Azərbaycan xalqı və dövləti 20 Yanvar şəhidlərin xatirəsini daim uca tutur..
Qan yaddaşımıza əbədi həkk olunmuş 1990-cı ilin 20 Yanvar hadisələri tariximizin özündə faciə və qəhrəmanlığı ehtiva edən unikal səhifəsi, Azərbaycanın sonrakı taleyinə əhəmiyyətli təsiri olan dönüş anıdır. 20 Yanvar faciəsi dünya azərbaycanlıların təşkilatlanmasına səbəb oldu. Faciədən sonra Azərbaycanda sovet imperiyası özünün bütün mənəvi və sosial dayaqlarını itirdi, ölkənin müstəqilliyi ideyası ümummilli amala çevrildi, dünya azərbaycanlıları yeni siyasi tariximizdə ilk dəfə olaraq milli faciəmizin tanıdılması və nəticələrinin aradan qaldırılması naminə yaşadıqları müxtəlif ölkələrdə təşkilatlanmağa başladılar. Azərbaycan SSR kommunist rəhbərliyinin xəyanətkar siyasəti nəticəsində törədilmiş ağır cinayət azadlıqsevər Azərbaycan xalqının iradəsini qıra bilməmiş, onu daha da qəzəbləndirmişdir. 20 Yanvar hadisələri Azərbaycana qarşı törədilmiş hərbi və siyasi cinayətdir. 20 Yanvar hadisələri beynəlxalq hüquqi riyakarlığın təzahürüdür.
20 Yanvar cinayəti Azərbaycan xalqının iradəsini və bütövlüyünü qıra bilmədi. XX əsrdə totalitarizmin törətdiyi ən qanlı terror aktları sırasında 20 Yanvar cinayəti də var. Bu, bəşəriyyət və insanlıq əleyhinə törədilmiş dəhşətli əməl idi. 20 Yanvar hadisələri eyni zamanda Azərbaycan xalqına qarşı törədilmiş siyasi terror kimi də qiymətləndirilməlidir.
20 Yanvar hadisələri Azərbaycan xalqının müstəqillik və azadlıq uğrunda apardığı mübarizənin simvolu olaraq həm də birlik və həmrəylik ruhunu ortaya qoymuşdur. Şəhidləri anmaq, onların mübarizəsini yaşatmaq yalnız keçmişi yad etmək deyil, eyni zamanda, gələcəyə olan ümid və inamımızı gücləndirmək deməkdir.
Ən ağır sınaqlara sinə gərmək əzmini bütün dünyaya nümayiş etdirən Vətən övladları 1990-cı il yanvarın 20-də xalqımızın qəhrəmanlıq salnaməsinə önəmli səhifə yazdılar.
Əkbər Yusifoğlu
Tanınmış hüquqşünas
Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü
Bakı şəhər 20 saylı Vəkil Bürosunun vəkili.