Yazı yazmağa başlamağa və davam etdirməyə çalışdığım bu bir neçə il ərzində bəlkə də, ilk dəfədir ki, tam olaraq sözə haradan başlamaq mənə heç asan görünmür. Əksinə, sözlərin birinci boğazımda, sonra isə yazıya köçürəndə əllərimin arasında düyünləndiyinə şahid oluram və sanki imtahana çəkildiyimi hiss edirəm. Amma təbii ki, gərək haradansa başlayasan. Bu anda sadəcə nəsə yazmağa borcluluq hissi mənim əlimdən tutur, bu vida sözlərini yazmağa mənə imkan verir.Keçən ayın sonunda 17 yaşım oldu. Artıq rahatlıqla deyə bilərəm ki, uşaqlıq illərim arxada qalıb. Bəlkə də, bununla bağlı danışmaq, keçən illərə görə köks ötürmək mənim üçün çox tez görünə bilər – hələ nə həyat yaşamışam ki – amma yenə də gün keçdikcə sanki beynim, fikirlərim məni məşğul etməyə, nələri isə sorğulamağa başlayır. SSRİ dağıldıqdan sonra yeni həyata qədəm qoymağa çalışan insanlar kimi yeni həyata qədəm qoyduğumu anlayıram. O insanlardan fərqli olaraq, gələcək illərimin daha fərəhli, daha ümidli keçəcəyi fikri ilə ümidlənirəm. Amma zaman-zaman onu da fikirləşirəm ki, çox gözəl uşaqlığım keçsə də, artıq arxada qalıb və illər keçdikcə daha da arxada qalacaq. Hər insanın bir uşaqlıq dövrü olur və o dövr həmin insan üçün çox dəyərli, çox qiymətlidir. O uşaqlıq dövrünə bir çox şəxslər, bir çox adlar da daxil olur və həmin adlar da elə o uşaqlıq dövrü qədər önəm kəsb edir. O adlar yavaş-yavaş tarixə qovuşanda isə insan onunla birgə sanki uşaqlığının da son mənzilə getdiyini fikirləşir və çox qəribə hisslərə qapılır. Eynən dünən günorta saatlarında mənim də o düşüncələr girdabına qapıldığım kimi...
Oxucumu yordumsa, üzr istəyirəm, amma sözümün canına gələnə kimi gərək bu qısa müqəddiməni yazaydım. Dünən günorta saatlarında görkəmli yazıçımız İlyas Əfəndiyevin oğlu, Azərbaycan Respublikası Baş nazirinin sabiq müavini, görkəmli xalq yazıçımız Elçin Əfəndiyevin 82 yaşında haqq dünyasına qovuşması xəbərini böyük kədər hissi ilə öyrəndim. İnanın səmimiyyətimə, həyatımın ən əziz, ən dəyərli insanlarından birini, ailə üzvümü itirmiş kimi kədərləndim. Çünki deyə bilərəm ki, çox hissəsi internetdə və kitab rəfinin önündə kitab oxumaq, araşdırma aparmaqla keçən uşaqlıq illərimin böyük qismi Elçin müəllimlə keçmişdi. Oxucuda səhv anlayış yaranmasın, onunla çox sonralar tanış olmuş və sadəcə bir-iki dəfə görüşmüşdüm. Amma yenə də, internetdə bir çox yazarlarımızla birgə onu da araşdırır, haqqında verilən məlumatları və yazılarını sevə-sevə oxuyurdum. O vaxtlardan Elçin müəllim uşaqlıq hafizəmdə böyük bir yer tutmuş və sona qədər o yeri qorumuşdu. 2019-cu ilin noyabr ayında kitablarının Milli Kitabxanamızda keçirilən təqdimatında iştirak etdiyim vaxta qədər mən Elçin müəllimə öz uşaq ağlımla əlçatmaz bir zirvə kimi baxırdım. Elçin müəllimlə, o əlçatmaz zirvə kimi görünən, saçı başı qarlı dağı xatırladan ədəbiyyat fədaisi ilə görüşmək, kitablarını öz imzası ilə alıb oxumaq həvəsi ilə həmin tədbirdə iştirak etdim. Onunla ilk görüşümüz həmin vaxt başladı. Mən o anları heç zaman unutmayacaq, uşaqlığımın ən gözəl çağlarının bir xatirəsi kimi xatirimdə əziz tutacağam. Həmin vaxt o əlçatmaz zirvə öz davranışları və hərəkətləri ilə necə də əlçatan, sadə, səmimi və mehriban olduğunu mənə və hər kəsə göstərdi. Haqqında düşündüyüm fikirləri yaxşı mənada kökündən dəyişərək yaxşı fikirlərimi daha da yaxşılaşdırdı. Uşaqla uşaq, böyüklə böyük olduğunu eşitdiyim Elçin müəllim mənimlə ilk görüş olsa belə bir dost kimi salamlaşdı, kitabını mənim üçün imzaladı. Özü də oturmuş halda yox, elə ayaq üstə və masaya doğru əyilərək. İndi yazanda ona görə xırdalığına gedirəm ki, o vaxt bu anların mənim üçün – 11 yaşlı bir uşaq üçün nə qədər əhəmiyyətli olduğunu anlayasınız. İmzalı kitabı həmişəki kimi kitab rəfimdə durur. Açıb imzasını oxuyuram: “Əziz Sevindik üçün böyük uğurlar arzularıyla! Elçin. 22.11.19.” Sonra isə şəxsən ikimiz üçün xatirə fotoşəkli çəkdirdik. O vaxt uşaq düşüncəmlə fikirləşə bilməzdim ki, vaxt gələcək, o şəkil bir xatirəyə çevriləcək, özü də ən xoş xatirələrdən birinə... İndi isə fikirləşməklə qalmır, yaşayıram...
Son görüşümüz isə elə həmin vaxtlarda olardı. Bu görüş tamamilə təsadüf nəticəsində baş vermişdi. İldən-ilə Azərbaycanımızın görkəmli şəxsiyyətlərini yad etmək üçün Birinci Fəxri Xiyabana gedirdim. Həmin vaxt da yolumu oradan salmışdım. Bir az getdikdən sonra haradasa, dahi Səməd Vurğunun uyuduğu cərgənin yanından ağır-ağır addımlarla yeriyən yaşlı bir kişinin keçdiyini gördüm. O, bizim qabağımızda idi. Sən demə, o yaşlı kişi əslində, şirin və səmimi danışıqlarına görə o qədər də yaşlı təsiri bağışlamayan Elçin müəllim idi. O, atasının məzarını ziyarət edirdi... O vaxt yenə də uşaq ağlımla atasının vəfat etdiyi yaşlara doğru gedən və həmin vaxt atasının məzarını ziyarət edən Elçin müəllimin ağır-ağır yeriyərkən keçirdiyi hissiyyatları, beynindən keçirdiyi düşüncələri, haqq-hesabları düşünə bilmirdim. Gələcəkdə əbədi uyuyacağı yerlərdə dayanan Elçin müəllimlə üz-üzə gəldik. O, səhv etmirəmsə, o görüşdən çox vaxt keçmədiyi üçün məni tanıdı və yenə eyni səmimiyyətlə mənimlə qısa söhbət etdi. Mənimlə nə qədər yaxşı danışsa da, üzünün qırışlarında, başında uca dağ qarı kimi bitən ağ saçlarında ata həsrətini, ata nisgilini yetərincə gizlədə bilməmişdi... Amma buna baxmayaraq, hələ uşaq olduğum üçün o dərin duyğular mənə tam keçməmişdi... Necə bilmək olardı ki...
Görkəmli yazıçımızın ruhu qarşısında son vəzifə, borc kimi bu gün – 4 avqust 2025-ci ildə Gənc Tamaşaçılar Teatrında keçirilən vida mərasimində iştirak etdim. Bu gözəl məkanda belə kədərli tədbirdə olmaq elə Elçin müəllimin yoxluğu qədər ağrılı idi... Hələ srağagün haqqında ailə içində xoş sözlər danışdığımız, xatırladığımız, axşam vaxtı televiziya kanallarından birində ssenarisini yazdığı filminə baxdığımız görkəmli yazıçımız haqqında bu gün keçmiş zamanda danışmaq... Yuxarıda asılmış şəklinə və onun çox aşağısında qoyulmuş tabutuna nəzər salmaq... Elə bu yerdə dahi Səməd Vurğun yaxşı deyib ki, bir gün görürsən ki, açılan solur, düşünən bir beyin bir torpaq olur... Bununla nə qədər barışmaq istəməsək də, həyat hər dəfə bu gerçəkliyi üzümüzə vurur. Çıxışlar edilməzdən öncə dərin bir sükut vardı. Sadəcə mədəniyyət məbədinin hər tərəfindən duyulan həzin melodiyalar eşidilirdi... Halbuki, bu mahnıların hamısı Elçin müəllimin ssenarisi əsasında çəkilən filmlərin mahnıları idi... “Baladadaşın ilk məhəbbəti”, “Arxadan vurulan zərbə”, Elçin müəllim kimi haqq dünyasına qovuşmuş Xəyyam Mirzəzadənin, Emin Sabitoğlunun musiqiləri... Bir mahnı insanı qəm dəryasına qərq edirdisə, bir mahnı sanki bir ümid işığı, bir təskinlik kimi ürəklərə qızmar yay günü sərin su səpirdi.
Sonra tədbir iştirakçıları çıxışlar etməyə başladılar. Mədəniyyət nazirinin müavini Səadət Yusifova Elçin Əfəndiyev yaradıcılığından və onun xalqımıza və dövlətimizə göstərdiyi xidmətlərdən danışdı. Çıxışçılar arasında Elçin müəllimin 60 illik dostu, həmkarı, görkəmli xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri çox hörmətli Anar müəllimin çıxışı hər kəsə çox təsir etdi. Anar müəllimin gözlərində, danışa bilməyib qəhərlənməyində yeni başlayan dost itkisinin sağalmaz yarasını duymaq, hiss etmək mümkün idi. O, çıxışında göz yaşlarına hakim ola bilmədi. Elçin müəllimin bir dost, yaxın, həmçinin bir ailə başçısı və dövlət xadimi kimi necə örnək götürüləsi bir şəxsiyyət olmasından danışdı. Çox hörmətli xalq yazıçısı Çingiz Abdullayev də Elçin müəllimlə 40 ildən artıq bir müddətdə dostluq etməsindən, onun insanlığından, böyük şəxsiyyətindən, təvazökarlığından danışdı. Dəyərli xalq artistimiz Hacı İsmayılov Elçin müəllimin Akademik Milli Dram Teatrı ilə olan səmərəli əlaqələrindən, xarici qastrollarda və teatrda əməkdaşlıqlarından, xoş xatirələrindən danışdı. Son zamanlarda onun səhhətinin yaxşı olmamasına baxmayaraq “Baş” romanının səhnələşdirilməsinə yaxından kömək etməsini, amma tamaşanın premyerasını görə bilməməsini təəssüflə vurğuladı. Azərbaycan Dillər Universitetinin rektoru hörmətli Kamal Abdulla da Elçin müəllimin itkisindən dərin kədər yaşadığını söylədi. Onun əbədilik qazandığını, ölməzliyini vurğuladı. Elçin müəllimin qızı, millət vəkili hörmətli Günay xanım da nə qədər çətin olsa da, ailəsi adından çıxış etdi. Bir zamanlar Elçin müəllimin üzünün qırışında, ağ saçlarında gizlətdiyi ata nisgilini onun çıxışında yenidən hiss etdim. Amma bu dəfə daha ağrılı şəkildə, çünki Günay xanım atasını hələ yenicə itirmişdi. O, atasının dünyasını dəyişsə belə, hər zaman ailəsi və onu sevənlərlə olacağını söylədi. Çıxışında atasının yaradıcılığına və xidmətlərinə böyük qiymət verdiklərinə görə Cənab Prezidentimiz İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya Əfəndiyevlər ailəsi adından dərin təşəkkürünü bildirdi.
Çıxışlarda Elçin müəllimin işğaldan azad olunan Füzulini, Qarabağı gördüyü üçün dünyadan xoşbəxt getdiyi vurğulandı. Elçin müəllimin öz ailəsinə, sevdiklərinə necə həssaslıqla yanaşdığını, atasını torpağa tapşırdığı gün göz yaşlarını necə saxlaya bilməməsini çıxışçılar mərasim iştirakçılarının diqqətinə çatdırdılar. İndi isə vaxt ötür, Elçin müəllim illərlə həsrətini çəkdiyi atasına qovuşsun deyə dəqiqələr bir-birini tez-tez əvəz edirdi. Sonda mən də tədbirdə iştirak edən hər kəslə birlikdə mərhumun ailə üzvlərinə başsağlığı verdim, mərhuma Allahdan rəhmət dilədim. Qısa bir gözləmədən sonra Elçin müəllim Gənc Tamaşaçılar Teatrından son mənzilə yavaş-yavaş yola salındı... Eynən bir neçə il bundan əvvəl son görüşümüzdə Elçin müəllimin atasının məzarına doğru yavaş-yavaş, ağır-ağır yeridiyi yerişi kimi... İndi də Elçin müəllimin tabutu onu sevənlərlə birlikdə yavaş-yavaş, ağır-ağır atasının məzarının yaxınlığına doğru yol gedirdi...
Fəxri Xiyabanda İlyas Əfəndiyevin məzarına doğru addımlayanda qəribə hisslərə qapıldım. Fikirləşdim ki, bir zamanlar düz qabağımızda bu yerlərdə tək-tənha və ağır-ağır addımlayan bir ağsaçlı yaşlı kişi vardı... İndi isə o yaşlı kişinin əvəzinə biz addımlayırıq və onu əbədi mənzilinə qovuşdururuq. O, tez-tez ziyarət etdiyi yerə bu dəfə əbədi məskunlaşmaq üçün son dəfə aparılırdı...
Mərhum torpağa tapşırılanda insan izdihamının düz önündə, mərhumun şəkli ilə üzbəüz dayanmışdım. Yenə fikir məni götürmüşdü. Bu dəfə bir şeyi də fikirləşirdim. Elçin müəllimlə axırıncı görüşümüz burada olmuşdu. İndi isə yenə buradadır, amma bu dəfə bu görüş son görüşdür...
Yenə həminki ağır addımlarla xiyabandan uzaqlaşdıq. Artıq yavaş-yavaş Elçin müəllimə olan son borcumuzun, vəzifəmizin sona çatdığını anlayırdıq. Elçin müəllimin qəlbimizdə olan ömrünün başladığını da anlayırdıq... Təbii ki, borc demişkən, bu borc onun sağlığı ilə əlaqədardır. Onun vəfatından sonrakı borcumuz isə hələ indi başlayırdı...
Elçin müəllim atası ilə bağlı qələmə aldığı “İlyas Əfəndiyev: şəxsiyyəti və sənəti” romanında bu sözləri yazırdı: “Bəli, İlyas Əfəndiyev bu dünyada 82 il yaşadı və çox söz dedi. Amma bununla belə, İlyas Əfəndiyev bu dünyada deyə bilmədiyi o “bir-iki” sözü də həmişəlik özü ilə apardı... O “bir-iki” sözü daha heç kim deməyəcək...” Təsirlisi budur ki, bu sözləri yazan Elçin müəllim də atası kimi 82 yaşında dünyadan köçdü, atası oktyabrın 3-ü, özü isə avqustun 3-ü... Bir zamanlar Elçin müəllimin atası ilə bağlı söylədiyi sözləri indi özünə də aid etmək olar... Bəlkə də, çoxunuza 82 yaş yetərli gələ bilər. Ancaq elə insanlar var ki, 1000 il yaşasalar da, onlara azdır. Elçin müəllim də elə şəxsiyyətlərdən idi. Fikrimcə, o biz gənclərə hələ çox lazım olacaqdı...
Son olaraq onu deyə bilərəm ki, Elçin müəllim, Sizinlə tanış olmaq da böyük şərəf idi, nə qədər ağır olsa da, vidalaşmaq da... Siz atanızın mirasından özünüz üçün istifadə etməyib gələcəyimizə, xalqımıza, dövlətimizə böyük bir miras qoydunuz. Sizin “Baş” romanınız, “Bayraqdar” əsəriniz var, təsadüfi deyil ki, Siz də müasir ədəbiyyatımızın “baş”larından, “bayraqdar”larından idiniz... Azərbaycan ədəbiyyatının gələcək gənc nümayəndələri Sizin töhfələrinizi həmişə böyük borcluluq və minnətdarlıq hissi ilə xatırlayacaq və sona qədər Sizin yolunuzu layiqincə davam etdirməyə çalışacaqlar. Allah Sizə rəhmət eləsin, Elçin müəllim, sevdiklərinizə və Sizi sevənlərə səbir versin! Amin!
SİZ HƏMİŞƏ BİZİMLƏ OLACAQSINIZ!


Sevindik Nəsiboğlu
şair-publisist, AJB üzvü
04.08.2025