"Ata, mən sağam"
Ehtiyatda olan kapitan, professor bir çox romanların müəllifi Viktor Hacıoğlunun 1988- ci ildə yazdığı " İkinci həyat" adlı kitabı ədəbi-bədii romanlar seriyasından sayca üçüncü kitabdır.
Azərbaycan və rus dillərində çap olunmuş əsərdə həmyerlimiz, Azərbaycanın Milli Qəhrəmanı , polkovnik ( hazırda general- mayor) Faxrəddin Mövsüm oğlu Cəbrayılovun obrazı açılmışdır.
Əsərdə Azərbaycan ordusunun döyüşmək və qələbə çalmaq bacarığı təsvir olunmuşdur. Düşmənlə şiddətli toqquşmalar, cəsarətli hücumlar, döyüş dostlarının itirilməsi - bütün bunlar hamısı briqada komandirinin döyüş bioqrafiyasında vardır.Kitabda qeyd edildiyi kimi, çoxları onu həlak olmuş sayırdılar. Lakin o, düşmən döyüşünə tab gətirdi və sağ- salamat qaldı ...
Hərbçi ailəsində doğulmuş Faxrəddin Cəbrayılov dürüstlüyü, cəsurluğu və qorxmazlığı atası, hərbi həkim, polkovnik Mövsüm Cəbrayılovdan öyrənmiş , orta məktəbdə oxuyarkən hərbçi olmağı qarşısına məqsəd qoymuşdur.
Əslən Qubadlı rayonunun Qaracallı kəndindən olan Faxrəddin 1958- ci ildə Zəngəzur mahalında anadan olmuş , uşaqlıq illəri atasının işi ilə əlaqədar Culfa şəhərində keçmişdir.
Mövsüm Cəbrayılovun Almaniyada yerləşən Sovet Qoşunlar Qrupunda xidmət etməsi ilə əlaqədar Faxrəddin orta təhsilini orda almış, sonra vətənə qayıdaraq təhsilini Bakıda davam etdirmişdir.
Fəxrəddin Cəbrayılov 1975- ci ildə Bakı Ali Ümumqoşun Komandirləri məktəbinə daxil olmuş və 1979- cu ildə təhsilini müvəffəqiyyətlə başa vurmuşdur. Gənc komandir Almaniyada yerləşən Sovet Qoşunları Qrupuna göndərilir.
Bir il 52262 saylı hərbi hissənin motoatıcı taqımında, dörd il isə 60366 saylı hərbi hissənin əlahiddə qumbaraatan taqımında komandir vəzifələrində çalışmışdır. Fəxrəddin Cəbrayılov 1984- cü ildən öz fəaliyyətini Zakafkaziya Hərbi Dairəsində davam etdirmişdir.Hərbçi komandir doğma vətəninə qayıtmış və Bakı şəhəri Nəsimi rayon hərbi komissarlığında bölmə rəisinin köməkçisi vəzifəsinə təyin olunmuşdur. Öz xidməti vəzifəsini uğurla davam etdirməklə yanaşı o, hərbi biliklərə yiyələnməyi də unutmur, oxumaq, öyrənmək arzusuyla yaşayırdı. Fəxrəddin Cəbrayılov 1986- və ildə Saratov şəhərində SSRİ Silahlı Qüvvələrin Baş Qərərgahı nəzdində yerləşən Ali zabitlər kursunu bitirdikdən sonra onu Azərbaycan Respublikasının Hərbi Komissarlığında 4- cü şöbənin rəis müavini vəzifəsinə təyin etdilər. Yüksək təşkilatçılıq və komandirlik bacarığı nəzərə alınaraq Fəxrəddin Cəbrayılov Müdafiə Nazirliyinin Beynəlxalq Əlaqələrin İdarəsində müqavilələrin nizamlanması şöbəsinin rəisi vəzifəsinə irəli çəkilmişdir. 1992- ci ilin oktyabr ayında cəbhə bölgələrimizdə vəziyyət çox gərginləşmişdi. Belə bir ağır vəziyyətdə vətəni qorumağa can atan Faxrəddin Cəbrayılov 656- saylı Hərbi Hissənin motoatıcı taborunun komandiri təyin olunur.
Bir il sonra Naxçıvanda yerləşən Motoatıcı alayının komandirliyi ona tapşırılır.
1992- ci ilin yanvar ayından düşmən ardıcıl surətdə Qarabağın kəndlərini zəbt edirdi.Atəş günü- gündən şiddətlənirdi.Düşmən Naxçıvana güclü hücum etməyi planlaşdırırdı .Erməni işğalçıları aşırımlara iri qüvvələr və texnika cəmləşdirmişdilər. Batalyon komandiri mayor Cəbrayılov mövqeləri yoxladı, əsgər və zabitlərə tapşırıqlar verdi.Birdən batalyonun mövqeləri kəskin atəşə tutuldu.
Batalyon komandiri döyüş həyəcanı elan etdi və bölmə komandirlərinə tapşırıq verdi ; Artilleriya kəşfiyyatı atəş hədəflərini aşkar etməli, nəzarətdə saxlamalı, minimyotlar və artilleriya mənim əmrumlə kütləyə atəş açmalı , qumbaraatanlar 135- cu nöqtəyə irəliləməli və yaylım atəşi açmalı , snayperlər isə mənimlə gedəcəklər. Batalyon komandirinin zabitəli əmri eşidilirdi; Artilleristlər! Ləng işləyirsiniz.Düşmənin atəş vasitələrinin koordinatlarını verin !
Düşmənin atəş vasitələrinin aşkar edilməsi haqda məlumatı alan Faxrəddin Cəbrayılov onların məhvinə dair komanda verdi. Mərmi və minaatanlar hədəfə dəydikcə qulaqbatırıcı uğultu bütöv ətrafı bürüdü. Bir necə dəqiqədən sonra sakitlik çökdü və düşmən qüvvələri məhf edildi.Təcrübəli batalyon komandirinin çevik və düzgün komandanlığı sayəsində düşmən qüvvələri xeyli itki verərək geri çəkilməyə məcbur edildi. Faxrəddin Cəbrayılovun ömür yolunda belə təhlükələr çox olmuşdu.Təqdim olunan kitabda cəsur komandirin birinci vətən müharibəsindəki xidmətləri ayrı- ayrı bölümlərdə geniş işıqlandırılmışdır. 1993- cü ildə Beyləqan sərhədində qanlı döyüşlər gedirdi. Faxrəddin Cəbrayılov 707- saylı motoatıcı briqadasında qərargah rəisi idi. Təpədən dırnağa qədər silahlanmış erməni quldurları öz havadarlarının köməyi ilə Azərbaycanın bir çox ərazilərini işğal etmişdilər.
Beyləqan rayonu və mərkəzi təhlükə altında idi.Şəhərdə xeyli dağıntı və itki var idi. Faxrəddin Cəbrayılovun təklifləri əsasında hazırlanmış əməliyyat öz bəhrəsini verdi. Erməni qüvvələri xeyli texnika və canlı qüvvə itirərək geri çəkilməyə məcbur edildi.Dövri mətbuatda gənc komandirin igidliyi barədə yazılar dərc olunurdu. Müdafiə Nazirliyi harda gərgin vəziyyət yaranırdısa, təmkinli və təcrübəli komandiri həmin qaynar nöqtələrə göndərirdilər.
Faxrəddin Cəbrayılov 1994- cü ildə Füzuli və Kəlbəcər istiqamətdə döyüşən və Gəncə şəhərini qoruyan 171- saylı motoatıcı briqadanın komandiri təyin olunmuşdu. Onun müxtəlif vaxtlarda komandiri olduğu tabor, motoatıcı alayı və briqada düşmənə qarşı döyüşlərdə mərdlik və şücaət göstərmişdilər.
1994- cü ildə Faxrəddin Cəbrayılov Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə " Azərbaycan Bayrağı" ordeni ilə təltif olunmuşdur. Murovdağ döyüşlərinin qızğın vaxtında əlaqələr kəsilmiş və hətta qəzetlərdə Faxrəddin Cəbrayılovun həlak olması xəbəri də yayılmışdı. Atası Mövsüm həkim bu xəbərdən sarsılaraq müdafiə nazirliyinə getsə də,oğlundan bir xəbər ala bilməmişdir.Bu xəbəri eşidən dostlar qürurlu ataya baş sağlığı verməyə gəlirdilər. Lakin bir necə gündən sonra çətinliklə də olsa evlə əlaqə sağlayan Faxrəddin "Ata, mən sağam, Məndən nigaran qalmayın"- sözlərindən həkim- polkovnik olan atası Mövsüm kişi oğlunun cəsurluğundan fəxarət hissi keçirdərək göz yaşlarını güclə cilovlaya bildi. Yazıçı Viktoq Hacıoğlu həmin epizodu ətraflı və çox gözəl təsvir etmişdir.
Bakının Qaradağ və Lerik rayonlarında hərbi komissar vəzifəsində ləyaqətlə işləmiş Faxrəddin Cəbrayılov sonralar 4- cü ordu korpusunda fərdi qərargah rəisi vəzifəsində də hərbi peşəsini şərəflə, vicdanla yerinə yetirmişdir.
Azərbaycan Respublikasının Prezidentinin 4 aprel 1995- ci il tarixli 307- saylı fərmanı ilə Cəbrayılov Faxrəddin Mövsüm oğluna Azərbaycanın Milli Qəhrəmanı adı verilmişdir. 44 günlük Vətən müharibəsində də Faxrəddin Cəbrayılov əsgər və zabitlərə dəyərli məsləhətlər verərək, onları qələbəyə ruhlandırırdı. Ordumuzun şanlı qələbəsi xalqımızı sevindirdiyi kimi general- mayor Faxrəddin Cəbrayılovu da sonsuz dərəcədə sevindirdi.Axı ata yurdu azad olanlar niyə də sevinməsinlər?
Faxrəddin Cəbrayılovu tez- tez şəhidlərimizin anım günlərində görmək olur.
"Biz ilk növbədə Ali Baş Komandanımız başda olmaqla milli ordumuzun qeyrətli oğullarına, şəhidlərimizə və qazilərimizə borcluyuq .
Bu gün də Ali Baş Komandanımız İlham Əliyevin müsəlləh bir əsgəri, zabiti olaraq vətənimizin azadlığı, dövlətimizin inkişafı və ordumuzun daha da güclənməsi naminə əlimdən gələn köməyi əsirgəməyəcəyəm" - deyən Faxrəddin Cəbrayılovun 66 yaşı tamam olsa da , təcrübəli komandirin bacarığındann, hərbi taktikasından və təcrübəsindən istifadə etmək yenə də güc deyil.
Təcrübəli və cəsarətli komandir heç zaman ordunu bada verməz- deyiblər. Qubadlı torpağı cəngavərlər yetişdirən bir diyardır.
Ağcakəndin düşməndən azad olunmasında peşəkar hərbçi general-; leytenant, sabiq Müdafiə Naziri Valeh Bərşadlının ordu quruculuğundan, səriştəsindən söhbət salan həmyerlisi Faxrəddin Cəbrayılovun şərəfli ömür yolu bu gün də gənclərimizə bir örnəkdir.İnanırıq ki xalq qəhrəmanımızın hünər dolu döyüş yolu gəncləri həyat naminə daha cəsarətli olmağa ilhamlandıracaqdır.
Cəsur eloğlumuza cansağlığı arzulayır və 2011- cu ildə "Dostlara dost töhfəsi" kitabımda Azərbaycanın Milli Qəhrəmanı Faxrəddin Mövsüm oğlu Cəbrayılova həsr etdiyim " Azad olsun yurdumuz" adlı şeirimlə sözümü hələ ki, tamamlayıram;
Bütövləş, türk dünyamız, arzumuz, amalımız,
Hərbçilər nəslinə əhsən desin xalqımız.
El üçün çalışanlar elin yadında qalar,
Ordumuz əvvəl - axır Qarabağa yol salar.
Qəhrəman doğulubdu, Mövsüm oğlu Faxrəddin,
Susdurub cəngavər tək keçibdir düşmən səddin.
İşində, əməlində, sözlərində doğrudur,
Vətənimi qoruyan Azərbaycan oğludur.
Polkovnik rütbəsiylə çətin addımlar atır,
Təlim görmüş ordumla xalqım zəfərə çatır.
Ali Başa Komandanın əmrinə bənd ordumuz,
Düşmənə qalib gələr, azad olar yurdumuz.
Rauf İLYASOĞLU,
"Həkəri" qəzetinin baş redaktoru,şair- publisist.