SON DƏQİQƏ

Vətən Müharibəsi Fonduna yeni kitab hədiyyə edilib

Tarix:3-12-2023, 07:34

Vətən Müharibəsi Fonduna yeni kitab hədiyyə edilib  
3000-dən artıq müharibə iştirakçının materiallarının toplandığı Milli Azərbaycan Tarixi Muzeyinin Vətən Müharibəsi Fondu yeni materialları qəbul etməkdədir. 
Muzeyin Numizmatika Fondunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Aygün Məmmədovanın təşəbbüsü ilə fonda yeni kitab hədiyyə verilmişdir. 
I Qarabağ müharibəsi veteranı, “Tərəqqi” medallı, filologiya üzrə fəlsəfə doktoru, dosent Şakir Əlif oğlu Albalıyev müəllifi olduğu kitabı muzeyin Vətən Müharibəsi Fondunun müdiri Şəfa Mövsümova təqdim etmişdir. 
F.ü.f.d., dosent Şakir Albalıyevin “Cəbrayıllı milli qəhrəmanlar” adlı kitabında (Redaktor: Cəbrayıl RİH başçısının I müavini Arif Fərzəliyev;  Bakı, Təknur, 2019, 96 s., Azərbaycan dilində) 1991-1992-ci illərin şəhidləri, Azərbaycanın milli qəhrəmanları – Şikar Aslanov, Vahid Quliyev, Mətləb Quliyev, Kazım Məmmədov, Vüqar Hüseynov, Akif Əkbərovun fotoşəkilləri, həyat və döyüş yolu işıqlandırılmış, onlara həsr edilən tədbirlər barədə məlumat verilmişdir. Kitab Azərbaycanın müasir dövr tarixinin tədqiqi və təbliğində önəm kəsb edir. 

Qısa arayış:

Şakir Əlif oğlu Albalıyev 25 aprel 1969-cu ildə Cəbrayıl rayonunun Dağtumas kəndində dünyaya gəlmişdir. 
1987-1989-cu illərdə həqiqi hərbi xidmətdə olmuşdur. 
1989 - 1995-ci illərdə Bakı Dövlət Universitetinin “Filologiya” fakültəsində “Filoloq, Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisası üzrə təhsil almışdır.
Hələ tələbə ikən, 1992-ci ildə I Qarabağ müharibəsinə qatılmış və Cəbrayıl, Füzuli rayonları uğrunda döyüşlərdə iştirak etmişdir.  
2006-ci ildə “Azərbaycan məişət nağıllarında şah obrazı” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru alimlik dərəcəsinə, 2011-ci ildə dosent elmi adına layiq görülmüşdür. 
Bir sıra yerli və xarici elmi əsərlərin müəllifi olan Şakir Albalıyev “Qızıl qələm”, “Ömər Faiq Nemanzadə”, “Araz” mükafatları laureatıdır, “peşəkar jurnalist” fəxri adına layiq görülüb.    
Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafında xidmətlərinə görə Şakir Albalıyev “Tərəqqi” medalı ilə təltif edilmişdir. 
Hazırda AMEA Folklorşünaslıq İnstitutunun “Mifologiya” şöbəsinin aparıcı elmi işçisi və 2009-cu ilin yanvar ayından “Xudafərin” qəzetinin baş redaktorudur.   
 
Məlumatı yazdı: Rauf İlyasoğlu 



 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ