SON DƏQİQƏ

Dünyanın tarixi Qarabağdan başlayır

Tarix:11-01-2025, 02:02

Əslən Azərbaycanımızın dilbər guşələrindən sayılan Qarabağ torpağından olan biri kimi heç şübhə etmədən deyə bilərəm ki, Azərbaycanın ayrılmaz hissəsi olaraq Qarabağın çox zəngin tarixi olmuşdur. Hər şeydən öncə böyük əminliklə söyləyə bilərəm ki, nəinki Azərbaycanın, içində yaşadığımız Yer kürəsinin, dünyanın tarixi elə Qarabağ torpağından başlamışdır. Bunun ən böyük sübutu 30 il Azərbaycanın yaralı yeri olsa da işğaldan azad olunduğu gündən bəri xalqımızın qürur və fəxr yerinə çevrilən, dünya tarixçilərinin böyük heyrətlə haqqında bəhs etdiyi Azıx mağarasıdır. Bildiyimiz kimi Azıx mağarası Qarabağda, Xocavənd rayonunun Azıx kəndində yerləşir. Mağaranın tarixi qədim insan sivilizasiyasının başlanğıcından – Alt Paleolit dövründən başlayır. Hansı ki həmin vaxt insanlar sürü halında yaşamış, danışmaq qabiliyyətinə, əkib-becərmək və ocaq qalamaq qabiliyyətlərinə sahib olmamış, sadəcə ovçuluq və yığıcılıqla məşğul olmuşdurlar. Azıx sözü qədim türkcədə “ayı” mənasını verir. Onu da qeyd edim ki, mağaradan üzərində bəzi işarələr olan ayı kəlləsi tapılmışdır. Bu da insanların ən erkən inanclarına bir nümunə olaraq seçilmişdir. Bu o deməkdir ki, bu mağara ayılarla və ayılara inamla bağlılıq təşkil etmiş, mağaranın olduğu ərazi qədim dövrlərdən bizim – türk etnosunun əcdadlarına aid olmuşdur. Bu da sirr deyil ki, Azıx mağarası Xocavənd və Füzuliyə yaxın bir yer olan Quruçay vadisində aşkar olunduğu üçün Alt Paleolit dövrünün bir adı da “Quruçay mədəniyyəti” dövrü adlanır. Azərbaycan bu mağaraya görə insanlıq tarixinin ən qədim yaşayış məskənlərindən biri adını qazanmışdır. Ona bu adı Qarabağ torpağı və onun zəngin tarixi qazandırmışdır.Sonrakı əsrlərdə, yəni tədricən insanların təbəqələşdiyi, tayfa birliklərinin, dövlət qurumlarının və sonra da dövlətlərin yarandığı bir vaxt Azərbaycan, xüsusilə də Qarabağ zonası qədim əcdadlarımızın, türk tayfalarının yaşayış məskəni olmuşdur. 1000 illik qədim Albaniya dövləti dövründə bu torpaqlarda onlarla türk tayfası yaşamış, onlar arasında saklar üstünlük təşkil etmişdirlər. Bildiyimiz kimi massagetlər, iskitlər, saklar bir türk tayfası kimi Azərbaycanın tarixən sahibi olaraq bu yerlərdə yaşamışlar. Xüsusilə də Qarabağ həmin dövrdə orada yaşayıb qəhrəmanlıq göstərən sak ərlərinin, igidlərinin adı ilə anılıb Ərsak adlı əraziyə çevrilmişdir. Təəssüflər olsun ki, öz zəngin tariximizə zaman-zaman laqeyd qaldığımız üçün mənfur düşmənlərimiz bu gözəl addan öz kirli məqsədləri üçün istifadə edib on minlərlə vətəndaşımızı nahaq yerə şəhid etmişdirlər. Bir haşiyə çıxaraq bunu da qeyd etməyi özümə borc bilirəm ki, yüz illərlə Qəbələdən sonra Bərdə şəhəri Albaniya dövlətinin paytaxtı kimi çiçəklənmiş və qonşu ölkə paytaxtları ilə yarışan bir şəhər olmuşdur. Bərdə indiki Qarabağ iqtisadi rayonunun tərkibində olmasından əlavə Qarabağ ərazisində yerləşən yaşayış məskənlərinə yaxın olduğu üçün Bərdənin yaxınlığındakı digər yaşayış məskənləri də diqqətdən kənarda qalmamış, bir çox abidələr və məbədlər Qarabağımızın və Azərbaycanımızın mədəni irsinə qazandırılmışdır.
Ərəb ağalığı, IX-XI əsrlər feodal dağınıqlığı və Səlcuq hakimliyi dövründə də indiki Qarabağ ərazisi həmişə öz adından bəhs etdirən, öndə olan yer olmuşdur. Monqolların üç yürüşünün hər birindən əziyyət çəkən ərazilərdən biri də bu torpaq, bu məkan olmuşdur. Əmir Teymur Azərbaycana yürüşü zamanı vacib dövlət adamlarını Qarabağda qəbul etmişdir. Qarabağ torpağına o dövr üçün ən böyük dəyər Səfəvi dövlətinin hakimiyyət illərində verilmişdir. Səfəvilər dönəmində Qarabağ ayrıca bir bəylərbəylik olmuş və oranı da idarə edən ayrıca bəylərbəyi olmuşdur. Tanınmış Qarabağ bəylərbəyləri Səfəvilərin Gürcüstana və eləcə də digər qonşu ölkələrə etdiyi yürüşlərdə iştirak etmiş, özləri də yürüşlər etmişlər.
Səfəvilərdən sonra Nadir şahın şahlanan imperiyası, təəssüflər olsun ki, çox qısa sürdü. Nadir şahın faciəvi sui-qəsdindən sonra böyük bir imperiya onlarla yerə parçalandı. Bu parçalanmadan ən çox nəsibini alan da Azərbaycan torpağı oldu. Şimallı-cənublu xanlıqlara, sultanlıqlara, camaatlıqlara parçalanan Azərbaycanın Qarabağ xanlığı yaşayacağı kabuslardan xəbərsiz idi. Gülüstan və Türkmənçay müqavilələri ilə Çar Rusiyasının Azərbaycanı işğal etməsi rəsmiləşdi. Bu işğaldan, demək olar ki, ən çox Qarabağ əziyyət çəkdi. Hansı ki o əziyyəti 200 il boyunca çəkməyə davam edirdi. XX əsrin əvvəllərində mənfur qonşularımız olan ermənilərin kimlərinsə diqtəsi ilə bizə qarşı etdikləri qarşıdurmalar, soyqırımı və qətliamlar xalqımızın qan yaddaşına yazıldı. Çar Rusiyasının aldığı son nəfəsdə edilən bu qətliamlar qanla yazılan yeni tariximizin başlanğıcı oldu. 23 aylıq Cümhuriyyət ağrı-acımızı xəfiflədə bilmədi. Yerinə gələn 70 illik qanlı müstəmləkə hakimiyyəti sözün əsl mənasında Qarabağa və onu vətəni Azərbaycandan ayırmağa yönəlmişdi. Heç bir əsas olmadığı halda ermənilərin muxtar vilayətinə çevrilən Qarabağ və xüsusilə də onun dağlıq rayonları nisbətən sakit günlər yaşasa da bütün bunların fırtınadan qabaqkı səssizlik olduğu heç kəsin ağlına gəlməmişdi...
1987-ci ildən sonra Ulu Öndərimiz Heydər Əliyevin SSRİ-də tutduğu yüksək vəzifədən getməsini fürsət bilən erməni millətçiləri tarixən arzusunda olduqları Qarabağı tamamilə Azərbaycandan ayırmaq üçün fəaliyyətə başladılar. Əvvəlcə mitinqlərlə başladıqları hərəkat sonra qanlı faciələr və qətliamlarla davam etdi. Qarabağda yaşayan azərbaycanlılar zorla yer-yurdlarından didərgin düşdülər, 1 milyon qaçqın hələ təzə yaranan, o qədər də güclü olmayan dövlətin bir çox rayonlarına pənah gətirdilər. Bu da azmış kimi, 30 il boyunca qaçqınlığın, yurdundan didərgin düşməyin verdiyi ağrı-acı, əzab-əziyyətlə yaşadılar. Onlardan biri də 1992-ci ilin 2 oktyabrında işğal olunan Xocavənd rayonunun Muğanlı kəndindən olan ailəm idi.
Biz Qarabağdan olan və soy-kökünün ömür sürdüyü torpaqlardan didərgin düşən insanlar kimi çox qəhərlənsək və kədərlənsək də sabaha olan ümidimizi itirmir, dünya tarixini başladan bir torpağın işğal yox, zəfər tarixinə imza atacağına ümid bəsləyirdik.
27 sentyabr 2020-ci ildən başlayaraq Qarabağla bağlı olan bütün arzu və istəklərimiz gerçəkləşməyə başladı. Ali Baş Komandanımızın qətiyyəti, Şəhid və Qazilərimizin qəhrəmanlığı sayəsində 30 il həsrətində olduğumuz, faciələrlə, qətliamlarla zorla didərgin düşdüyümüz Qarabağ torpağı işğaldan azad edildi! Xüsusilə də 2023-cü ilin 19-20 sentyabr tarixlərində cəmi 23 saat 43 dəqiqə davam edən lokal xarakterli antiterror tədbirləri nəticəsində qan və can bahasına da olsa, mənfur erməni silahlıları Qarabağdan çıxarıldı. 30 il şeytan yuvasına, qərargahına çevrilən Xankəndi azad edildi. Azərbaycan Respublikasının suverenliyi təmin olundu!
Məqaləmin sonunda bunu böyük sevinclə bildirirəm ki, dünya tarixinə başlanğıc verən bir regionun tarixi şərəfi ilə başlayıb, şərəfi ilə davam etdi. Azərbaycan vətəndaşı olaraq biz əminik ki, Ali Baş Komandanımız və müzəffər Ordumuzun cəsurluğu və vətən eşqi sayəsində hələ Qarabağla, Azərbaycanla bağlı çox şərəfli tarixlər, dastanlar yazılacaqdır! Məqaləmi ən yeni tarixin ən yeni reallığına yön vermiş bu sözlərlə tamamlayıram: Qarabağ Azərbaycandır! 



Sevindik Nəsiboğlu
11-ci sinif şagirdi, şair-publisist, AJB üzvü
27.11.2024

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ