Azərbaycan xalqının milli yaddaşına “Qanlı Yanvar” və ya sadəcə “20 Yanvar” faciəsi kimi həkk olunan o müdhiş yanvar gecəsindən bizi tam 35 il ayırır.
20 Yanvar hadisələrinin Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə həm rəmzi mənası, həm də fenomenal rolu oldu. Müstəqil Azərbaycanda zəncirvarı tarixi proseslərə təkan verdi.
20 Yanvar hadisələrin təfərrüatlarını hər bir azərbaycanlı bilməlidir və unutmamalıdır. Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklə müşayiət edilib.Azərbaycan xalqını dəhşət və müsibətə düçar etmiş 20 yanvar faciəsi bütün dünyada əks-səda doğurmuş, mütərəqqi qüvvələrin qəzəb və hiddətinə səbəb olmuşdur. Bir çox ölkələrin radiostansiyaları da yanvar faciəsi haqqında hərtərəfli informasiya verir və imperiya qüvvələrini lənətləyirdi.İşğalçılıq siyasəti ilə Azərbaycanın suverenliyinə qəsd etmiş, Azərbaycan xalqının başına gətirilən qanlı faciəyə ilk siyasi-hüquqi qiyməti verən, Ümummilli lider Heydər Əliyev oldu.
Azərbaycan dövləti və xalqı öz şəhidlərini unutmur. 20 Yanvar hadisələrin nəticəsində şəhid olmuş ailələrin sosial vəziyyəti daim dövlətin diqqət mərkəzindədir. Prezidenti İlham Əliyevin dediyi kimi, “Azərbaycan bu mübariz oğul və qızlarının şücaətini daim yüksək qiymətləndirir, onların ruhuna ehtiram göstərir, xatirəsini hər zaman uca tutur”. Ulu Öndər Heydər Əliyevin Fərmanı ilə "20 Yanvar Şəhidi" fəxri adı təsis edilib. 20 Yanvar şəhidlərin ailələrinə qayğı daim dövlətin diqqət mərkəzindədir. Prezident İlham Əliyev 20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünü təsis etmişdir. 20 Yanvar hadisələrin xalqın tarixi yaddaşında həkk olunmasında mədəniyyətin rolu danılmazdır. Rəssamlar qələmində, bəstəkarlar mahnılarında, Azərbaycan kinematoqrafçıları filmlərində, yazıçı-dramaturqlar etiraz şeirlərində göstərdi.
20 Yanvar hadisəsi milli məfkurənin inkişafına təkan vermiş hadisədir. 20 Yanvar Azərbaycan tarixində təkcə faciə deyil, Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür. Bu, uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir.
Azərbaycan xalqı göstərdiyi qətiyyətlə nümayiş etdirdi ki, heç bir qüvvə bizim milli azadlıq yolunda mübarizə əzimimizi qıra bilməz. 44 günlük Vətən müharibəsi bir daha xalqımız yenilməz, məğrur olduğunu dünyaya göstərdi. Xalqımız Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşərək möhtəşəm Zəfər qazandı. Qarabağ Zəfərinin davamı olaraq 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun apardığı birgünlük lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmiz həm ərazi bütövlüyünü, həm də suverenliyini tam bərpa etdi. Ötən ilin noyabrında Xankəndidə keçirilən Zəfər paradı ölkəmizin gücünün və Ordumuzun qüdrətinin daha bir parlaq nümayişi kimi tarix səhifələrinə yazıldı.
Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş qəhrəman Vətən övladlarının mübarəzi və əzm yolu gələcək nəsillər üçün əsl örnəkdir.

Yeganə Telmanqızı
XeberTıme.az