SON DƏQİQƏ

"Şərəfli ömür- Ədalətli prokuror" kitabının təqdimat mərasimi-FOTOLAR

Tarix:14-08-2025, 15:13

Azərbaycan Respublikasının Baş Prokurorluğun Elm-Tədris Mərkəzində Baş Prokurorluğun idarə rəislərinin, təqaüddə olan prokurorluq əməkdaşlarının, müharibə veteranlarının , respublika hüquq ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə döyüşçü-prokuror Fərman Rzayevin “Şərəfli ömür- Ədalətli prokuror” kitabının təqdimatının keçirilməsi Baş Prokurorluğun diqqəti cəlb edən ənənələrindən biridir.Respublika prokurorluğunun  məsul  şəxslərinin,  müharibə veteranlarının , Fərman müəllimi yaxından tanıyan dostlarının, doğmalarının iştirakı ilə keçirilmiş tədbiri Baş Prokurorluğun  Elm Tədris mərkəzinin rəisi  Fazil Həsənəliyev açaraq qonaqları salamladı və  vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş cəmi  şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
F.Həsənıliyev döyüşçü prokuror Fərman Rzayevin şərəfli ömür yolundan söhbət açaraq demişdir;
-Fərman müəllim fəaliyyətinə Rusiya Federasiyasının Xabarovsk diyarında  müstəntiqlikdən başlamış və bu təcrübə onun prokuror kimi formalaşmasına əvəzsiz təsirini göstərmişdir. Müstəntiqlik elə bir sənət və fəaliyyətdir ki, geniş bilik və bacarıq tələb edir, cinayətlərin istintaqından kənara çıxır, müxtəlif sahələrdə dərin bilik tələb edən bir çox aspektləri ehtiva edir. Müstəntiq cinayət və cinayət-prosessual qanunvericiliyi yaxşı bilməli, onu praktikada tətbiq etməyi bacarmalı, vətəndaşların hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidir. Müstəntiqin işi yüksək emosional stress, amansızlıq, zorakılıq və kədərlə mübarizə zərurəti ilə əlaqələndirilir ki, bu da müstəntiqdən psixoloji sabitlik və stressin öhdəsindən gəlmək bacarığı, həm də müəyyən şəxsi keyfiyyətlər, məsələn, analitik təfəkkür, ünsiyyətcillik, stressə davamlılıq və yüksək məsuliyyət tələb edir. Fərman müəllim keçən əsrin 90-cı illərində gərgin, ziddiyyətli olan bir dövrdə   prokurorluqda müstəntiq vəzifəsində işləmiş, bir çox mürəkkəb və çətin cinayət işlərinin istintaqına rəhbərlik etmiş və bununla da peşəkar müstəntiq, prokuror imici qazanmış az saylı həmvətənlərimizdəndir. Keçmiş SSRİ-də və indi də Rusiya Federasiyasında peşəkar müstəntiq, prokuror imicini qazanmaq kifayət qədər çətindir, daha böyük bilik, yüksək hüquqi dil qabiliyyəti tələb edir. Fərman müəllim vətənpərvər bir insandır. Xabarovsk diyarında , Rusiyada peşəkar prokuror imici qazandığı, geniş karyera imkanlarının onu gözlədiyi bir dövrdə keçən əsrin 90-cı illərində müstəqillik əldə etmiş vətəninə-Azərbaycana qayıtdı və prokurorluq orqanlarındə gərgin işə başladı. 
 Fərman müəllim Azərbaycandan kənarda keçmiş SSRİ məkanında müəyyən şəxsi nüfuzu  olan şəxslərdən biridir və bu imkanlarından alicənablıqla istifadə edir, problemi olan insanlara köməyini əsirgəmir. 
Fərman Rzayev  elmi-hüquqi və bədii-publisist aspektləri birləşdirən bir yazardır. O, prokurorluq orqanlarında fəaliyyəti zamanı müxtəlif beynəlxalq konfranslarda iştirak etmiş, hüquqi problemlərə elmi-təcrübi yanaşması ilə fərqlənmişdir, qanunverciliyin implementasiyası  və  təkmilləşdirilməsi ilə bağlı tədqiqatlarını indi də davam etdirir. 
Təqdimatı keçirilən kitab məşhur bir ziyalı nəslin nümayəndəsinin həmin nəslin ənənələrinə uyğun olan fəaliyyətinə həsr olunaraq, müəyyən mənada bioqrafik xarakter daşısa da, Fərman müəllimin prokuror kimi formalaşmasının tarixi şəraiti, şəxsi keyfiyyətlərinin  prokurorluq işçisi üçün vacibliyi, ölkədə keçirilən hüquq islahatları barədə geniş məlumatlar əldə etməyə imkan verir .
 Kitabda Fərman Rzayevi yaxından tanıyan prokurorlar, ziyalılar onun fəaliyyətini xarakterizə edirlər və hər bir yanaşma onun yeni-yeni keyfiyyətlərinə diqqəti cəlb edir. 
Fərman Rzayev  hazırda təqaüddədır. Ancaq buna baxmayaraq F.Rzayev bu gün də elmi, hüquqi publisist və bədii yaradıcılıq  fəaliyyətini davam etdirir .
 Prokurorluq orqanlarında yaş həddi 60 yaş olaraq  müəyyən edilmişdir. Ancaq prokurorluq orqanlarında uzun müddət işləmiş, fiziki sağlamlığı fəaliyyətini davam etdirməyə imkan verən şəxslərin əksəriyyəti təəssüf ki, daha çox fayda verəcəkləri fəaliyyətdən kənarda qalmağa məcbur olurlar. Əslində bu ölkəmizdə bir çox hüquq-mühafizə orqanları, həmçinin digər orqanlar üçün də mübahisəli olan məsələlərdəndir. Müəyyən tarixi şəraitdə formalaşmış, geniş təcrübəyə və biliklərə malik olan insanlar fəaliyyətdən kənarda qalmağa məcbur olurlar. Bir çox ixtisas sahibləri başqa sahələrdə işlərə alışa bilirlər, ancaq hüquq-mühafizə orqanlarının əməkdaşlarının böyük əksəriyyəti ömürlərinin sonuna kimi hadisələrə, fəaliyyətlərə prokuror, polis və s. kimi yanaşmaqda davam edirlər. Əslində bu sahələrdə təqaüd fiziki imkanlarla, şəxsi istəklərlə daha çox əlaqələndirilməlidir və yaxud müəyyən formalarda işə cəlb edilməlidirlər. Bu aspektlərdə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinində əvvəlcə yaş həddinin 70 yaş olması, daha sonra “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 1 aprel 2025-ci il, № 165-VIIQD Azərbaycan Respublikasının Qanunu ilə 75 yaşa qədər uzadılması təcrübəsi digər orqanlara münasibətdə də qanunvericilik qaydasında təsbit edilməlidir. Belə ki, müəyyən qabiliyyətlər, bacarıqlar həm şəxsi keyfiyyətlər, həm də təcrübə ilə formalaşır. Belə formalaşmadan keçən və xidmətlər üçün faydalı olan şəxslərin fəaliyyətə cəlb edilməsi həmin xidmətlərin özləri üçün vacibdir.
Bu ciddi məsələdə dövlət fərdi keyfiyyətləri  önə  çəkməli və  onların barəsində qərarlar qəbul etməlidir.
Fərman müəllim geniş yaradıcılıq imkanları olan prokurorlardandır. Onun həm elmi, həm hüquqi, həm  publisist, həm də bədii yaradıcılığı birləşdirən daha geniş yazarlıq imkanları vardır. 
Dövri mətbuatda aktual məqalələri , sosial şəbəkələrdə  maraqlı çıxışları  dəyərləndirilmiş və "Qızıl qələm" və bir çox media mukatlarına layiq görülmüşdür.
Fərman Rzayev 30 ilə yaxın erməni işğalı altında inləyən  torpaqlarımızın azadlığı və həmin ərazidə yaşamış , hüquqları taptalanmış  məcburi köçkünlərimizin müdafiəsi naminə dövlət səviyyəsində, beynəlxalq müstəvidə aktual çıxışları  xarici nümayəndələrin diqqətini cəlb etmişdir.
Bundan əlavə Fərman Rzayev öz savadlı və məntiqli çıxışları, tutarlı faktlara  əsaslanaraq  həmişə erməni  millətçilərini və rus şovinistlərini  yerində öturtmuşdur .
Təqdim olunan kitab Fərman müəllimin üzərinə həmçinin bu istiqamətin davam etdirilməsi, yeni yaradıcılıq əsərlərini təqdim etməsi vəzifəsi qoyur.
Tədbirdə Baş Prokurorluğun kadrlar idarəsinin rəisi  Natiq Hüseynov , Gədəbəy rayonunun sabiq icra başçısı Kamran Rzazadə, kitabın müəllifi  Fərman Rzayevin qızı- Amerikada fəaliyyət göstərən Azərbaycan diasporasının fəal üzvü Rəna Rza,   Respublikamızın bir çox rayonlarında məhkəmə sədri işləmiş  İsmayıl 
Əbdürəhmanlı 
  və başqaları döyüşçü prokuror , vətən müharibəsi qazisi Fərman Rzayevin insani keyfiyyətlərindən söhbət açmışlar.
Tanınmış ictimai xadim Rauf Zehni Fərman Rzayevi  görkəmli yazıçımız Süleyman Rəhimovun 
" Mehman" povestindəki qəhrəmana bənzətdi.Çünki Fərman Rzayevin çətin, əziyyətli və keşməkeşli yolu buna bariz nümunədir.
Azərbaycanın Milli Qəhrəmanı Faxrəddin Cəbrayılov çıxışında xüsusilə vurğulamışdır ki, Murovdağda gedən qızğın döyüşlərin birində Fərman  Rzayev xidməti vəzifəsini yerinə yetirərkən qolundan yaralanmış və bu gün də o ağrını  gəzdirir .
 Fərman müəllim orduda baş vermiş pərakəndəliyin, özbaşınalıqların qarşısını almaq üçün gecə- gündüz çalışmış və  ağır bir şəraitdə buna nail olmuşdur.
 Onu da qeyd edək ki, Fərman Rzayev  Daşkənd Dövlət Universitetinin  hüquq fakultəsini qırmızı diplomla bitirmiş, diplom işinin müdafiəsində Moskvadan gələn komissiyasının üzvləri SSRİ məkanında tanınmış akademiklər- S.S Alekseyev, K.Q.Fyodorov və başqaları  iştirak etməklə  onun  işini yüksək qiymətləndirmiş  və Elmi Şurada müzakirə olunmasını tövsiyə  etmişlər.
SSRİ məkanında millətçılik başlayan zaman  Fərman Rzayev Xabarovsk diyarının Lazo  rayon prokurorluğunun müstəntiqi vəzifəsində işə başlamış ,  sonra cəmi üç  aydan sonra  styajorluqdan attestasiya olunmuş, cəmi bir il altı ay müddətində   diyar prokurorluğunun istintaq hissəsinə böyük müstəntiq və 6 aydan sonra ümumi nəzarət idarəsinə prokuror vəzifəsinə  təyin olunmuş ,  vaxtından əvvəl  iki dəfə  rütbə almışdır. Rusiya kimi yerdə belə rütbə almaq nadir  hal kimi qiymətləndirilir. Bu qiymət Fərman Rzayevin sərt iqlim şəraitində fədakar əməyinə, savad və bacarığına görə verilmişdir. (bunu  sabiq baş prokurorun müavini  işləmiş Fikrət Məmmədov da vaxtı ilə Fərman müəllimin  şəxsi işi ilə tanış olarkən xüsusi vurğulamışdır.). 
Xabarovsk diyarında azərbaycanlıların ilk mədəni- muxtariyyət təşkilatını da Fərman Rzayev yaratmaqla  "skinxed" deyilən millətçi qrupunun bizim millətə qarşı fəaliyyətinə son qoymuşdur. Göstərilən 2 il yarım müddətdə köhnədən açılmamış qalan  8 iş üzrə cinayəti açmış və dəfələrlə mükafatlandırlmışdır. 
İşğalçı erməni  hərbi birləşmələrinin Vətənimizə qarşı təcavüzü başlayan zaman,  Fərman Rzayev tərəddüd etmədən ( onu qarşıda gözləyən perspektivlərə baxmayaraq), 1992- ci ildə ölkəmizə qayıtmış  və bir başa cəbhə bölgəsində yeni yaranmış Qazax qarnizonu hərbi prokurorluğunda xidmətə başlamışdır . Silah əlində bir başa döyüşlərdə iştirak etməklə ( Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Murovdağ və Füzuli  bölgələrində), sonra isə Gəncə qarnizonu hərbi prokurorluğunda fəaliyyətini davam etdirmişdir. Həmin vaxtlar döyüşçü prokuror  cinayətkar qruplara qarşı ciddi mübarizə aparmış , içtimai rezonans doğurmuş işlərin istintaqını aparıb məhkəməyə göndərmiş və Baş prokuror tərəfindən dəfələrlə mükafatlandırmışdır.
Fərman Rzayev Gədəbəy rayon XDS- nə deputat seçilmişdir. 
Sonra o,  qaçqın şəraitində olan Zəngilan rayon prokurorun köməkçisi vəzifəsinə  təyin olmuşdur,.
2000- ci ilin sonunda Fərman Rzayev Xaçmaz  rayon prokurorluğuna köməkçi vəzifəsinə təyin olunmuş və qısa müddətdən sonra  Simal bölgəsi üzrə prokuror- kriminalist vəzifəsinə  irəli çəkilmişdir. Həmin müddət ərzində təcrübəli prokurorun  peşəkar fəaliyyəti , qətiyyəti  nəticəsində qeyri- aşkar şəraitdə törədilən cinayətlər açılmışdır ( kifayət edər ki, o zaman cəmiyyətdə böyük narahatlığa səbəb olan
 " meşə qardaşları" bandasının bir qrupu həyasızcasına Qusarda qızıl- zinyət əşyaları mağazasına gündüz odlu silahla basqını zamanı ölümlə nəticələnən hadisəsi) və 2005- ci ilin yanvar ayında Fərman müəllim peşəkarlığına görə Bakı şəhəri üzrə Dövlət ittihamı şöbəsinin prokuroru vəzifəsinə təyin olunmuşdur.  Burada da bir çox mürəkkəb işlərin baxılmasında savad və bacarıq göstərmiş  və onu  2007- ci ildə  Baş prokurorluğun istintaqa nəzarət idarəsinə prokuror, sonradan isə böyük prokuror vəzifəsinə təyin edilmişdir. Buradakı fəaliyyəti zamanı da bir sıra beynəlxalq tədbirlərdə fəal iştirak etməklə yanaşı , özü treninqlər keçirir, qanunvericiliyin implementasiyasına bir sıra töhfələrini vermişdir. Bununla yanaşı böyük ictimai rezonansa səbəb olmuş Qazax rayonunda qeyri- aşkar şəraitdə törədilmiş ( iki nəfər Gürcüstan vətəndaşının  odlu silahla öldürülərək gölə atılması) ilk dəfə ölkəmizdə telefon billinqi üslubunu işlətməklə cinayətin  açılması tərəfindən təmin edilmişdir.  Buna görə də 
Baş prokuror tərəfindən Fərman Rzayev   xidmətlərinə görə mükafatlandırılmışdır.
 Sonradan Fərman müəllimin təcrübəsi nəzərə alınaraq Elm- Tədris Mərkəzinə prokuror- müəllim vəzifəsinə təyin edilmişdir.
Fərman müəllim  gənc kadrlara mühazirələr oxumaqla yanaşı, ganunvericilik aktların layihələrinin müzakirəsi , rəy və təkliflər verilməsi, seminarların keçirilməsi, imtahan  suallarının hazırlanması işində fəal  iştirak etməklə özünün metodik vəsaitini də ərsəyə gətirmişdir.
 Fərman Rzayev Prokurorluğun bütün fəaliyyət istiqamətlərində ,( müstəntiq, prokuror köməkçisi, ümumi nəzarət idarəsinin prokuroru, Dövlət ittihamı üzrə prokuror, prokuror - kriminalist, prokuror - metodist, prokuror- müəllim kimi) uğurla çalışmış və dəfələrlə mükafatlandırılmışdır.
 Bundan əlavə Fərman müəllim  neçə illərdir ki,  xeyriyyəçiliklə  də məşquldur. Şəhid ailələrinə, qazilərə ,  kasıblara kömək göstərən Fərman Rzayev  kövrək qəlbli insandır.
Allahın yaratdığı bir canlıya da qıymayan Fərman müəllim  100 - dən artıq kimsəsiz heyvana ( itə və pişiyə yardım edir), 4 dənə fərdi sığınacağa da köməyini əsirgəmir.
Kitabın bir bölməsində  Kamran Rzazadə  doğma  qardaşları Salman müəllim və Fərman  Rzayev haqqında kövrək xatirələrini , vətən   müharibəsi illərində Rzayevlər ailəsinin fədakarlığını oxucularla bölüşmüşdür.
Fərman müəllimin böyük qardaşı Kamran Rzazadə Gədəbəyin ilk özünümüdafiə Şurasının sədri olmuş , daxili təxribatların qarşısının alınmasında , ərazi bütövlüyümüz uğrunda kəskin  mübarizə 
 aparmış, hətta Gədəbəydə yaşayan azsaylı millətlərdən olan malakanları başına toplayıb həyatını riskə ataraq  atası Qədimalı həkimin və alim qardaşı Salman müəllimin təşəbbüsü və qardaşlarının maddi vəsaitləri hesabına   malakanları Moskvaya aparmış ,Azərbaycanımızı informasiya blokadasından  çıxarmışdır.
Onu da qeyd edək ki, Heydər Əliyev Fondunun vitse prezidenti Leyla Əliyevanın təşəbbüsü və dəstəyi ilə Sankt- Peterburqda  fəaliyyət göstərən məşhur rus alimi Yuri Pomeyevin Karabaxskiy Dnevnik"  kitabında  bu faktlar göstərilərək öz layiqli yerini tapmışdır .
Kamran Rzazadə 2005- ci ildən 2012- ci ilə qədər Gədəbəy rayonuna başçılıq  etdiyi dövrdə də gədəbəylilırin  dərin hörmətini qazanmış və şərəfli bir yol keçmişdir.
Fərman müəllimin digər qardaşı fizika elmləri doktoru ,  professor, NyuYork Elmlər Akademiyasının  həqiqi  üzvü olan  Salman Rzayev AMEA - nın  fizika institutunda   işlədiyi dövrdə vətənin ağır günündə elmi fəaliyyətini  saxlayaraq bir başa cəbhə bölgəsinə gəlmiş və Gədəbəydə hərbi hissədə şəxsi heyət məsələləri üzrə  tabor komandirinin müavini vəzifəsində işləmiş, gəncləri vətəni qorumağa səsləmişdir.
Mərhum alim Salman  Rzayev  vətəni qorumağı isti kabinetlərdə işləməkdən üstün tutan  və adı gələndə ehtiramla xatirlanan  yeganə vətən sevdalılarından biri  olmuşdur. Onun şücaəti komandanlıq tərəfindən  dəfələrlə mükafatlandırmışdır.
Əlbəttə ki valideynləri Qədimalı kişinin , Əzət ananın düzgün tərbiyyəsi sayəsində məğrur , halal və dürüst böyüyən qardaşlar hər biri bir məktəbdir, -desək yanılmarıq.
Kitabda Rzayev qardaşları haqqında geniş, maraqlı  və ətraflı məlumat əldə etmək mümkündür.
Tədbirin sonunda Fərman Rzayev əməyinə verilən yüksək qiymətə görə Baş Prokuror başda olmaqla həmkarlarına, eləcə də kitabda ürək sözləri yazmış dostlarına, iş yoldaşlarına dərin təşəkkürünü bildirmiş və " Şərəfli ömür- ədalətli prokuror" kitabını tədbir iştirakçılarına hədiyyə etmişdir. 






Rauf İlyasoğlu, 
AJB- nin üzvü,
Şair- publisist.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ