Oktyabr ayının sonuncu günündə (31.10.2024) Mingəçevir Mərkəzi Şəhər Kitabxanasının oxu zalında Azərbaycan Yazıçılar Birliyi Mingəçevir bölməsinin xəttiylə tanınmış şair-publist, “Azad qələm” jurnalının baş redaktoru Nəcibə İlkinlə görüş keçirilmişdir. Şəhər ictimaiyyəti nümayəndələrinin, bir neçə şəhid ailəsinin, ziyalıların, yerli yazarların və tələbələrin qatıldıqları tədbiri AYB Mingəçevir bölməsinin sədri İsmayıl İmanzadə giriş sözüylə açmış, illər öncəsi ilk poetik addımlarını Mingəçevirdə atan və paytaxta köçüb gedəndən sonra istedadlı söz adamı kimi püxtələşən yazar xanımın ədəbi proseslərdə fəal iştirakını məmnunluq hissiylə qeyd etmişdir.Mingəçevir şəhər Veteranlar Şurasının sədr müavini Rizvan Mikayıllı Nəcibə İlkinin ədəbi aləmdəki çoxşaxəli fəaliyyətinə yüksək dəyər vermiş və ona sonrakı əməli işlərində də uğurlar arzulamışdır.
Hüquqşünas-şair Bəhman Gülövşəli çıxış edərək AYB-nin Mingəçevir bölməsi yaradılarkən yerli yazarların sırasına həvəslə qoşulan, ayrı-ayrı klassik şair və yazıçıların yubiley tədbirlərinin, yerli yazarların yeni kitablarının təqdimat mərasimlərinin həyata keçirilməsində fəallıq göstərən, dəyərli çıxışlarıyla oxucuları məmnun edən keçmiş qələm yoldaşının uğurlarından söz açmışdır.
Uzun illər boyu Mingəçevir Dövlət Teatrında aktrisa kimi fəaliyyət göstərən, və sonda Nəsibə Zeynalova mükafatınna layiq görülən Kifayət Əliyevanın Nəcibə İlkinin “Azərbaycan əsgəri” şeirini özünə məxsus ustalıqla söyləməsi diqqətdən qaçmadı.
Tədbirə qonaq qismində dəvət edilən AYB Ağdaş bölməsinin sədri, tanınmış şair-publisist Fəxrəddin Əsəd Nəcibə xanımın əsərlərinin nümayiş edildiyi kitab sərgisinə işarəylə: “Müəllifin önəmli ədəbi fəaliyyətindən soraq verən kitablarına istinadən onu məhsuldar yazar hesab etməkdə haqlıyıq!”-dedi.
Azərbaycan Yazıçılar Birliyinin üzvü, şəhid ailəsi, yazıçı-publisist Zümrüd Rəhimova yazar həmkarının yaradıcılığında şəhidlik mövusunda nəşr etdirdiyi bir neçə kitabın düşmənlə savaşlarda vətən naminə canlarından keçən ərən oğullara yönəlik ehtiram hissindən qaynaqlandığını vurğuladı.
İkinci Qarabağ Müharibəsində Əli və İslam adlı iki öladını itirən Sevinc Məmmədovaya həsr olunan “Əsgər anası” adlı şeirini söyləyən şəhərdəki 1 saylı məktəbin şagirdi Aylin Abdullazadənin çıxışı hamı tərəfindən razılıq hissiylə qarşılandı.
Tanınmş tele-jurnalist İnqilab Şirinli, AYB-nin üzvləri Namiq Zaman və Elşən Əzim, satrik şeirləriylə yerli yazarların və oxucuların rəğbətini qazanmağa nail olan Eldəniz Cəfəroğlun çıxışları da tədbirə əlvan söz çalarları qatmaq baxımından yaddaqalan oldu.
Tədbirin aparıcısı İsmayıl İmanzadə gənc yazarları çıxış etməyə dəvət etməzdən qabaq ötən həftə AYB-yə üzv qəbul edilən Nicat Hunalpın üzvlük vəsiqəsini nümayiş etdirərək, onun etimadı doğruldacağına ürəkdən inandığını vurğuladı və cavan həmkarına xeyir-dua verməyi də unutmadı...
Görüşün sonrakı məqamlarında gənc yazarlardan bölmənin gənclər şurasının sədri, AYB üzvü Elçin Məhərrəm, Nicat Hunalp, Şamil Həsən və tələbə yazar Mədinə Rəhimova Nəcibə İlkinin ünvanına yönəlik hərarətli kəlmələrlə hamıya unudulmaz anlar bəxş etdilər. Mingəçevirdə məhur məşqçi və xeyirxah insan kimi sevilən Mehman Məlikovun Nəcibə xanma ünvanlanmış hərarətli sözləri də təsirsiz ötüşmədi...
Tədbirin ayrı-ayrı məqamlarında Nəcibə İlkinin və el şairi Bəhman Vətənoğlunun yaradıcılığını əks etdirən şeirləri saz havası üstə oxuyan Aşıq Qoşqarın və onu balabanda müşaiyət edən Fərəcin bənzərsiz ifaları hamı tərəfindən alqışlandı.
Sonda çıxış üçün söz alan Nəcibə İlkin görüşçün AYB Mingəçevir bölməsinin sədrinə, mərkəzi kitabxananın direktoru Gülnarə xanıma, yaradıcılığına yüksək dəyər verən qələm dostlarına, oxuculara,-ümumilikdə isə tədbir iştirakçılarına təşəkkürünü bildirdi və bir neçə şeirini oxumaqla hamının alqışlarını qazanmağa nail oldu. Tədbirin başa çatanda isə özüylə gətirdiyi xeyli sayda kitabını kitabxanaya və oxuculara hədiyyə etdi.
Şamil Həsən
AYB Mingəçevir bölməsinin üzvü.
Gənc yazar