SON DƏQİQƏ

Qubadlı görüşünə gəlmişəm

Tarix:6-09-2024, 22:59

Qubadlı görüşünə gəlmişəm 
"Mən üç ömür yaşamışam - hər biri yüz ilə bənzər. Uşaqlıq - məktəbli illəri, Qubadlı illəri və qaçqınlıq illəri. Mənə elə gəlir ki, bunların hər birini yüz il yaşamışam. Qubadlı illərimdə illərimi sayıram. Görən bu hara gedir belə? Bir ucu Qubadlı olanın son ucu da  Qubadlı olacaqmı?" Yaşar Fətiyev 
Zəngəzurla bağlı hər birimizin qəlbimizdə keçən bu nisgili çoxlarımız yaşamışıq.  Bu sözləri elimizin dəyərli, nüfuzlu ziyalısı Yaşar Fətiyevin " Qubadlı , görüşünə gəlmişəm" başlıqlı kitabından götürmüşəm. 704 səhifəlik qalın kitabda  insanların torpaq həsrəti, qaçqınlıq illərində camaatın ağır durumu, mərdlıyi, dözümü, xeyirxahlığı,  fədakarlığı, bir sözlə insani keyfiyyətləri, nəsihətamiz kəlamları, igid oğullarımızın cəsurluğu, işğalçı, fitnəkar  erməni və havadarlarının məkrli alcaqlığı, xəyanətkarlar , əsrimizin əvvəllərindən bu günümüzə qədər tarixi hadisələr xronoloji ardıcıllıqla  öz əksini tapmışdır. Bu kitabları yazarkən Yaşar Fətiyev görün nə qədər ürək ağrısı keçirmiş və geniş araşdırma aparmışdır. Fətiyev soyadı  çəkiləndə hər kəs bu nəsli, kökü ehtiramla xatırlayır və bu kökdən olan qeyrətli insanlara rəhmət diləyirlər.
Yaşar Qurban oğlu Fətiyev  1943- cü  ildə  igidlər oylağı olan Qubadlıda doğulmuşdur.
O, 1961- cu ildə Qubadlı şəhər orta məktəbini bitirmiş, 1964-1966 cı illərdə orduda xidmət etmişdir. 
Yaşar Fətiyev  1976- cı ildə  Azərbaycan Politexnik İnstitutunun mexanika fakültəsini uğurla başa vurduqdan sonra Bakıda Layihə institutunda ( Qipro Az Neft ) mühəndis, Sumqayıtda 2 saylı ərazi nəqliyyat kontorunda dispetçer işləmişdir. Yaşar Fətiyev doğulduğu doğma  rayona qayıdaraq Qubadlı Təmir- Tikinti İdarəsində iş icraçısı, Qubadlı Əhaliyə Məişət Xidməti Kombinatında direktor, Kolxozlararası  Tikinti İdarəsində rəis, 21 saylı Yol -Tikinti İdarəsində rəis, Maddi Texniki Təchizat və Mexanikləşdirmə İstehsalat Birliyində müdir, Rayon Avtomobil Nəqliyyatı Müəssisəsində rəis vəzifəsində 1968- ci ildən - 2002- ci lə qədər  ləyaqətlə  işləmişdir. Yaşar müəllim el - oba arasında  xeyirxahlığı ilə seçilmiş və böyük nüfuz sahibi olmuşdur. 1971- cu ildən Kommunist Partiyasının ləğvinə kimi (1991) fasiləsiz olaraq Rayon Partiya Komitəsinin büro üzvü seçilmişdir. 1972- ci ildən 1995- ci ilə qədər bütün çağırılışlarda rayon sovetinin deputatı olmuşdur. Yaşar Qurban oğlu 1989- cu ildə Raykomun bürosunda Qubadlı rayonu özünümüdafiə qərərgahının rəisi təstiq edilmişdir.
Yaşar Fətiyev vətənin ağır günündə özünümüdafiə batalyonlarına maddi və mənəvi dəstək olmuş, Qubadlı rayonunun müdafiəsi naminə gecə və gündüz əsgərlərlə birlikdə səngərlərdə olmuş və onları mübarizliyə ruhlandırmışdır. Yaşar Fətiyev  1989- cu ilin dekabrında " İqtidar- müxalifət " birgə yığıncağında yaradılmış Rayon Müdafiə Komitəsinə üzv seçilmişdir. Qarabaö müharibəsi veteranı olmuş Yaşar Fətiyev son dərəcə mehriban, qayğıkeş və təəsüibkeş bir insan idi.Yaxşı yadımdadır.
"Respublika" dövlət qəzetində məsul katib vəzifəsini icra edərkən Qubadlı rayonunun tanınmış ziyalılarından Şahsuvar Yahyayev, Yaşar Fətiyev və Razim Əliyev redaksiyaya gəlmişdilər.
Hörmətli həmyerlilərimlə  mehriban görüşəndən sonra  hörmətli qonaqları qəzetimizin baş redaktoru, filologiya elmləri doktoru, professor, AMEA da Cənubi Azərbaycan Şöbəsinin müdiri , rəhmətlik dostum Teymur Əhmədovla tanış etdim. Qonaqları ətirli çaya dəvət etdik.Yaşar müəllim özüylə gətirdiyi şirniyyatı süfrəyə düzdü və hər birimizə  yeni yazdığı kitabını təqdim etdi. Vətənpərvər mövzuda yazılmış kitab haqqında dövlət qəzetində məqaləm dərc olundu.
Eyni zamanda əslən ukraynalı olan və rus ordusu tərkibində Azərbaycanda xidmət etmiş sərhəd bölgəmizdə əhalimizi erməni quldurlarının təcavüzündən qoruyaraq qəhrəmancasına həlak olmuş Olek Babak haqqında da məqalımiz dərc olundu.Olek Babak axırıncı  Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş qeyrətli oğullardan biri idi. Tarixçi alim dostumuz Razim Əliyev bu haqda daha geniş məlumat vermişdi. Onu da qeyd edim ki, Yaşar Fətiyevin doğması  Ülduzə xalayla Ağdamda çox mehriban qapıbir qonşu olmuşduq. Qubadlı həsrətiylə yaşamış Yaşar Fətiyevlə  söhbətimiz o qədər səmimi idi ki, mən Qaçqın şeirimi söyləyərkən  bu insan necə də təsirlənərək göz yaşlarını cilovlaya bilmədi. Yeri gəlmişkən o şeiri də nəzərinizə çatdırıram;

Xoş günlər gözləyir hər gün, hər səhər,
Sel- sular gölündə üzən qaçqınım.
Böyük qələbənin, qayıdış günün,
Həsrətlə gözləyən, dözən qaçqınım.

Dağlarım dumansız dolub ağlayır,
Bağların bağbansız solub ağlayır.
Analar saçların yolub ağlayır,
Nə olar, bir az da dözün, qaçqınım.

Vətənimdə sənə qaçqın dedilər,
Gah didərgin, gah da köçkün dedilər.
Niyə bizə belə misgin dedilər?
Yaralı qəlbimi üzən qaçqınım .

Köhnə libasında gülmə qaçqına,
Görəndə deməyin, gəlmə qaçqına.
Könlün alıb de, xoş kəlmə, qaçqına,
Məlhəm səp dərdinə, bezən qaçqının.

Elim qan ağlayır , torpaq dardadır,
Köç etdim şəhərə, kəndim hardadır? 
ATƏT gəlib gedir , bizi aldadır,
Çarəsiz, yarımcan gəzən qaçqınım.

Qaçqın itiribdir torpağın, varın,
Qaçqın itiribdir sevgili yarın.
Görüb bu dünyanın çovğunun, qarın,
Hamıdan sərgərdan gəzən qaçqınım.
Vətən həsrətinə dözən qaçqınım.

Yaşar müəllim şeirə qulaq asdıqca xəyallara dalır,  fikri çox uzaqlara -  1992-1993- cü illərə gedirdi.Qubadlı rayonu və kəndləri erməni quldurları və havadarları tərəfindən mühasirəyə alınmışdı.
Mərkəzdə hakimiyyət davası gedirdi.Rayonun mərd oğulları silaha sarılaraq güclü texnika və müasir silahlarla silahlanmış düşmənə qarşı müqavimət göstərir, doğma yurdlarını qoruyurdular.O ağır vaxtlarda Yaşar Fətiyev kəndləri gəzir, əsgər və zabitlərlə görüşür, olan reallıqlar barədə yuxarı instansiyalara  məlumat verirdi.Hərbiçilər  mülki əhalinin təhlükəsiz yerlərə çıxarılmasına icazə vermirdi. Yaşar Fətiyev  tabeliyində olan 100 dən çox yük maşınlarınn hər birini  100 litr benzin, dizel yanacağı ilə təmin edərək onları mühasirədə qalmış mülki əhalinin  təhlükəsiz yerlərə çıxarılmasına kömək etdi.
Bu avqust ayının 25- nə təsadüf edirdi.Avqustun 31- də isə Qubadlı rayonu işğal olundu.
Yaşar müəllimin fədakarlığı sayəsində əhalinin xeyli hissəsi düşmənə əsir düşmək təhlükəsindən sovuşdu. Bu günlərdə Yaşar müəllimin oğlu Elman Fətiyev  bizə atasının vaxtilə yazdığı üç cildlik kitabını hədiyyə etdi. Təkrar nəşr olunan bu kitablar olduqca maraqlı və oxunaqlıdır.
Geniş və əhatəli bu kitabda bir ensiklopedik məlumatlar və faktlar xronoloji ardıcıllıqla çap olunmuşdur. Yaşar Fətiyevin növbəti kitabı " Dolub-  boşalan  Qubadlı" adlanır.Kitabda Qubadlıda- Zəngəzurda  ermənilərin zorla yerləşdirilməsi, Qarabağ müharibəsinin Qubadlı epizodları, döyüşçülərin qəhrəmanlığı, müəllifin bilavasitə iştirakçısı  olduğu hadisələrin təsviri, şəxsən tanıdığı dəyərli insanlarln ömür yolu haqqında faktlar toplanmışdır. "Dağların dağın gətirmişəm" kitabı isə Yaşar Fətiyevin sayca üçüncü kitabdır. 600 səhifəlik bu  kitab Qubadlıda gedən proseslərdən, 1918-1920- ci illərdə erməni daşnağı  Andronikin  quldur qoşunu tərəfindən işğal edilmiş torpaqlarımızda insanlara əzab verilməsindən, 1988- 1993- cü  illərdə gedən döyüşlərdən, daxili və xarici düşmənlərimiz tərəfindən işğala məruz qalmağımızdan, torpaqlarımızın azad ediləcəyindən sonra  aparacağımız bərpa işlərindən bəhs edir. Kitabda Zəngəzur - İrəvan tarixindən, ayrı- ayrı şəxsiyyətlərdən, xalq təbabətindən, müəllifin müşahidə və  düşüncələrindən və ayrı- ayrı hadisələrdən  söhbət açılır. İxtisasca mexanik- mühəndis olsa da, geniş dünyagörüşə malik  Yaşar müəllimin  faktlarla  yazdığı tarixi kitabları  hərbi ekspertlər, tarixçilər, ədəbiyyatşünaslar,  müəllimlər, tələbələr, bir sözlə hər kəsin stolüstü kitabına çevriləcəkdir. Yaşar Qurban oğlu Fətiyev cismən aramızda olmasa da, onun yazdığı əsərləri və xeyirxah işləri unudulmayacaqdır. Allahdan Yaşar müəllimə rəhmət diləyirik. İnanıram ki, onun ruhu da şaddır.Çünki, vətən torpağımız  yağı taptağından azad olunubdur.

Rauf İlyasoğlu.  

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ