90 illik yubileyin mübarək
"Yeni Tərtər" qəzeti uzun və şərəfli bir yolu mətinlə irəliləyir. 1934- cü ilin may ayının 3-də "Kolxozçu" adıyla çap olunan qəzet sonralar" Qızıl bayraq", "Tərtər" və nəhayət "Yeni Tərtər" adı ilə çap olunaraq bu gün də oxucularını sevindirir. 90 il ərzində qəzet rayonun iqtisadi , siyasi və mədəni həyatının güzgüsü olmuşdur. Anadilli mətbuatımızın banisi Həsən bəy Zərdabinin böyük fədakarlıqla çap etdirdiyi "Əkinçi" qəzetinin ənənələrinə sadiq qalan "Yeni Tərtər" qəzetində sadə zəhmət adamlarının, kənd əməkçilərinin, rayonun ictimai - siyasi həyatında mühüm rol oynamış ziyalılarının əməyi lazımınca işıqlandırılmışdır. "Yeni Tərtər" qəzeti rayon əhalisinin maraqlarına, dövlətimizin tərəqqisinə çıraq tutmuş, torpaqlarımızın bütövlüyü və müstəqilliyimiz uğrunda fəaliyyətini uğurla davam etdirmişdir. Azərbaycanda yaşayan çoxsaylı xalqlar arasında dostluğun təbliğində bu mətbuat orqanının da xidmətləri böyük olmuşdur.
Qəzetin əksər səhifəsində Tərtərin igid, oğullarının vətənin müdafiəsi və ərazi bütövlüyü uğrunda göstərdikləri şücaətləri geniş işıqlandırılır.
Rayonda şəhid ailələrinə, qazilərimizə daha çox diqqət və qayğı göstərilir.
"Yeni Tərtər" qəzetində igid, döyüşən oğullarımızın rəşadəti və qəhrəmanlığı haqqında silsilə yazılar hər bir kəsdə qürur hissi oyadır. Tərtərlilər vətənin igid oğulları ilə fəxr edirlər.
44 günlük Vətən müharibəsində Ali Baş Komandanımız, Ölkə Prezidenti İlham Əliyev cənablarının rəhbərliyi ilə Milli ordumuz şanlı qələbə qazanaraq 30 il erməni quldurlarının əsarəti altında inləyən torpaqlarımızı yağı tapdağından azad etdilər. Mərmi yağışı altında yaşayan qəhrəman Tərtər camaatı əsl fədakarlıq göstərdilər. Hər kəs silaha sarıldı, vətənimizi mərdliklə qorudu.
Şəhidlərimizin qanı bahasına Zəfər qazandıq. Qazilərimiz şəhidlərimizin canlı əmanətidir. Qələbələrin qazanılmasında hər birimiz şəhidlərimizə, qazilərumizə borcluyuq. Tərtər rayon rəhbərliyi şəhidlərimizin anım günlərində fəal iştirak edir və şəhid ailələrinə hər zaman diqqət və qayğı göstərirlər. Rayon qəzetində şəhid və qazilərimiz haqqında mütəmadi olaraq silsilə yazılar dərc olunur, onların qəhrəmanlıqları orta məktəblərdə təbliğ olunur.
Bütün bunlar yeniyetmələrin, gənclərin vətənpərvər ruhda böyüməsinə, cəmiyyətə yararlı bir vətəndaş kimi yetişməsinə xidmət edir. "Yeni Tərtər" qəzetinə uzun illər mətbuat sahəsində çalışmış təcrübəli jurnalist Svetlana Bağırova rəhbərlik edir. Biz də Svetlana xanımı və qəzetin redaksiya heyətini "Yeni Tərtər" qəzetinin 90 illik yubileyi münasibəti ilə ürəkdən təbrik edir, hər bir əməkdaşa cansağlığı, yeni- yeni yaradıcılıq uğurları arzulayırıq.
Rauf İlyasoğlu, "Həkəri" qəzetinin baş redaktoru, şair- publisist, Firdovsi Sadıqov, Böyük Vətən müharibəsində ( 1941-45) Yəhudi ailələrini və uşaqlarını xilas etmiş qəhrəman Həmzə Sadıqovun oğlu, Ədliyyə müşaviri,
"Həkəri" qəzeti redaksiyasının fəxri heyətinin üzvü.
XeberTıme.az

