SON DƏQİQƏ

“Qubadlının dahi təbibləri” rubrikası davam edir- FOTO\VİDEO

Tarix:11-09-2024, 22:34

“Qubadlının dahi təbibləri” rubrikası davam edir

 
Klara Adıgözəlova
 
Adıgözəlova Klara Salam qızı 1936-cı ilin yanvar ayının 15-də  Qubadlı rayonunda ziyalı ailəsində  anadan olmuşdur. Orta təhsilini burada almağa başlasa da, 9-10-cu siniflərdə təhsilini Ağcəbədi rayonunda davam etdirmişdir. Klara Adıgözəlova 1951-ci ildə Nəriman Nərimanov adına Tibb İnstitutuna daxil olmuş və   1957-ci ildə ali məktəbi uğurla bitirərək mama – ginekoloq ixtisasına yiyələnmişdir. Elə həmin ildən Qubadlı Rayon Mərkəzi Xəstəxanasında fəaliyyətə başlamışdır. Uzun müddət Mama-ginekologiya şöbəsinin müdiri kimi fəaliyyət göstərmişdir. İşini həssaslıqla sevən Klara həkim bütün ömrünü peşəsinə həsr edib. Daim öz üzərində çalışaraq, ixtisası ilə bağlı xarici ədəbiyyatları mütaliə edərək  peşəsinin incəliklərinə dərindən yiyələnmişdir. Neçə-neçə qadının sağlam uşaq dünyaya gətirməsinə və bir çox ağır xəstələrin həyata qaytarılmasına nail olmuşdur.  Sevindirici haldır ki, onun fəaliyyəti dövründə pasiyentləri arasında ana ölümü halına rast gəlinməyib.                         
O təkcə ginekoloq kimi yox, həmçinin pediatr kimi yenidoğulmuşlarla da məşğul olaraq onların tam sağlam formalaşmasına böyük əmək sərf edirdi. Hər kəsin hörmət və sevgisini qazanan təcrübəli həkim Klara Adığözəlovanln təcrübəsindən gənc həkimlər də bəhrələnirlər. Klara həkim xidmətlərinə görə “Əməkdar həkim”, “Əmək veteranı” kimi adlara layiq görülmüşdür.   
1992-1993-cü illərdə müharibə vəziyyəti ilə əlaqədar olaraq o, Xanlıq kəndində yerləşən hospitalda çox çətin şəraitdə fəaliyyətini davam etdirmişdir. O dövrdə o, qadınların doğuşunu hospitalın zirzəmisində qəbul edərək, burada həm də yaralılara tibbi xidmət göstərən cərrahlara kömək edirdi. Yeri gəlmişkən onu da deyim ki, böyük qardaşımın oğlu Bəhruzun , eləcə də minlərlə körpələrin sağlam doğulmasından təcrübəli həkim ginekoloq  Klara Adıgözəlovanın   zəhməti böyük olmuşdur. Klara həkimin işlədiyi xəstəxanalarda  doğuş vaxtı bir körpə ölümünə də rast gəlinməmişdir. Belə bir təcrübəli, bilikli, qayğıkeş və  cəfakeş həkimin adının  əbədiləşdirilməsi əlaqədar təşkilatları düşündürməlidir. 1993-cü ildə Qubadlı rayonu işğal olunduqdan sonra Klara Adıgözəlova Bakı şəhərində məskunlaşmışdır. Burada o Suraxanı rayonu 4 nömrəli Qadın Məsləhətxanasının müdiri kimi fəaliyyət göstərmiş, 2003-cü ildən 2015-ci ilə qədər isə o, “AzərsuTikinti” xəstəxanasında ginekoloq kimi çalışmışdır. 
Ömrünün 60 ilini yorulmadan insanların sağlamlığı keşiyində dayanan Klara xanım Adıgözəlovanın yanına  nəinki Qubadlıdan, hətta qonşu Cəbrayıldan,   Füzulidən,  Şuşadan, Laçından, Ağdamdan, hətta qonşu Qafan, Gorus və Sisiyan bölgəsindən də milliyətindən asılı olmayaraq  əlac axtaran xəstələr gələrək şəfa tapırdılar.                                   

Doğuşdan sonra gənc  analar  və   yeni  doğulan körpələr bir neçə gündən sonra sağ- salamat evlərinə qayıdırdılar. Körpələrin qığıltısı, anaların sevinc göz yaşları Klara həkimi ikiqat sevindirirdi. Klara həkim nəinki Respublikamızda, ittifaq miqyasında tanınmış həkim ginekoloq kimi böyük hörmət və nüfuz qazanmışdır.
Dəfələrlə Respublika səhiyyə nazirliyinin fəxri fərmanlarına, təşəkkürnamələrə layiq görülmüşdür. Hippokrat andına əsl sadiq bir həkimin  ən böyük mükafatı  isə körpə fidan balaların sağlam dünyaya gəlməsi idi.Gənc ana körpə balasını qucağına alarkən necə sevinirdilərsə, Klara həkimə elə bil dünyanı verirdilər. Təmınnasız olaraq insanlara qayğı göstərən belə həkimlər tək- tək dünyaya gəlirlər.
Klara Adıgözəlova 2017-ci il fevralın 3-də Bakıda vəfat etmiş və izdihamlı insan axını sevimli həkimini son mənzilə yola salmışlar. Çoxsaylı rayon sakinlərinin xahişini nəzərə alaraq ömrünü insanların sağlamlığına həsr etmiş "Əməkdar həkim" - ginekoloq   Klara Adıgözəlovananın adı inanırıq ki,   əbədiləşdiriləcək və 35 ildən çox işlədiyi Qubadlı Rayon Mərkəzi xəstəxanası onun adını daşıyacaqdır.
Ruhu şad, məkanı cənnət olsun.




 


 
Rauf İLYASOGLU
"Həkəri" qəzetinin baş redaktoru, Günaz az saytının redaktoru, "Xəbər taym"  saytının ümumi şöbə müdiri, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, İraq - Türkmən Yazarlar birliyinin fəxri üzvü , "Qızıl qələm", "İti Qələm"   və bir çox media mükafatları laureatı, şair- publisist.
 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ