəzifəyə təyin edilməsi isə onun üçün çox baha başa gəlir, demək olar ki, bu vaxt onun həyatında möcüzə baş verir. Məktəbi bitirdikdən sonra o, ali təhsil almağa başlayır. Bu illərdə gənc Məmməd şəhər həyatına öyrəşir, eyni zamanda ədəbi fəaliyyətini davam etdirir. Pedaqoji İnstitutun tələbəsi olmaqla bərabər Şahbuzda kənd məktəbində müəllim vəzifəsində də işləyən Məmməd şeir yazmağa necə başladığını xatirələrində əks etdirir. Onun yazdıqlarından görünür ki, Kənd Şahbuz kitabxanasında dahi xalq şairimiz Səməd Vurğunun kitabını aldıqdan sonra Nursu kəndinə, evlərinə qayıdır və yol üstündə istirahət edərkən kitabın bir səhifəsini vərəqləyir. Həmin səhifədən oxuduğu bu misra onu, necə deyərlər, məst edir: “Yenə gördüm səni, Dilcan dərəsi...” Bundan sonra o da həvəslənərək şeiriyyata addım atır: “Yenə gördüm səni, Nursu dərəsi...”
Xatirələrində böyük şair pedaqoji fəaliyyətindən geniş bəhs edir. Coğrafiya müəllimi olan bu gənc insan şagirdlərinə coğrafiya fənnini sevdirir. Ona məktəbdə həmçinin kimya müəllimliyi də həvalə edilir. Gənc müəllim Məmməd nə qədər tərəddüd etsə də, bu fənni də tədris etməyə məcbur olur. O, dərslərlə bərabər eyni zamanda şagirdlərini şeiriyyata da həvəsləndirir. Həvəskar şair olan Məmməd bu illərdə püxtələşərək əsl şair olmaq üçün özünü hazırlayır.
Ali təhsil aldığı illərdə ədəbi mühitlə sıx əlaqədə olan Məmməd Arazın evində tez-tez şairlər qonaq olar, hətta böyük şair Əli Kərim onun evində bir neçə gün qonaq da qalarmış. Məmməd Arazın ömür-gün yoldaşı ilə ailə qurması da bu illərə təsadüf edir. Tam olaraq 8 noyabr 1954-cü ildə Məmməd Araz Gülxanım xanım ilə ailə qurur. Bu illərdə onların İradə və Şəlalə adlı qızları dünyaya gəlir. Lakin yeni ailəyə bədbəxtliklər də üz verir. İbrahimovların körpə əkiz oğulları həyata çox erkən, heç ağılları kəsmədən vida etməli olur. Məmməd təskinliyi məsləyində və əlindən buraxmadığı, daha möhkəm istəklə, məhəbbətlə sıxdığı qələmində tapır. Şairin ilk kitabı 1959-cu ildə çap edilən “Sevgi nəğməsi” kitabı olur. Şeiriyyata vurğun olan xalqın kitaba yüksək tələbatı nəticəsində kitab bir neçə gün ərzində satılır və bitir. Xalqın Məmməd Arazı tanıması və onunla qəlbən yaxınlaşması da bu kitab və ardından gələn kitablarla daha da özünü büruzə verir.
Gülxanım xanım xatirələrində ata yurdu Qubaya və Məmməd Araz yurdu Naxçıvana səfər etdiklərindən yazırdı. Qərbi Azərbaycan sərhədinə yaxınlaşanda həmişə mənfur qonşularımız olan ermənilər Məmməd Araza diqqətlə baxarmış və ondan səfərləri ilə bağlı “raport” tələb edərmişlər. Böyük şair Batabatdan Qərbi Azərbaycana hər baxanda “Təəssüf ki, o tərəflər Ermənistan torpağı sayılır” deyərmiş.
Bir millətin, yaşı tarixin dərinliklərinə kök atmış bir dövlətin üç qolunun bir-birindən (qərbi, şimali, cənubi) ayrı düşdüyü Araz çayının sahilləri buna görə həmişə Məmməd Arazı düşündürüb. Təbii ki, buna görə də Məmməd İbrahim adı ilə ədəbiyyata qədəm qoyan şair təxəllüs kimi Araz adını götürür. Maksim Qorki adına Ədəbiyyat İnstitutunda ikiillik təhsil alan şair tezliklə məktublarında öz yazılarından da bəhs edəcəkdi. Məktubların birində o, Araz sahillərində başlayan millət həsrətindən tez-tez yazır, özü də bununla bağlı şeirlər yazdığını, xarici yazıçılara sətiri tərcümə ilə oxuduğunu bildirir, ailəsindən, övladından uzaq olduğunu kədərlə qələmə alır və buna heyfsilənirdi. Yay aylarında ailəsi Moskvaya gələr və Məmməd Araz ailəsi ilə birlikdə Moskvada yay günlərini keçirərdi. Yaşadığı mənzilin otaqları heç də yaxşı şəraitdə olmasa da, bu, gənc şairin coşub-çağlayan ilhamına mənfi təsir edə bilməzdi. Məmməd İbrahimi Məmməd Araz edən, onu polad kimi bərkidən üzləşdiyi çətinliklər, gördüyü haqsızlıqlar, bir də bir çayın bu sahilindəki qardaşın o biri sahildəki qardaşına, doğmalarına, əzizlərinə həsrətlə baxmasını görmək idi. Bu çətinliklər nəinki onu ruhdan salır, əksinə ilhamını coşdurduqca coşdururdu. Lakin Yazıçılar Birliyində, həmçinin işlədiyi və ya işləmədiyi qəzet və jurnallarda onun haqqında tez-tez haqsız tənqidlərin olduğunu eşidər, oxuyar və bu hal onun ruhuna təsirsiz ötüşməzdi. Bunun nəticəsində bəzi hallarda gündə vərəq-vərəq, qalaq-qalaq şeir yazar, bəzən isə həftələrlə, aylarla yazı masasına yaxınlaşmazdı. Bütün bunların səbəbi yenə də haqsızlıqlar, üzləşdiyi süni yaradılmış çətinliklər idi. Lakin bu həyat, heç kimin olmayan, heç kimə qalmayan bu dünya Məmməd Arazı üzləşdiyi çətinliklər nəticəsində bu səviyyəyə, şairliyin zirvəsinə gətirib çıxaracaqdı.
Məmməd Araz institutu bitirdikdən sonra Bakıya qayıdır, burada bir sıra qəzet və jurnallarda, habelə “Ulduz” jurnalında məqalələrini, şeirlərini dərc etdirir, sonuncu adını çəkdiyim jurnalda vəzifəyə təyin edilir, bu vəzifəni layiqincə yerinə yetirməyi ustalıqla bacarır. Bir müddət keçmiş səbəbi olmadan onu bu jurnalda tutduğu vəzifədən də kənarlaşdırmalı olurlar. Buna baxmayaraq şair yenə də ruhdan düşmür, “Ədəbiyyat və incəsənət” qəzetində redaktor müavini vəzifəsinə təyinat alaraq orada işini davam etdirir. O, bu vəzifədə çalışarkən həm özünün, həm də qəzetin adına xələl gətirməmək üçün bütün qüvvə və bacarığını sərf edir. Ancaq 20-ci yüzilliyiin 70-ci illərinin əvvəllərində mətbuatda gündəm olan “Nəriman Nərimanov məsələsi” onun bu işdən də çıxarılmasına və ümumiyyətlə, işsiz qalmasına səbəb olur. Halbuki “Nəriman Nərimanov məsələsi” ortalığa atılanda o, özünə məzuniyyət götürmüşdü və bu işə onun heç bir aidiyyəti yox idi. Buna baxmayaraq qəzetin rəhbər vəzifə tutan şəxsləri “bu işi” ört-basdır edərək günahı redaktor müavininin, yəni Məmməd Arazın üstünə atmaqla öz yaxalarını kənara çəkmişdilər. Nəticədə, Məmməd Araz istirahətinin ən gözəl anlarında, günlərində bu pis, ədalətsiz, haqsız xəbəri aldı. Ədalətin bərpa olunması, özünün günahsız olduğunu sübut etmək üçün teleqram vurmadığı, məktub yazmadığı rəhbər dairə qalmamışdı. Onun bu məktubları isə sadəcə olaraq cavabsız qalırdı, cavabsız saxlanılırdı. Vəziyyətin elə bu məqamında görkəmli elm xadimi, ziyalı, əvəzsiz şəxsiyyət, akademik Həsən Əliyev aylarla işsiz qalan Məmməd Araza “Azərbaycan təbiəti” jurnalında baş redaktor vəzifəsində işləməyi təklif edir. Jurnal proyekti başlayır və bu işi öz üzərinə götürən şair ömrünün sonuna kimi bu jurnalda baş redaktor olaraq çalışır.
Bu illərdə, təbii ki, ona olan xalq sevgisi əskik olmur, əksinə daha da artdıqca artır. Ona ünvanlanmış, xalq sevgisi ilə yazılmış yüzlərlə məktub, kitablarına olan tələbat onu qələminə daha da sıx bağlayır. Nəticədə, Məmməd Araz 20 ilə yaxın olan ağır zəhmətinin bəhrəsini dadır. Ona “Xalq şairi” fəxri adının verilməsinə, demək olar ki, heç ehtiyac qalmır, çünki o, elə ilk addımlarından xalqın şairi titulunu şeirləri ilə qazanmışdı, əsl xalq şairi olmuşdu! Xalqın əsl şairi! Beləliklə, ona ünvanlanan tənqidlərə artıq özü cavab vermirdi, indi həmin haqsız tənqidlərə Məmməd Arazın sözçüsü olduğu xalqı, onu sevənlər cavab verirdi. Barəsində söhbət açdığımız kitabda buna bariz bir nümunə də qeyd edilir. Ölkənin o vaxtkı aktual qəzetlərindən birində bir tənqidçi Məmməd Arazı tənqid edən bir məqalə yazır. Yəqin ki, tənqidin əsassız, haqsız olduğuna görədir ki, bu tənqid xalq tərəfindən çox pis qarşılanır, xalqın haqlı narazılığına səbəb olur. Nəticədə, qəzetin ünvanına saysız-hesabsız məktublar ünvanlanır, tələblər və xahişlər bir-birini qabaqlayır. Hətta Yazıçılar İttifaqının o vaxtkı sədri, görkəmli yazıçımız, böyük ustad Mirzə İbrahimova da bununla bağlı saysız-hesabsız məktublar gəlir. Qəzet redaksiyasına və ittifaq sədrinə xalq “hücumları” edilir. Bu haqlı “hücumları” edənlərdən biri də Kəlbəcər rayonundan olan aydınlar olur. İmzalardan birinə - Sücaət Əhmədov imzasına rast gələndə heç də təəccüblənmirik. Böyük şairi ancaq onu sevənlər və böyük şairlər anlaya və müdafiə edə bilərdi!
Vətənpərvər, xalqsevər şair Sücaətlə bağlı xatirələr burada bitmir. Kitabın bir bölməsi ayrıca Kəlbəcərə həsr edilmişdir. Belə ki, Məmməd Araz ailəsi ilə birlikdə tez-tez Kəlbəcərə, İstisuya gedər, Tərtərçayın səsinə qulaq asar, paytaxtın, şəhər mühitinin sıxıcı abu-havasından bura sığınmaqla uzaqlaşar, burada rahatlıq tapardı. Ona bu səyahətdə Sücaət Əhmədov, Məmməd Aslan, Tofiq Mütəllibov kimi görkəmli yazıçı-şairlərimizlə birlikdə Səyavuş Aslan kimi görkəmli sənətçilərimiz də yoldaşlıq edərdi. Bu gözəl abu-havanın nəticəsidir ki, böyük şair ən gözəl şeirlərini də məhz Tərtərçayın bəzən həzin, bəzən isə məcrasına sığmayan səsinə qulaq asaraq qələmə almışdır.
Bu gözəl istirahət məkanının ləzzəti bununla bitməzdi. Kitabda həmçinin böyük şairimizin Şuşaya səfəri ilə bağlı geniş məlumat verilir. Yol boyu sanki özünü şəhəri özününküləşdirmiş kimi aparan erməniləri görmək onun istirahətinə tez-tez mane olar, qanını qaraldardı. Böyük şairin özü kimi şair-publisist dostları ilə olan ədəbi söhbətlərdə o, Qərbi Azərbaycan və Dağlıq Qarabağ məsələlərinə tez-tez yer verərmiş. Lakin şair dostları bu məsələyə bir az incə yanaşar, çox qabartmazdılar. Səbəbi isə məlum idi. Axı o vaxt “xalqların “dostluğu””ndan daha çox ağız dolusu danışmaq “lazım” və “məqsədəuyğun” idi... Xalqı düşünən insanlar, təbii ki, bu mövzudan uzaq olmasalar da, bu mövzuya yaxın da dura bilmirdilər, bəlkə də yaxın “deyildi”lər. Lakin xalqın dərdini çəkən təəssübkeş böyük şairimiz Məmməd Araz belə deyildi.
Beləliklə, bu gözəl istirahətli günlər tez sona yetməli olur. İstirahət vaxtı bitir və şair yenidən Bakıya qayıtmalı olur. Elə bu zaman ona qoyulan “hörmətlər”dən, təzyiqlərdən və tənqidlərdən təngə gələn şairin əvvəl sol əli, sonra sağ əli, ondan sonra isə ayaqları titrəməyə başlayır. Bu titrəmə özünü gün boyu büruzə verdiyinə görə ağrılara dözə bilməyən şair həkimlərə üz tutmalı olur. Ona dünyanın az sayda sağalmaz xəstəliklərindən biri olan parkinson xəstəliyi diaqnozu qoyulur. Şair bu xəbərdən nə qədər pis olsa da, bu sağalmaz xəstəliyi sağaldan üç amili tapır: Ürəyində vətəninə, xalqına olan istəyini yazdığı qələm, kağız və bir də elə xalqının ona olan sevgisi...
Həqiqətən də böyük şairi ayaqda tutan, onu yaşadan və yaradıcılığını davam etdirməyə sövq edən bu üç amil olub. Xalq ona illərlə öz sevgisini verib və sonda o, bu qarşılıqlı sevgi ilə xalqı oyanışa, dirçəlişə, qurtuluşa, azadlığa doğru aparıb. Elə bunu düşündükcə qarşımızdakı kitabın ortalarındakı səhifələri nəzərdən keçiririk. Azərbaycanın müstəqillik ərəfəsində, oyanış halında olduğu bir dövrdə Azadlıq meydanı insan seli ilə təlatümə gəlir, 200 illik bir müddətdə “ağların və qırmızıların” boyunduruğu altında fasiləsiz tab gətirən xalq bu işin hesabını qaniçən Leninin heykəlindən soruşur. Xalq azad, müstəqil olmaq, boyunduruqdan çıxmaq istəyir. Bu zaman “ağlardan və qırmızılardan” geri qalmayan, daim onların himayəsində olan və onlardan dəstək alan ermənilər də Xankəndində eyni mitinqi təşkil edir. Lakin bu “Miatsum” adlanan mitinq azərbaycanlıların azadlıq, müstəqillik coşqusu ilə təşkil etdikləri mitinqlə tamamilə ziddiyət təşkil edir. Nəinki azərbaycanlılarla, həm də tarixlə ziddiyət təşkil edən bu “miatsum” mitinqi Qarabağın ermənilər tərəfindən işğal edilməsinə zəmin yaratmaq üçün erməniləri “oyandırmaq” hərəkatı idi. Ağız deyəni qulağın eşitmədiyi bu qarışıqlığı işğalçı Qızıl Ordu 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə daha da alovlandırdı. Millət gecə yatağından oyanıb küçələrə, oradan da əbədi istirahətgaha – Allah dərgahına, cənnətə doğru yollanırdı. Qan su yerinə axaraq gövdəni götürmüşdü. Gözəl, mədəniyyət beşiyi, paytaxt olan cənnət şəhəri bir gecədə işğalçı ordu cəhənnəmə çevirmişdi. Gecə vətənsevərlərin dağ boyda cəsəd yığını və dəniz boyda qanları ilə səhərə dönürdü. Xalqın dara düşdüyü zamanda xalqın şairi nə etməliydi? Həmin gecə evinin pəncərəsindən tankların insan qəssablığı etməsinə dərin ürək ağrısı, bir acı və hüzn ilə şahid olan Məmməd Araz özündən bu sualı soruşurdu. Böyük şair öyrənmişdi və bilirdi ki, Meydan hərəkatında tez-tez onun Vətənlə bağlı alovlu şeirləri alovlu mübarizlər tərəfindən qiraət edilir, uca tribunadan insan selinə çatdırılır. Bəlli idi ki, xalq bu yola Məmməd Arazın şeirlərinin alovu altında çıxmışdı. Onun şeirləri ilə böyüyən insanlar onun şeirləri ilə şəhid kimi dəfn olmaq arzusu ilə küçələrə axırdı. Bəlkə də evinin pəncərəsindən şəhadətinə şahid olduğu o mübarizlər, o Vətən övladları elə kəlmeyi-şəhadətdən qabaq Məmməd Arazın şeirləri ilə özlərini tankların qarşısına atmışdılar...
Millət günlərlə həmin gecənin təsirindən ayrıla bilmədi. Ağlaşmalar, şivənlər, fəryadlar... Sanki Bakını 1918-ci ilin mart soyqırımlarına qaytarmışdılar. Televiziyada dəfələrlə böyük şairimiz rəhmətlik Məmməd Aslanın məşhur “Ağla, qərənfil, ağla!” şeiri səsləndirilmiş, bu şeir bir ağı kimi xalqın dilində əzbər olmuşdu. Məmməd Araz da həmişə olduğu kimi bu günlərdə də xalqa elə can yandırmışdı ki, öz sağalmaz xəstəliyi, sağalmaz dərdini, demək olar ki, tamamilə unutmuşdu. Halbuki o vaxtlar dövlət qayğısı ilə əhatə olunsa və müalicə olunsaydı, səhhətində xeyli irəliləyişlər olacaqdı. Ancaq onun dəfələrlə yazdığı ərizələri oxuyub bir kənara atan sovet hökumətinin həmin vaxtkı “qırmızı” məmurları Məmməd Arazı illərlə xəstə-xəstə yaşadığı binanın 11-ci mərtəbəsinə qədər yeriməyə məcbur qoymuşdular...
Mövzudan kənara çıxmayaq. Qeyd etdiyim kimi, böyük şair bu dərin hüznə, onun sevdiyi və onu sevən xalqının məşəqqətinə o qədər ürəyini yandırmışdı ki, bu duyğular mütləq qələm vasitəsi ilə kağıza köçməli idi...
Amma bununla belə hər dəfə əsl şair kimi bir çox yeniliklərə rəvac verən Məmməd Arazın yazacağı şeirlər hər şeir kimi ağı olmayacaqdı... Bu şeirlər əvvəlcə təəccübləndirəcək, sonra isə yıxıldığı yerdən qalxmasını bilən xalqı daha sərt, qətiyyətli, mətin mübarizə aparmaq üçün qüvvətləndirəcəkdi, möhkəmləndirəcəkdi, polad kimi edəcəkdi...

Ona görə də çox keçmədən böyük şair bu ruhda köklənmiş “Ata millət, ana millət, ağlama!” şeirini yazdı. Bu şeir çox böyük əks-səda yaydı. Xalq öz qəlbinin səsini yayanın, öz böyük şairinin bu şeirini oxuduqca özündə əlavə güc, qüvvət, mətinlik, dəyanət tapdı. Vətən öz azadlığına, müstəqilliyinə, möhtəşəmliyinə olan böyük inamını yenidən qazandı və öz oğlunun bu şeiri ilə yenidən düşmən üzərinə od-alov püskürtdü və bu od-alovu səpələdikcə səpələdi.
Ən yaxın tariximizdə, Qarabağ müharibəsi illərində böyük şairimizin fəaliyyəti ilə əlaqədar bir mövzuyla bağlı da qeyd etməmək olmaz. 1994-cü ildə Ulu Öndərimiz Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsindən bir il ötürdü və o, xalqı artıq bu girdabdan, bu zülmdən xilas etmək üçün var qüvvəsini səfərbər etmişdi. Nəticədə, qardaş qətlinə rəvac verən xainlər Gəncədə bir daha buraxılmamaq üzrə tutuldu və hakimiyyət, taxt-tac sevdasına düşənlər ömürlük cəzalandırıldılar. Vətənin bağrından neçə-neçə övladlar qopsa da torpaq bir xaosdan da xilas oldu. Gəncə hadisələrindən sonra yuxusuz şəhər təzə-təzə dinclik taparkən böyük şairimiz Məmməd Araz Gəncəyə, oradan Göygölə və oradan da Murov dağına getməklə bağlı qəti qərara gəldi. Böyük şairin gəlməsi ilə daha da ruhlanan, güc-qüvvə tapan Gəncənin, Göygölün mübariz keşikçiləri və Murov dağının ərənləri bu güc-qüvvə ilə düşməni darmadağın etdilər.
Kitabın son səhifələrində Ulu Öndər Heydər Əliyevin mədəniyyətə, ədəbiyyata, şairə, şeirə olan yüksək diqqətinin, qayğıkeşliyinin nümunələrindən biri olaraq onun xüsusi tapşırığı ilə böyük şairin Almaniyaya müalicəyə göndərilməsindən də geniş söhbət açılır. Şairin əvvəllər gördüyü o qədər məşəqqətli hadisələrdən sonra bu gözəl və diqqətəlayiq hadisəni vurğulamamaq olmazdı. Kitab böyük şair haqqında söylənilən gözəl fikirlər və kəlamlarla sona çatır.
Onu deyə bilərəm ki, Məmməd Arazın ömür-gün yoldaşı Gülxanım Fətəliqızının yazdığı bu gözəl xatirə kitabı çox təqdirəlayiq və oxunaqlıdır. Mən də öz fikrimi belə ifadə edirəm ki, böyük şairi sevən böyük xalq üçün bu kitab böyük bir xəzinədir.
Sonda böyük şair haqqında öz fikirlərimi yığcamlaşdırmaq istərdim. 2004-cü ilin dekabr ayının ilk günü əbədiyyətə qovuşan böyük şair şeirlərə, dastanlara, bu cahana sığmasa da bir daşa sığa bildi. İndi “Bu daş altda Məmməd Araz yaşayır” sözləri həkk olunan o məzar mən deyərdim ki, böyük xalqın böyük övladının ziyarətgahıdır. Nə qədər ki Məmməd Araz xatırlanır, demək, bu xalqın yaddaşı yaşayır, yaşayacaq. Qəlblərimizə həkk olunan o nurlu insanı fələk bizdən alsa da qəlbimizdən ala bilməyib, bilməyir və bilməyəcək!
Ruhun şad olsun, dahi şair!

SEVİNDİK NƏSİBOĞLU
9-cu sinif şagirdi, şair-publisist, AJB üzvü
18.08.2022


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ