14.01.2025-ci ildə Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycanın ilk poliqrafçı alimi, İqtisad elmləri namizədi, Azərbaycan, Rusiya Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü Hörmətli Şəddat Cəfərovun 85 illik yubiley tədbiri keçirildi. Tədbirdə dəyərli ziyalılarımız, elm adamları və yubilyarın ailə üzvləri iştirak edirdilər. Yubiley tədbirini şair-publisist, “Kredo” qəzetinin baş redaktoru hörmətli Əli Rza Xələfli aparırdı. Tədbirdə Şəddat müəllim haqqında gözəl sözlər söylənildi və xatirələr danışıldı. Tədbirdə çıxış üçün mənə söz verdiklərinə görə hörmətli Şəddat müəllimə və hörmətli Əli Rza müəllimə dərin təşəkkürümü bildirirəm. Bir daha Şəddat müəllimi yubiley doğum günü münasibəti ilə ürəkdən təbrik edirəm. Çıxışımı əziz izləyicilərimin nəzərinə çatdırıram:“ Hörmətli tədbir iştirakçılarını ürəkdən salamlayıram. Bu gün Azərbaycan nəşriyyatı, ədəbiyyatı, kitab və kitabşünaslar üçün çox önəmli bir gündür. Çünki bu gün ömrünü elm, maarif, kitab yolunda, həm insanların yeni-yeni kitablar oxuyub maariflənməsi, həm də yeni-yeni yazıçılarla tanış olması yolunda şam kimi əridən, yazdığı və çap etdirdiyi kitablarla birlikdə sonsuzluq və əbədiyyət qazanan, ilk poliqrafçı alimimiz, çox hörmətli Şəddat müəllim Cəfərovun 85 illik yubileyidir. Şəddat müəllim haqqında mübaliğəsiz və tam səmimi olaraq deyə bilərəm ki, saatlarla danışsam da, az olar. Bunun üçün bir yox, bir neçə tədbir lazımdır. Təsadüfi deyil ki, bu mövzuda çoxlu kitablar, məqalələr yazılsa da, hələ də Şəddat müəllim mövzusu bitməz-tükənməz mövzudur. Burada çıxış edən insanların hər biri Şəddat müəllim haqqında öz dəyərli fikirlərini və xatirələrini bölüşdülər. Amma yaşımın azlığını səbəb göstərib deyə bilərəm ki, mənim xatirələrim bir az fərqli və xüsusidir. Şəddat müəllim hələ 12 yaşı tamam olmayan, daşdıqca daşan ədəbiyyat burulğanına yeni nəfəs kimi atılmağa çalışan biri kimi məni bundan 5 il əvvəl – 2020-ci ildə tam səmimi və sadə bir şəkildə qəbul etdi, xahişimi geri çevirmədi və onun böyük səyi və dəstəyi ilə mən 3-cü kitabım olan “Ulu Naxçıvanım” kitabını Şəddat müəllimin rəhbərlik etdiyi mətbəədə çap etdirdim. O vaxtdan 5 il keçib və mən indi böyük fəxrlə deyirəm ki, artıq 8-ci kitabımı Şəddat müəllimin 3 saylı Bakı mətbəəsində çap etdirmişəm. Bir gənc üçün bundan fəxrli və qürurlu hec nə ola bilməz. Şəddat müəllim məni sosial şəbəkələrdən və kütləvi informasiya vasitələrindən hər zaman izləmiş və mənə hər zaman gözəl sözlər söyləmiş, yaradıcılığımı dəstəkləmişdir. Bundan başqa, bir çox kitabımla bağlı naşir kimi məqalə yazmış, fikir bildirmişdir və bu məqalələr həmin kitablarımda çap edilmişdir. Hər dəfə kitab materiallarımı mətbəəyə verəndə və kitab üzərində işləyəndə Şəddat müəllim bir neçə dəfə otağa gəlir və iş prosesi ilə yaxından maraqlanır. Onun hər zaman ziyalı qayğısını hiss etmişəm və bu məni hər zaman fərəhləndirmişdir. Qürurla və tam şübhəsiz deyə bilərəm ki, Şəddat müəllim professional bir naşir, poliqrafçı alim, yazıçı olmaqdan əlavə, ən əsası, ədəbiyyatda özünü sınamağa çalışan gənc qələm sahiblərinə taybatay qapılar açan böyük şəxsiyyət, böyük ziyalıdır. Azərbaycanımızın belə ziyalılara ehtiyacı var. Xalqımız belə ziyalılarla fəxr etməlidir və edir də. 85 illik yubileyi münasibətilə Şəddat müəllimi və onu sevən hər kəsi təbrik edir, ziyalımıza daha uzun ömür, can sağlığı arzu edir, onun ziyasından faydalanan insanların sayının daha da çox olmasını diləyirəm. Çox sağ olun”.
Sevindik Nəsiboğlu
11-ci sinif şagirdi, şair-publisist, AJB üzvü
15.01.2025