Onunla gözəl bir yolçuluqda tanışdıq. Qırğızıstanda keçiriləcək IX Uluslararası ədəbiyyat və musiqi festivalında iştirak etmək üçün çixdığımız yolçuluqda. Festival çərcivəsində bir həftə Çolpan Atada, Issıkgöldə olduq. Bu müddət ərzində Etibarın ədəbi, ərkanı, özünü aparmaq, ünsiyyət mədəniyyəti, danisıq tərzi, alçaq səs tonu, sakit xarakteri, vətənpərvər söhbətləri, ədəbiyyatla bağlıaraqlı söhbətləri kimsənin gözündən yayınmadı. Elə mənim də. Bir daha əmin oldum ki, ad insanın xarakterini yansıdan əsas amillərdəndir. Necə də adının dasıyıcısı idi. Etibar Yaqubov Muradxanlı Lerik rayonundandı. Dağ adamıdı. Təmizdi, şəffafdı, safdı, təəssübkeşdi. Bu cür xarakterli adamları tanımaq mənim üçün bir tapıntıdı. Dünyamızın insanlar sarıdan tam kirlənmədiyini gördûyüm üçün. İkincisi, vətənpərvərdir. Təpədən dırnağa Vətən sevdalısıdı. Üçüncüsü, hərbi yazardı, əsl mənim adamımdı. Danışmaq, müzakirə etmək üçün sevdiyimiz ortaq mövzumuz var demək ki... Ara-sıra son 30 ilin keşməkeşli tarixinə də baş vururduq. Demə, birinci Qarabağ müharibəsində tələbələrdən ibarət könüllülər taborunda da doyüsüb, özü də cəsurcasına döyüşüb. Amma bir-birimizə rast gəlməmişik o odlu alovlu günlərdə. Etibarın ən böyük özəlliyi və həm də fədakarlığı ondadır ki, o döyüş zamanı gördüklərini, müşahidə etdiklərini sonradan qələmə alıb və sənədli romanlar şəklində çap etdirib. 5 kitabı var. 6-cını yazır. (Könüllü olaraq kitabının redaktəsini boynuma götürürəm). Bir gün otelin foyesində: "Kitablarımı imzamla sizə hədiyyə etmək istəyirəm. Yükünüz ağırdısa Bakıya catanda verərəm"-dedi. Tez tələsik: "Burda verin, yüküm çox deyil"-dedim. Festivalın son günü əlində 4 kitab foyedə məni gözləyirdi. "Oxuyacaqsınız kitabları, elə deyilmi?"-soruşdu. "Əlbəttə oxuyacam. Sonra fikrimi də bildirərəm"- cavab verdim. Beləcə, bu dörd kitabın hansından başlayacağımı bilmədim. Hamısının içində müharibə tariximizlə baglı çoxlu məlumat olacağını təxmin etmişdim. "Tələbə taqımı" nəzərimi ilk cəlb etdi. Açdım, oxumağa başladım, əlimdən yerə qoya bilmədim. Həyəcanlandım, agladım, nəfəsimin tükəndiyi, boğuldugum anlar oldu. Mühasirədə qalan döyüşçülərlə ümidsizlik içində üzüldüm. Mühasirəni yarmaq uçün beynimdə planlar cızdım. Bizimkilərin köməyə gəlmələri üçün lütfən dualar etdim, çarəsiz qaldım. Yaralıların yarasına məlhəm sürtmək istədim, onlara qol-qanad olmağa çalışdım. 32 il əvvəli yaşayırdım sanki... Nitqim tutulmuşdu, ürəyimin döyüntüsü qulagımı deşirdi. Əmin idim ki, burda yazıçı təxəyyülü deyilən bir şey yoxdu. Nə var odu. Nə görüb onu yazıb. Çəkdiklərini qələmə alıb, düşüncələrini yazıya köçürüb. Ən gözəli də o idi ki, əsərin qəhrəmanları real insanlar idi. Tələbələr hərə öz adıyla təsvir olunmuşdu. Səhifənin sonunda isə soyadları, oxuduqları universitet, fakültə və kursu əlavə olunmuşdu. Və bir də Şusanın müdafiəsi zamanı yol verilən səhvlər, boşluqlar, xəyanət izləri, məsuliyyətsizlik... Bəlkə də kitabın içindəki dəhşətli faktlara rəğmən kitabın adı Şuşa ilə əlaqəli olsaydı əminəm ki, bu əsər təkrarən çap olunardı. On minlərlə tirajla əl-ələ gəzərdi. Amma təvazökar müəllif sanki kitabın içindəki söhbətlərdən, dialoqlardan oxucunu yayındırmaq istəyib. Sadəcə tələbələrin əzmini, qəhrəmanlığını önə çəkib. Özü də peşəkarcasına, həm də fədakarcasına yazıb. Yazmayıb ürəyinin döyüntüsünü, çırpıntısını, təlaşını, təlatümünü sətirlərə töküb. Həm də inandırıcı şəkildə, olduğu kimi. Tələbələrin düşüncələri, hiss və həyəcanları, təlatümləri necə də real ifadə olunub. 32 il əvvəl məğlub olsaq da, mübariz gəncliyimizlə, vətənpərvər ogullarımızla necə də fəxr edirik. Elə səninlə də qürur duydum xalqımın igid, vətənpərvər olglu. Yaz, yarat, qələmindən çıxan hər bir cümlə yeni tariximizin bir parçası olacaq. Buna əmin ol Etibar!
Əntiqə Qonaq
Əməkdar jurnalist