SON DƏQİQƏ

Lətifə Orucun “Oyun Dövrəsi” kitabı işıq üzü gördü

Tarix:21-06-2023, 10:01

“OYUN DÖVRƏSİ”(Lətifə Orucun yeni kitabı haqqında düşüncələr)

Tanınmış hüquqşünas Lətifə Orucun “Sirli gedişlər” adlı ilk romanı müəllifi həm də istedadlı yazar kimi ictimaiyyətə təqdim etmişdi. Az sonra onun ikinci romanı oxuculara təqdim olundu: “Oyun dövrəsi”. 
Həyat və iş təcrübəsinə əsaslanan Lətifə Orucun yeni romanı detektiv janrındadır. Əsərin maraqlı kriminal kolliziyalarla zəngin süjeti ətrafında müəllif həm də bədii-fəlsəfi düşüncələrini qələmə almışdır. 
Əxlaq saflığı və mənəvi pozğunluq, dürüstlük və dələduzluq, sağlam həyat tərzi və pis vərdişlər, haqq-ədalət və saxtakarlıq, ağayanalıq və görməmişlik, pulgirlik və nəfsi toxluq, şöhrətpərəstlik və təvazökarlıq, acgözlük və ləyaqət, cinayət və cəza... 
Təzadlarla dolu bu dünyamızda əksliklərin vəhdətindən doğan mürəkkəb insani münasibətlərə müəllif vətəndaş mövqeyindən, humanist prinsiplərdən yanaşmaqla, oxucuya ibrətamiz məramlar təqdim edir. Həyati situasiyalara şəxsi mövqeyini bildirir, fəlsəfi düşüncələrini və bəşəri duyğularını səmimi şəkildə oxucularla bölüşür. O yazır:
“Tanrı qüdrətinin nişanələrindəndir ki, ruhları və canları bir-birinin parçası, eynisi olan doğma insanlar arasında bağlılıq, sevgi və məhəbbət fərqli, hər biri özünəməxsus çalarlarla yaradılmışdır... Və bunların hər biri fərdidir.” 
“Qadınların mürəkkəb və izahı çətin olan xüsusiyyətlərindən biri də ətrafdakı həmcinslərinin onlara olan baxışlarını və münasibətlərini diqqət mərkəzində saxlamaları, böyük önəm vermələridir.” 
“Bu həyatda müsbət və mənfi maqnitlər vardır. Hərəsi özünə uyğun olanları çəkib, yığır ətrafına.” 
“Zaman gələcək, insanlar kitablardan uzaq düşəcək, hətta dəyərsiz əşya kimi qırağa atacaqlar. Bu onlara belə gələcək, əslində isə kitablar insanları atacaq. Ağıllı insanlarla kitabların dostluğu isə əbədidir.” 
“Haradasa dünya da yeni yarananda ağ, pak olub, insanların şər, günah əməlləri dünyada qara ləkələr salıb...” 
Əsərdə qumara qurşanıb həyatını uduzan insanların yaşam tərzinə, dostluq, sevgi və ailə münasibətlərinə baxış var. Detektiv janrının xüsusiyyətlərinə uyğun qurulmuş süjet xəttində verilən istintaq prosesi, prokuror fəaliyyəti, kriminal hadisələr, məhkəmə dinləmələri və s. epizodlar peşəkarcasına təsvir olunduğundan maraqla oxunur. 
Beş fəsildən ibarət olan romanda şərti adlar altında Tərlan, Məşdi, Natiq, Rüstəm, Ramin, İlqar, Məryəm, Vilayət, Fatma və b. obrazlar bədii ümumiləşdirilmiş personajlar kimi təqdim olunsa da, müəllif ideyası ondan ibarətdir ki, əslində bu obrazların hər birinin həyatda prototipləri də mümkündür. Yəni müəllif təsvir etdiyi məqamları bədii ifadə vasitələri ilə çatdırsa da, həmin məqamların reallıqda diqqətli oxucuya məlum olan təzahürlərinin də mövcudluğunu nəzərə çarpdırır: həyat heç də gördüyümüz adi, sadə, gündəlik yaşam olaylarından ibarət deyil; insan münasibətlərinin alt qatlarında daha amansız çəkişmələr cərəyan edir. 
Bəşəriyyətin əbədi mövzularından olan “Cinayət və Cəza” motivi Lətifə Orucun romanında tam gözlənilməz rakursdan təqdim edilir. Cinayət işinin izinə düşüb cinayətkarı ifşa etmək niyyəti ilə Prokurorun qumarbazlar dəstəsinə qoşulması və taxma ad altında onlarla “dostluq” etməsi həqiqətən gözlənilməzlik effekti verir... 
Yaxud hüquq elmində “samosud” kimi tanınan və “özbaşına hökm vermək, linç etmək” anlamına gələn qeyri-məqbul davranışa Süpürgəçi Fatmanın obrazında fərqli rakursdan yanaşılır. Həyatı boyunca rast gəldiyi cinayətkar adamlara özü şəxsən hökm verib cəza kəsməsi və süpürgəsi ilə küçələrdən “çirkabı təmizləyirmiş” kimi, cəmiyyətdən də süpürüb atması, məhz həmin ədəbi gözlənilməzlik məqamlarındandır. 
Yalnız ömrünün sonunda, ölüm ayağında bütün bu açılmayan cinayət işlərinin sirrini Prokuror Rüstəmə etiraf edən Fatma obrazı müəllifin “Cinayət və Cəza” probleminə özəl baxışının təzahürüdür. 
Təsadüfi deyil ki, əsərin sonunda müəllifin oxucuya ünvanladığı ritorik suallar da həyatda saysız-hesabsız mürəkkəb hadisələrlə, situasiyalarla rastlaşan hüquqşünasın özəl baxışını əks etdirir: 
“Bu dünyada hansı qanunlar daha keçərlidir? Hüquq, insanlıq, təkamül, din, təbiət, cəmiyyət qanunları? Bəlkə Fatmanın dediyi süpürgə qanunları?” 
Əlbəttə, hüququn aliliyi! 
İnanırıq ki, Lətifə Orucun nəfis tərtibatla çap olunmuş 411 səhifəlik iri həcmli romanı haqqında ədəbiyyatşünaslar öz sözünü deyəcək, milli ədəbiyyatımızda yeni inkişaf tapmağa başlayan detektiv janrında yazılan bu əsəri barədə ədəbi tənqid öz mövqeyini bildirəcəkdir. 
Mən isə qısaca olaraq əsər haqqında ilk təəssüratlarımı yazmaqla hörmətli oxucuların diqqətini kitaba yönəltmək istədim.
İstedadlı müəllifi yeni kitabı münasibətilə təbrik edir, ona yeni-yeni uğurlar, zəngin yaradıcılıq ömrü arzu edirəm. 

Ədəbi uğurlarınız bol olsun, Lətifə xanım! 
 
Akif ƏLİ,
Fəlsəfə doktoru, 
Yazıçı-publisist.
(20 iyun 2023) 





 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ