SON DƏQİQƏ

Təcrübəli həkim cərrah Əlikişi Məmmədov haqqın dərgahına qovuşdu-FOTO

Tarix:24-10-2024, 00:01

Ömrünün 50 ildən çoxunu insanların sağlamlığına həsr etmiş və  Sumqayıt şəhərində yaşamış təcrübəli həkim- cərrah, böyük yeznəmiz Əlikişi Gülməmməd oğlu Məmmədov haqq dünyasına qovuşmuşdur.

Əlikişi Məmmədov qaymariti təbii otllarla sağaldan istedadlı həkimlərdın idi. Yüzlərlə insanlar həkimin sayəsində sağlamlığına qovuşmuşdular.
Çox erkən vaxtlarından atasını itirmiş Əlikişi Məmmədov öz biliyi sayəsində Azərbaycan Tibb İnstitutunu bitirmiş, hərbi xidmətə çağırılaraq  leytenant rütbəsi almış və üç il hərbi həkim işləmişdir. Ordudan  tərxis olunduqdan  sonra  Sumqayıt şəhər təcili tibbi yardım xəstəxanasında, Sumqayıt şəhər Poliklinikasında və Mərkəzi xəstəxanada şöbə müdiri, Nasosnu qəsəbə xəstəxanasında  həkim- burun boğaz cərrahı işləmişdir.
70 yaşının tamam olması ilə əlaqədar həkim kollektivinin təşəbbüsü ilə Əlikişi Məmmədovun yubileyi təntənəli sürətdə qeyd edilmişdir. Təqaüddə olsa da hər gün onun qapısını döyən xəstələrə evindəcə köməklik göstərən, müalicə edən həkim çox səxavətli və xeyirxah əməllər sahibi idi. Çox vaxt da imkansız xəstələri pulsuz müalicə edər, hətta dərmanlarını da özü alardı.
Ədəbiyyat və musiqi vurğunu idi. Saatlarla klassiklərimizin şeirlərini, o cümlədən ustad şairimiz Sabirin "Hophopnamə"  kitabındakı şeirlərin əksəriyyətini əzbərdən söyləyərdi.
Əməkdar həkim Taryel Eyvazovun təşkilatçılığı ilə 50 ildən sonra məzunlarla görüş adlı kitab  ərsəyə gəlmişdir. Əlikişi həkim-məzun dostları ilə  həmişə əlaqə saxlayırdı. Bir vaxtlar cavan, qara şəvə saçlı tələbələr 50 ildən sonra  bir yerə yığışaraq sevinc hisslərini bölüşürdülər.
Övlad, nəvə sahibi olmuş dünənki  məzunların, bu günki həkimlərin   saçları ağarmışdı. Onlar gənclik illərini xatırlayaraq  bu görüşə  çox sevinmuşdilər.
Əlikişi həkim heç bir xeyir və hüzn mərasimindən qalmazdı və nəsihətamiz sözləriylə, etdiyi xeyirxahlığı ilə nüfuz qazanmışdı. Əslən Cəlilabaddan olsa da Qubadlıya, Ağdama bağlı insan idi.
Özünə çoxlu dost qazanmışdı. Çox dürüst, səliqəli və peşəsinə bağlı insan idi. Təqaüddə olsa da,  Hippokrat özəl klinikasında da işləyirdi. Övladlarını min bir əziyyətlə oxutmuş və hər birinə yüksək ali təhsil vermişdi.
İki övladının toyunu gördü, qol açıb oynadı. Ağırtaxtalı, ucaboylu həkimin rəqs etməsi və xeyir dua verərək səlist çıxış etməsi məclisdə xoş ovqat yaratmışdı.
Nəvəsi dünyaya gələndə sevincinin həddi hüdudu olmadı.Baba olmuşdu.
Nəvəsini qoxlayaraq çox sevinirdi. Heyf ki, övladları Muradı və Fəridi evləndirməyi taleh ona qismət eləmədi. Son bir il ərzində səhhətində ciddi problemlər yaranmışdı. İçkidən, siqaretdən, zərərli vərdişlərdən uzaq olan, dinə imana bağlı həkim  axır məqamında öz dərdinə əlac edə bilmədi.Minlərlə xəstəni əməliyyat edən, həyata qaytaran Əlikişi Məmmədov İstanbulda həkim işləyən oğlu Orxanın bilavasitə nəzarəti və iştirakı ilə  ürəyindən əməliyyat olundu. Ölümdən qayıtdı. Bir ildən çox yaşadı. 17 oktyabrda  qohumu şəhid bacısı Rahilə Ələsgər qızının  hüzn məclisinə gəlməyə hazırlaşırdı. Evlərinə zəng etdim.
Bacım dedi; "Taksi  sifariş vermişdik,  biz də Əli həkimlə yaz məclisinə  gəlmək istəyirdik. Amma həkimin halı nədənsə xoşuma gəlmir.
Dərmanın qəbul edib,  yatağında uzanıb, yaxşılaşsın, gələrik. Onu tək buraxıb gələ bilmirəm." Sən  demə Əlikişi həkim həyatla vidalaşaraq  axirət dünyasına qovuşmağa tələsirmiş... Qiblə səmtə uzanaraq gözlərini əbədi yuman Əlikişi həkim ölümündən əvvəldən övladlarına vəsiyyət də etmişdi ki, mən dünyamı dəyişəndə ağlamayın, çox israfçılıq etməyin, məclisdə bir nəfərdən də pul yığılmasın.Kimə nə etmişəmsə, halal xoşları olsun.
İnsan nədir, yaşıl yarpaq, Axırı nədir, qara torpaq.
Əlikişi Məmmədova hər birimiz hörmətlə yanaşırdıq. Onu bir ağsaqqal bilirdik.Dünyagörmüş insan idi. Haqqı nahaqqa verməzdi. Dürüst, dəqiq və sözü bütöv şəxs idi .Evinə gələn xəstələri ac yola salmazdı. Yaxşı yadımdadır 1985-ci ildə Bakı Kamvol Kombinatında gənc mütəxəssis idim. Tez- tez Sumqayıta bacım gilə gedərdim. Əlikişi həkim otağının birini xəstələr üçün ayırmışdı.
Bilikli və savadlı həkim olduğu üçün işdən sonra da xəstələri evində müalicə edir, sonra da  xəstələrin mürəbbəli çayın, çörəyin verib yola salardı. Həkim mənə bir 96 vərəqli dəftər göstərib demişdi; Rauf, görürsən, bu hamısı müalicə edib, sağaltdığım xəstələrin siyahısıdır.
Adların yazdırıblar ki, maaş alanda gəlib zəhmət haqqımı və dərmanların pulunu ödəsinlər. Çoxusunu  hələ heç yazmamışam. Əlikişi Məmmədov məhz belə səxavətli şəxslərdən idi. Allah sənə rəhmət eləsin. Sənin vəfatını eşidən hər kəs kədərlənir. Bir ağsaqqalımızı da beləcə haqq dünyasına yola saldıq.Allah yerdə qalanları qorusun. Övladlarını, nəvəsini xoşbəxt eləsin. Məleykə bacıma səbr diləyirəm.
20 oktyabr 2024- cü ildə Sumqayıtda 17-ci mikrorayondakl "Billur"  mərasim zalında mərhumun 3 mərasimi keçirildi. Məclisə gələnlər Əlikişi həkimin xeyirxahlığından söhbət salırdı. O, həkim olmaqla yanaşı təsərrüfatla da məşğul olurdu. Bağında gözəl məhsullar yetişdirər və göy- göyərti, əkib becərərdi. İşləməkdən çəkinməzdi.
Dörd övladını oxutmaq, xarici ölkələrdə ali təhsil almaları hər kəsə asan gəlməsin.Məcburiyyət qarşısında  qalaraq bol bəhrəli bağını sataraq övladlarını sağlam böyüdən belə atayla hər kəs fəxr etməlidir. İnstitutda bir qrupda oxuduqları tələbə dostu, ATU- min dosenti, əməkdar həkim  Taryel Eyvazovun dediklərindən; "-  Əlikişi Məmmədovla tələbə yoldaşı olmuşuq,  yataqxanada bir otaqda qalmışıq, son vaxtlarda da əlaqəmiz olub. Çox savadlı, səviyyəli yoldaş idi. Allah qəni-qəni rəhmət eləsin. Hər bir insan bu fani dünyada öz əməlləri ilə rəhmətini və ya  əksini özü qazanır. Amma insanlara şəfa verənlər,elm  öyrədənlər, haqq dünyasında Yaradanın seçilmişləridir. Tanrı Əlikişi həkimin məqamını behişt eləsin."
Taryel həkim, Zakir Ağdamlı tələbə dostları Əlikişi Məmmədov haqqında söhbət edərkən mənim də  xatirələrim xəyalımdan keçdi: 
"- 1977-82- ci illərdə İnstitutda bir oxuduğum və yataqxanada bir otaqda qaldığım tələbə dostumuz Ələddinin başı yenə də ağrıyırdı. Otaqda yayda da başına papaq qoyurdu. İnstitutu bitirdikdən sonra Bakıda Ələddinlə yenə də görüşüb hal əhval tutdur. Dedi ki, başım yenə ağrıyır. Təkidlə bildirdim ki, Qağa, gəl indi səni aparım Sumqayıta. Məleykə bacımın həyat yoldaşı Əlikişi Məmmədov lor həkimidir. Qaymariti otlarla müalicə edir. Professor dostu Əfəndiyevlə birlikdə əlçatmaz dağları, yamacları gəzərək min bir ətirli çiçəklərdən, otlardan toplayaraq təbii dərman düzəldir və yüzlərlə xəstələrə şəfa verir.Ələddinlə birlikdə Sumqayıta gəldik. Bacım süfrəni bol nemətlərlə bəzədi.Onu da qeyd edim ki, Məleykə Məmmədova uzun illərdir ki, Azərbaycan Qadınlar Cəmiyyətinin Sumqayıt  şəhəri üzrə sədri olmaqla  bu gün də imkansız insanlara diqqət və qayğı göstərir. Mərhum professor Zemfira Verdiyevanın AQC- nin sədri olduğu gündən bu günə qədər bu vəzifəni şərəflə davam etdirir. Bu gün də Respublika Qadınlar Cəmiyyətinin sədri Bahar xanım Qasımova da Məleykə İlyas qızı Məmmədovanın fəaliyyətini yüksək qiymətləndirir. Xeyriyyəçi xanımlardan olan Məleykə bacım neçə-neçə kimsəsiz insanlara maddi və mənəvi yardımlar edir. 50-dən çox gənc ailələrin xoşbəxt olmasında köməklik göstərib və toylarını edib.
Beynəlxalq Sülh  səfiridir. "Həkəri" qəzetinin redaksiya heyətinin üzvüdür. Neft Kimya İnstitutunu bitirərək üzün illər Sumqayıtda Elmi Tədqiqat İnstitutunda aparıcı mühəndis vəzifəsində  işləyib. Direktoru akademik, rəhmətlik Əsgər Abdullayev olub. Sonralar  Məleykə xanım analıq məzuniyyətinə çıxmış və ömür-gün yoldaşı doktor Əlikişi Məmmədovla  birlikdə dörd övlad böyüdüb boya-başa çatdırıblar. Səxavətli bacımız bizə bu gün də ana əvəzidir.
Əli həkim Ələddini diqqətlə dinləyib müayinə etdikdən sonra otlarla düzəltdiyi dərmandan bir iki damcı onun burnuna damızdırdı. Duzlu və acı  yeməklərdən az istifadə etməyi tövsiyə etdi.
Bir neçə dəqiqədən sonra Ələddin fasiləsiz olaraq bəlkə də 50-60 dəfə  asqırmağa başladı.
Burnundan çirk tökülməyə başladı. Bir az toxdadıqdan sonra Ələddin dedi;

- Həkim, elə bil ki, ağrılarım azaldı.
Əli həkim təbii otlardan hazırladığı dərmandan Ələddinə verərək dəyərli məsləhətlər verdi. Həkim bizi çox mehriban yola saldı. Bacım isə tez- tələsik bir bağlama verərək dedi: "Qaqa, evə pay qoymuşam. Kənd məhsullarıdır,  nuş edərsiniz." Özümüzə böyük qardaş bildiyimiz yeznəmiz Əlikişi Məmmədovla və bacımla  qürur duyduq və sevinərək Bakıya qayıtdıq. O vaxtdan qağa dediyimiz Ələddinin başının ağrısı da getdi.
Əlikişi həkimin bacısı oğlu Mailxan Səfərovun  dayısı haqqında xatirələrini dinlədikcə bu  həkimin insani keyfiyyətlərinin  bir daha şahidi olursan; 


-" Dayım Sumqayıtda yaşasa da xeyir və şərdən heç vaxt qalmazdı. O, tez-:tez ata yurdumuz olan Cəlilabad rayonunun Təzəkənd kəndinə (indiki Çəmənli) toy və hüzn məclislərinə  gələrdi. Çox vaxt da Əlikişi  dayım mənim şəxsi avtomobilimlə gedib gələrdi.
Hər yay aylarında böyük  tibbi çantasını dərman, pambıq, bint  və iynələrlə dolduraraq Sumqayıtdan Cəlilabada gələrdi.Bizim evimiz səyyari tibb məntəqəsinə çevrilərdi. Evdə xəstələrə tibbi yardımlar edərdi. Əlikişi həkim qohumlarını, kənd sakinlərini pulsuz müayinə edər, birinin boğazının, digərinin də burnunun ətiini kəsərək əməliyyat edərdi.
Kimsədən bir manat da olsun pul almazdı. Hərdən də deyərdim ki, ay dayı, bəs bu qədər insanı əməliyyat edirsən, dərmanların da verirsən.
Heç olmasa aptekdən aldığın dərmanların pulunu niyə almırsan? 
Əlikişi həkim deyərdi;


- Bacı oğlu! Mən bu kənddə böyüyüb boya-  başa çatmışam. Onların çoxunun şəhərə gəlməyə imkanları çatmır. Kənd camaatının məni mehriban qarşılaması bəsimdir.Hər kəs yaxşılıq etməyi bacarmalıdır." 
Əlikişi həkimin belə savab işlərini sadalamaqla bitməz. Bir dəfə bir məclisdə bir nəfər Əli kişi dayıma dedi:


- Ay həkim! Sizinlə birlikdə işləyənlərin çoxusunun  malikanəsi, bağ evi, mersedesi var. Nə əcəb siz özünüzə gözəl bir şərait yaratmamısınız. Sovetdən qalma iki otaqlı mənzildə qalırsınız? (Onda Əli kişi Məmmədov Sumqayıtda 13- cü  mikrorayonda qalırdı). 
Əli kişi həkim fəxrlə dedi; "Mən hamıdan varlıyam. Mənim dörd malikanəm, dörd bağ evim və dörd mersedesim var. O da dörd övladlarımdır. Balalarımı boya- başa çatdıraraq ən yüksək ali təhsil vermişəm. Mənim varım da, dövlətim də  övladlarımdır. Onların gələcəkdə malikanələri də, bağ evləri də, avtomobilləri də olacaq.Keşkə bütün atalar mənim qədər övladsevər olaydı."...
Ağaqasım həkim, Mail həkim, Zakir Ağdamlı və digər həkim dostları Əlikişi Məmmədovun xeyirxahlığından, onun insani keyfiyyətlərindən söhbət salırdılar. Bir gün Sumqayıta gəlmişdim Evdə hamı Əlikişiyə qısa olaraq  Əli həkim deyə müraciət edirdilər.
Mürəbbəli çay içərək mehriban söhbət edirdik.Sallafon torbada çoxlu kağız qırıntıları var idi. Soruşdum ki bunlar nədir, niyə bu dəftərləri xırda hissələrə bölmüsən? 
Dedi ki, vaxtilə bu xəstələri əməliyyat etmişəm. Sağalıblar. Bilirəm ki, borclarını qaytarmağa imkanları yoxdur. İki 96 vərəqli borclu insanların adları olan dəftərdir.xırdalayıb doğradım. Borclarını sildim. Halal xoşları olsun. Allah bu yaxşılığı mənim və övladlarımın qabağına nə vaxtsa çıxaracaqdır. Əli kişi həkim belə geniş qəlbə malik həkim idi. Həkimin Cəlilabadın Çəmənli kəndində yaşayan bacısı qızı, şair-publisist Gülşən Şahmuradlı (Əliyeva Gülnişan Qara qızı) mənə yenicə çap olunmuş öz  şəcərəsi, tayfası haqqında yazdığı "Ulu nəslim" adlı kitabını hədiyyə etdi.
Bir tayfanın, bir elin şəcərəsini yazmaq böyük zəhmət tələb edir.
Şahmuradlı tayfası, ulu babası Allahverdi və ulu nənəsi Ərzəbanu xanımın övladları, nəvə və nəticələri və onların davamçıları (1820- ci illərdən bu günə qədər) haqqında kitabda bəhs edilir. Kitabın bir bölümündə lor həkimi  cərrah  Əli kişi Məmmədov və onun övladları haqqında da məlumat verilmişdir. İstedadlı qələm sahibi Gülşən Şahmuradlının Xanəgah kənd xəstəxanasının baş həkimi Malik Əliyevin və Əlikişi Məmmədovun simasında bütün həkimlərə həsr etdiyi şeiri təqdim etmək yerinə düşər;

Elimiz, obamız tanıyır sizi,
Gülər üzlü, şirin sözlü ay həkim!
Ağrıları incidəndə xəstəni,
Sən edirsən əlacını, ay həkim!.

Şəfqət paylayırsan, həyat verirsən,
Sözlərin məlhəmdir xəstə ürəyə.
Neçə ümidsizi sevindirirsən,
Acı dərmanların bal dadır, həkim!

Xəstə könüllərə şəfa əlində,
Yaşamaq həvəsi sənin dilində.
Adın əzbər olub bütün ellərdə,
Şəfalı əllərin var olsun, həkim! 



Onu da qeyd edim ki, Əlikişi həkimin atası çox erkən vəfat etmiş və əmisi oğlu,  kimya elmləri doktoru, professor, rəhmətlik  Əliməmməd Şabanov ona atalıq qayğısı göstərmişdir. Əliməmməd Lətif oğlu Şabanov Cəlilabad rayonunun dağlar qoynunda yerləşən Təzəkənd kəndində (indi Çəmənli  adlanır) anadan olmuşdur. Bu kiçik kəndin böyük elm adamı Bakı Dövlət Universitetinin kimya fakültəsini bitirmiş və Azərbaycan Elmlər Akademiyasının. Yusif Məmmədəliyev adına Neft-kimya prosesləri institutunda akademik Ə.Quliyevin rəhbərliyi altında  elmi fəaliyyətə başlamışdır.
Ə. Şabanov 1964- cü ildə Zelenski adına Moskva Üzvü Kimya İnstitutunda məşhur rus alimi R.F.Kuçerovun rəhbərliyi altında namizədlik, 1973- cü  ildə isə doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmiş və 1975- ci ildən professor elmi adını şərəflə daşımışdır. Azərbaycan Neft-Kimya İnstitutunun analitik kimya kafedrasının müdiri işləmiş Ə.Şabanov üzvü kimyada yeni istiqamət olan funksional-əvəzli kraun birləşmələr kimyası sahəsində geniş elmi tədqiqat işləri aparmış və kraun efirlərinin alınması  ilə nəticələnmiş yeni sintetik reaksiyalar kəşf etmişdir. 



Beləliklə Şabanov  ölkəmizdə kraun efirləri və  supramolekul kimyasının əsasını qoymuş görkəmli  kimyaçı kimi dünyada tanınmışdır. Onun tərəfindən analitik kimyada yaradılmış "qonaq-sahibkar" prinsipinə əsaslanan yüksək həssaslığa və seçiciliyə malik ionselektiv elektronların və kimyəvi sensorların işlənib hazırlanmasında  fundamental işlər aparmışdır.
Professor Əliməmməd Şabanovun elmi rəhbərliyi ilə ilk dəfə aparılan spin- nişanlanmış kraun efirindən istifadə edərək neft laylarında vurulan suların istiqamətini təyin etmək üçün orijinal analitik üsul işlənib hazırlanmış və  Qum adası sahilində sınaqdan keçirilmişdir. Professor Əliməmməd Şabanovun elmi-tədqiqat işlərinin nəticələri nəinki Azərbaycanda, eyni zamanda Rusiya, İran, Türkiyə və Vyetnam ölkələrində də müvəffəqiyyətlə tətbiq olunmuşdur. Bir sıra sintez olunmuş kraun birləşmələri analitik cihazqayırmada sensorların fəal komponenti kimi tədbiq olunmuşdur.
Almaniyanın Fradberq Dağ-Mədən Akademiyası ilə kraun efirinin sintezinə və analitik kimyada tətbiqinə dair ali məktəblərarası əməkdaşlıq proqramı üzrə fundamental elmi-tədqiqat işləri aparılmışdır. Professor Əliməmməd Şabanovun elmi rəhbərliyi altında 36 nəfər elmlər namizədi, 3 nəfər elmlər doktoru hazırlanmışdır. Professor Əliməmməd Şabanov 1977-2008-ci illərdə ABŞ da və böyük Britaniyanın nüfuzlu universitetlərində uzun müddətli  elmi ezamiyyətdə olmuş,  mühazirələr oxumuş, ölkəmizi çoxsaylı beynəlxalq  konqres və konfranslarda ləyaqətlə təmsil etmişdir. O, 450- dən çox elmi əsərin, o cümlədən "Analitik kimyanın əsasları" fundamental dərsliyin, 16 dərs vəsaitinin və monoqrafiyaların müəllifidir.
Professor Ə.Şabanov 41 patentin müəllifi olmuşdur. Onun elmi işləri keçmiş SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin qızıl medalına layiq görülmüşdür. Ə.Şabanov Azərbaycan Respublikası Təhsil nazirliyinun metodik seksiyasının sədri, Elmlər Akademiyasının İxtisaslaşdırılmış şurasının üzvü, Ali Attestasiya Komitəsinin kimya üzrə alimlik dərəcəsi verən Şuranın sədri olmuşdur. Şabanovun sənaye miqyaslı işləri Yaponiyanın "EXPO- 2006" beynəlxalq sərgidə nümayiş olunmuşdur. Professor Şabanovun övladları Natəvan və Ülviyyə xanım da atalarının yolunu bu gün də şərəflə davam etdirirlər. Yeri gəlmişkən onu da qeyd edim ki, belə bir dünya şöhrətli alimimiz  Əliməmməd Şabanovun adının əbədiləşdirilməsi əlaqədar  təşkilatları düşündürməlidir.
Əlikişi Məmmədov atası qədər çox istədiyi əmisi oğlu Əliməmməd Şabanovun xətrini çox istəyirdi.
Əlikişi Sumqayıtdan Ağdama elçiliyə gələrkən ata əvəzi, ağsaqqal olaraq  professor  Əliməmməd müəllimi də gətirmişdi. Dünya şöhrətli görkəmli alim 
Əliməmməd Şabanovun səlist danışığı və kübar mədəniyyət sahibi olması dünyagörmüş atam İlyas Allahverdiyevin də nəzərindən qaçmamışdı.
Əlikişi Məmmədovun valideynləri dinə-imana bağlı şəxslər olub. Əlikişi həkim həmişə əmisi oğlu Əliməmməd müəllimə oxşamaqla böyük kiçik yeri bilən mədəni, xeyirxah, qeyrətli və vətənpərvər insan idi.
Rəhmətlik Əlikişi Məmmədovun hüzn məclisində zal ağzına qədər dolmuşdu. Qohumlar, dostlar Əlikişi həkimin  ömür-gün yoldaşı Məleykə xanıma,  övladları Orxana, Murada, Fəridə, Sevilə, mərhumun doğmalarına baş sağlığı verirdilər. Məclisi idarə edən Hacı Qurban Coratlı nəsihətamiz kəlamları ilə, savadlı və məntiqli söhbətləri ilə sanki hər kəsin qəlbini oxuyur və insanları xeyirxah, rəhmli və ədalətli olmağa  çağırırdı.
Əlikişi həkimin yolunu şərəflə davam etdirən və hazırda  qardaş Türkiyənin İstanbul şəhərində  nüfuzlu bir xəstəxanada həkim anestezoloq  işləyən  böyük oğlu Orxana etdiyi vəsiyyətə görə məclisdə kimsədən pul yığılmamasını demişdi. Baxmayaraq ki, yaşadığı 77 il ərzində minlərlə insanların xeyir işlərində, hüzn məclislərində iştirak edərək pul yazdıran Əli kişi Gəlməhəmməd oğlu Məmmədov öz məclisində verilən ehsanatı Allah xatirinə etməyi vəsiyyət etməklə neçə bir ali insan olduğunu sübut etməklə əbədi rəhmət qazandı. İnsan dünyasını dəyişəndə deyirlərki, adam var evdən gedir, adam var eldən gedir.Əlikişi həkim eldən getdi. Belə xeyirxah insandan söhbət düşəndə onun səmərəli fəaliyyəti göz önündən gəlib keçir.
Ruhun şad, məkanın cənnət olsun Əlikişi Məmmədov.
İllər, qərinələr ötsə də, Əli kişi həkimin işıqlı siması doğmalarının, dostlarının qəlbində əbədi yaşayacaq və xeyirxah əməlləri heç zaman  unudulmayacaqdır.



Rauf İlyasoğlu 
Yazıçı--publisist

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ