İki Cumhurbaşqanı Dayanıbdır yanaşı.
Qarabağda qoyulur
Turanın özül daşı!
Hörmətli prezidentimiz İlham Əliyevə və qardaş
Türkiyəmizin sayın Cumhurbaşqanı Rəcəb Tayib
Ərdoğana sevgi və sayğılarımla
Lirik poema
4-ci hissə
Birliyimiz zamanın
Tələbidir, tələbi!
Birliyimiz zəfərdir,
Birliyimiz qələbə.
Bu birliyi görmüşdüm
İyirmi Yanvarda mən.
Millət nə olduğunu
İlk kəs bildim onda mən.
Haqsızlığa, işğala
Yumruğunu sıxdı xalq.
O boyda imperiyanı
Birliyiylə yıxdı xalq.
Tankların qabağını
Əli yalın kəsdilər.
Düşmənlərin üstünə
Tufan kimi əsdilər.
Tanklar keçdi üstündən,
Xıncım -xıncım oldular.
Dönmədilər geriyə,
Azadlıqçün öldülər.
Gözümdə zirvələrcə
Ucaldı uca millət.
Öz kökünə qayıtdı
Qəhrəman, qoca millət.
Xalqlar, qəbilələr
Birləşdi millət oldu.
İşğalçıya yox deyən
Qüdrətli dövlət oldu.
Haqsızlığa bir yerdə
Ucaltdılar səsini.
Verdilər bu dünyaya
Haqq-ədalət dərsini.
Torpağım, yurdum –yuvam
Vaxt oldu yağmalandı.
Millət şərin önündə
Birliyiylə dayandı.
Birliyiylə topladı
Qüvvəsini, gücünü.
Yağılardan aldılar
Qisasını, öcünü!
Biz belə gəlib çatdıq
Bu dövrə, bu zamana.
Şöhrətimiz yayıldı
Bu dünyaya, cahana.
İşğalçı vəhşiləri
Otutdurduq yerində.
O birliyi axtardım
Otuz ildi şerimdə.
Birlik ilə gücləndi
Ordumuz, dövlətimiz.
Dünyaya bəlli oldu
Gücümüz, qüdrətimiz.
Ölüm hökmünü verdik
Otuz illik işğala.
Yaşı gəlib çatmışdı
Qərinəyə az qala.
Bir milyon qaçqın ilə
Pərən -pərəndi xalqım.
Sonda ilan ağzından
Alındı halal haqqım!
Alındı halal haqqım
Çaqqqalların dişindən.
Millət üzü ağ çıxdı
Zamanın gərdişindən!
Azad etdi işğaldan
Vətənini, yurdunu.
Birliyimiz yaratdı
Bu müzəffər ordunu!
Müzəffər ordumuza
Allah özü yar olsun.
El-obamız firavan,
Millət bəxtiyar olsun!
Birliyimiz Allahın
Xalqıma baratıdır.
Dövlətimin varlığı,
Zəfərin qarantıdır.
Bir olsaq yağı düşmən
Çıxa bilməz qarşıma.
Təklənən vaxtı gəldi
Nə gəldisə başıma!
Xalqın gücü azaldı,
Vətənim parçalandı.
Sərvətim talan oldu,
Ellərim yağmalandı!
Cavad Xan təklənəndə
Belim sındı Gəncədə!
O vaxtdan vicdanımız
Əzabda, işgəncədə!
Yada saldım Gəncəni,
Boğammıram hirsimi.
Millət yaxşı bilməli
Tarixin sərt dərsini!
Bu dərsindən,, beş” alıb
Hökm etməli fələyə.
Yumruq kimi birləşib
Getməli gələcəyə.
İnan mənə, başqa cür
Qaranlıqdır gələcək.
Birliksiz gələn illər
Faciyəylə gələcək!
Allahım bu birliyi
Heç zaman alma bizdən!
,,Güc birlikdədir” sözü
Dildən düşmür bu üzdən.
Birlik deyir elimiz,
Birlik deyir obamız.
Dövlət adlı atamız,
Vətən adlı anamız.
Birlik deyir Zəngəzur,
Birlik deyir Qarabağ.
Yağı əlində qalan,
Bizim olan hər torpaq.
Birlik deyir millətim,
Birlik deyir xalqımız.
Birliyimiz olmasa
Tapdanacaq haqqımız!
Dəmir yumruğumuzu
Uca Allah qorusun.
Bir də işğal görməsin
Elim, obam, ulusum!
Yaşasın birliyimiz,
Dünya çox qarışıqdır.
Bu birlik haqq yolunda
Yanan yaşıl işıqdır.!
Mən də varam sözüdür
El-aləmə, cahana!
Zirehli bir qatardır,
Gedir üzü Turana.
...ardı var
"Zəfər sənin zəfərindi, Sayın Ali Baş Komandan" adlı kitabından.Gəray Göyyurd
Şair