Azərbaycanın tanınmış ictimai və dövlət xadimi, hüquqşünas, Qarabağ müharibəsi veteranı, əmək fəaliyyətini Gəncə alüminium zavodunda fəhləlikdən başlayaraq yüksək vəzifələrə qədər yüksələn Şahin Surxay oğlu Cahangirov 10 noyabr 2024-cü il tarixində vəfat etmişdir.
Şahin Surxay oğlu Cahangirov 12 aprel 1940-cı ildə anadan olmuş, əslən Qubadlı rayonunun Eyvazlı kəndindən olan, uzun və şərəfli bir həyat yolu keçmişdir. 1964-cü ildə Azərbaycan Dövlət Universitetinin iqtisadiyyat fakültəsini, 1972-ci ildə isə Moskva şəhərindəki Daxili İşlər orqanlarının rəhbər heyətini hazırlayan, SSRİ Daxili İşlər Nazirliyinin Akademiyasını fərqlənmə diplomu ilə bitirmişdir. Əmək fəaliyyətinə 1964-1969-cu illərdə Sumqayıt şəhərində “Neftkimyaavtomat” Elmi-Tədqiqat və Layihə İnstitutunda aparıcı mütəxəssis kimi başlamış, daha sonra 1970-1971-ci illərdə Dövlət Plan Komitəsi Elmi-Tədqiqat İnstitutunun İqtisadi Tıdqiqatlar şöbəsinə rəhbərlik etmiş və 1971-ci ildən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində müxtəlif rəhbər vəzifələrdə çalışmış bir sıra baş idarələrinə rəhbərlik etmişdir. Polis polkovnikidir. Qarabağ muharibəsi veteranıdır. Xidmətdə fərqləndiyinə görə və xidməti fəaliyyətində yüksək nəticələrin əldə edilməsinə görə bir sıra dövlət medalları və mükafatları ilə təltif edilmişdir.
Şahin Cahangirov həmçinin iqtisadiyyat sahəsində də böyük nailiyyətlər əldə etmiş, 1992-1995-ci illərdə “Neftqazavtomat” Respublika İstehsalat Birliyində rəhbər vəzifəsində çalışmışdır. Sonralar isə xarici neft şirkətlərində Azərbaycan qanunvericiliyinin tətbiqi sahəsində böyük töhfələr vermiş, ilkin olaraq xarici şirkətlər arasında həmkarlar ittifaqı yaratmış və ona rəhbərlik etmişdir.
Şahin Surxay oğlu Cahangirov öz elm və pedaqoji fəaliyyətinə də böyük diqqət yetirmiş, 50-dən çox elmi əsərin müəllifi olmuş, təhsil sahəsində də əhəmiyyətli izlər qoymuşdur. “Yeni Azərbaycan” partiyasının fəal üzvü və veteranı kimi də fəaliyyət göstərmişdir.
Onun vətənə və xalqa xidmətləri, fədakarlığı, şəxsiyyəti və zəhmətsevərliyi ilə çoxlarının yaddaşında əbədi qalacaqdır.
Bu ağır anlarda dərdinizi bölüşür, Şahin Cahangirovun ailəsinin bütün üzvlərinə adımızdan dərin hüznlə başsağlığı veririk.
Allah rəhmət eləsin!
XeberTıme.az