SON DƏQİQƏ

ANAM QONAQ GƏLMİŞDİ

Tarix:14-04-2024, 15:34

ANAM QONAQ GƏLMİŞDİ
Bu gecə yuxuma anam qonaq gəlmişdi. Eyni ilə neçə illər oncə, gerçəkdə olduğu kimi gəlmişdi mənə, yanıma gəlmişdi. Gəlmişdi yuxuma anam səhərin – sabahın toranlığında. Elə bil heç yuxu deyildi, həyat idi, gerçək idi... Əynində hər zaman sevdiyi füruzə rəngli paltarı, başında isə qara bənzər ağ ipək saçının örtüyü sürməyi rəngli ləçəyi. Hər zamanki kimi saçlarını alnından arxaya darayıb görünməz etmişdi. Bənizi Bahar günəşı kimi nurlu idi, gözlərində sevgi axırdı. Amma susurdu, danışmırdı. Sevdiyim rahatlık tapdığım dizlərində  başıma, saçlarıma sakit – sakit sığal çəkirdi əllərinin istisini hərarətini duyurdum. Gözləri danışırdı mənimlə, ancaq gözləri. Danışmaq istəyirdim anamla olanlardan, olacaqlardan, taleyimin fəsillərə bölünməsindən, haçalanmış arzulardan, uğurumdan, sevincimdən, paylaşdığım və barışdığım hər şeydən, hər şeydən. Susan dodaqlarına baxıb unutdum özümü, xəyala daldım. Həqiqətdirmi bu mənzərə yoxsa...yuxu ???Könlüm yarpaq kimi əsdi, titrədi. Yuxudan oyanmaq qorxusu həyacana saldı məni... Ömrümün sonuna kimi qalmaq istəyirdim bu yuxumla...Oyanmaq istəmirdim! Mən anama bir söz söyləmək istəyirdim, içimdə var gücümlə qışqırırdım, haray qoparırdım amma səsimi ona duyura bilmirdim ki, bilmirdim... Səsim anama çatmırdı... Nəhayət, anamın sevgi ilə gülümsəyən dodaqlarına baxıb gücümü toplayıb çox astadan, yavaşcadan söylədim: Ana,sənsiz çox darıxmışam, lap çox darıxmışam!!! Mənə elə gəldi ki, anam da mənə həmin o andaca “balam sənsiz çox darıxmışam” söylədi. Bu dəm yastiğıma süzülən, bahar selinə dönən göz yaşları məni bu şirin röyamdan oyatdı...Saxlaya bilmədim əziz qonağımı! 

İradə Əlili
Tarix elmləri üzrə Fəlsəfə Doktoru, Yazıçı

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ