SON DƏQİQƏ

GÖRKƏMLİ XALQ YAZIÇISININ GƏNCLƏRLƏ GÖRÜŞÜ- FOTOLAR

Tarix:20-04-2025, 11:12

14 aprel 2025-ci ildə ADA Universitetində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, ADA və Mədəniyyət Televiziyasının əməkdaşlığı ilə "Milli dəyərlərimizə gələcəkdən baxış" layihəsi çərçivəsində xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayevlə gənc fəalların görüşü keçirildi. Görüşdə ADA Universitetinin rəsmiləri, Uşaq Səfirlər Məclisinin və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələri, həmçinin bir çox gənc fəallar iştirak edirdilər.
Tədbirdə ilk söz ev sahibi ADA Universitetinin prorektoru, Milli Məclisin deputatı Fariz İsmayılzadəyə verildi. Hörmətli prorektor ADA Universitetinin rəhbərliyi və şəxsən rektor hörmətli Hafiz Paşayevin adından xalq yazıçısı Anar müəllimi salamladı, dəyərli vaxtını gənclərə həsr edib onları dinlədiyi üçün təşəkkürünü bildirdi. Yazıçı Anarın Azərbaycan ədəbiyyatında, mədəniyyətində rolunu və izini vurğulayaraq yüksək qiymətləndirdi. Gənclərə həyat yollarında uğurlar dilədi.

Sonra söz Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar xanım Muradovaya verildi. Bahar xanım "Milli dəyərlərimizə gələcəkdən baxış" layihəsi və bu layihə fonunda sədri olduğu komitənin uşaqlarla, gənclərlə bağlı gördüyü işlərdən danışdı. Müasir dövrümüzün ən böyük problemlərindən biri olan bəzi gənclərin öz milli-mənəvi dəyərlərinə bağlı olmaması, öz mədəniyyətinə, xalqının irsinə biganə və laqeyd qalmasından danışdı, bunun həll yollarını sadaladı. Gənclərlə əməkdaşlığın ən böyük sübutu kimi görüşdə iştirakına görə xalq yazıçısı Anar Rzayevə təşəkkür etdi və bir daha onun ədəbi irsini gənclərin diqqətinə çatdırdı. Sonra isə tədbirin əsas hissəsi kimi gənclərlə 87 yaşlı böyük xalq yazıçısının sual-cavabı, diskussiyası başladı. Gənclərlə yazıçı Anarın daxili duyğular, vətənpərvərlik, millətə, elə bağlılıq, keçmişdən gələnlərin yaşadılıb gələcəyə inteqrasiya edilməsi ilə bağlı xeyli ətraflı və maraqlı diskussiyası oldu. Yazıçı Anar gənclərə onların çox kitab oxumasını, ədəbiyyatla dərindən məşğul olmasını məsləhət gördü. Dahilik məqamından danışaraq dahi Füzulini, Nizamini yad etdi. Ədəbi kumirləri arasında dahi Cəlil Məmmədquluzadənin adını çəkdi. Vətən müharibəsindən sonra Azərbaycan yazıçılarının gördüyü, görməli olduğu və görəcəyi işlərdən danışdı. Yaradıcılığındakı ədəbi qəhrəmanlardan, onların "həyatlarından" və daxili dünyalarından söhbət açdı. Sualların birinə cavab olaraq Sovet dövründə yazılarının tez-tez senzuraya və tənqid atəşinə məruz qaldığını, bu çətin dövr ərzində onun ən böyük müdafiəçisinin Ulu Öndərimiz Heydər Əliyev olduğunu bildirdi və onun əziz ruhuna bir daha ehtiram göstərdi.

Diskussiyada fəal iştirak edib sual verən gənclər arasında mən də var idim. Mən görkəmli yazıçımıza bir gənc yazar kimi özümü tanıtdım və ondan gənc qələmlərlə bağlı fikirlərini soruşdum. O isə cavab olaraq gənc yazarlar haqqında fikir söylədi və Azərbaycan Yazıçılar Birliyinin onlarla bağlı gördüyü işləri vurğuladı. Sonra mən cavaba görə yazıçımıza təşəkkür etdim və böyük məmnuniyyətlə müəllifi olduğum bir neçə kitabımı ona təqdim etdim. O, kitablarımı gülərüzlə qəbul etdi və mənə uğurlar arzuladı. Tədbirin sonunda Bahar xanım Muradova bir daha çıxış edərək görüşlə bağlı təəssüratlarını bölüşdü, təkliflərini bildirdi. Təkliflərinin arasında gələcəkdə Azərbaycan Yazıçılar Birliyi ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşlığı ilə gənc qələmlərin bir yerə toplaşacağı Uşaq Yazarlar Birliyinin yaradılması oldu. Bu təklif Anar müəllim və görüş iştirakçıları tərəfindən böyük təqdirlə qarşılandı. Sonda isə xatirə fotoşəkli çəkdirildi.

Bu görüşlə bağlı təəssüratlarım sözlərlə ifadə edilə bilməyəcək dərəcədə möhtəşəm idi. Necə deyərlər, ağlım kəsən yaşdan bəri yaradıcılığı ilə tanış olduğum, sevərək izlədiyim "Cavid ömrü", "Üzeyir ömrü", "Keçən ilin son gecəsi" kimi filmlərin ssenarisini yazmış böyük yazıçı ilə görüşmək, ona sual vermək və kitablarımı təqdim etmək çox gözəl bir hiss idi.

Bu əvəzsiz xatirəni biz gənclərin hələ köhnəlməmiş yaddaşına yazdığına görə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə və şəxsən komitənin sədri çox hörmətli Bahar xanım Muradovaya dərin minnətdarlığımı bildirirəm. Bahar xanım komitəyə sədrlik etdiyi vaxtdan bəri gənclərin bir qurum ətrafında toplaşması, onların birlikdə diskussiyalar gerçəkləşdirib Azərbaycanda uşaq siyasətinə təsir göstərməsi, bacarıqlarının və istedadlarının ölkə miqyasında tanınması üçün önəmli işlər görmüşdür. Məqaləmin sonunda bir daha görüşün keçirilməsində əməyi olan hər kəsə, ADA Universitetinin rəhbərliyinə və şəxsən rektor Hafiz müəllim Paşayevə və prorektor Fariz müəllim İsmayılzadəyə dərin təşəkkürümü bildirirəm. Gənclər Azərbaycanın gələcəyidir və biz gənclər keçmişdən aldığımız güclə gələcəyə doğru mətin addımlarla addımlayacağıq.




SEVİNDİK NƏSİBOĞLU
11-ci sinif şagirdi, şair-publisist, AJB üzvü
15.04.2025

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ