Fərəməz Böyükağa oğlu Xasəddinov Lerik rayonunun füsunkar Toliconi kəndində dünyaya göz açıb. Dağların sərt, lakin şəfalı havası ilə nəfəs alaraq böyüyən bu igid oğul, həyatını torpağa və vətənə bağlılıqla yaşayıb. Ömrünün böyük hissəsini Xəzər rayonunun Binə qəsəbəsində keçirsə də, doğma kəndinə olan sevgisi heç vaxt solmayıb, kökləri həmişə dağların qoynunda qalmağa davam edib.
Fərəməz Böyükağa oğlu təkcə kəndinə bağlı bir zəhmətkeş deyil, həm də Vətən müharibəsi veteranıdır. O, ilin böyük bir hissəsini doğma kəndində keçirərək təsərrüfatla və arıçılıqla məşğul olur. Təmiz dağ havası, bulaq suları və halal zəhmət onun həyat fəlsəfəsinin ayrılmaz parçasıdır. Sadə, lakin dərin mənalı bir həyat sürür.
Birinci Qarabağ müharibəsinin ən ağır günlərində — Ağdam və Ağdərə istiqamətində gedən döyüşlərdə o, Vətən uğrunda mərdliklə vuruşub. Göstərdiyi şücaət və sədaqət ona həm döyüş yoldaşlarının, həm də kənd camaatının dərin hörmətini qazandırıb. Onunla tanışlığım bacısı oğlu, igid döyüşçü Nədiş Dövlətov (Nadir) vasitəsilə baş tutub. Dayı-bala olaraq çiyin-çiyinə döyüşən bu iki qəhrəman, vətən sevgisinin canlı təcəssümü olublar. Doğma bacısı oğlu Balaş Atakişi oğlu Dövlətov isə həmin döyüşlərdə igidlik göstərərək şəhidlik zirvəsinə ucalıb. Bu itki Fərəməzin yaddaşında silinməz bir iz qoyub.
Bu gün də Fərəməz Böyükağa oğlu doğma kəndində yaşayır və hər addımında vətənə olan bağlılığını nümayiş etdirir. Qarabağın azadlığı onun üçün qürur və fəxarət mənbəyidir. O, şəhid dostlarının xatirəsini daim uca tutur, adlarını böyük ehtiramla yad edir. Xüsusilə Ağdamın minlərlə igid oğlundan — Allahverdi Bağırov, Fred Asif Məhərrəmov, Şirin Mirzəyev və digər qəhrəman komandirlərdən danışarkən gah kövrəlir, gah da qürurla boylanır keçmişə.
Fərəməz müəllim Azərbaycanın torpaqlarının azad olunmasından böyük sevinc və qürur hissi keçirir. Qarabağın işğaldan azad olunması onun üçün təkcə bir xəbər deyil, illərlə içində daşıdığı bir arzu, bir dua idi. Lakin bu sevinclə yanaşı, qəlbinin dərinliklərində iz qoymuş ağır xatirələr də var.
O, Ağdamın azadlığına sevinə-sevinə, ora getməyə cəsarət edə bilmir. Deyir ki: “O torpaq uğrunda nə qədər döyüş dostlarım həlak olub... Ora getsəm, ürəyim partlayar...”
Bu sözlərdə həm ağrı, həm də dərin bir vətən sevgisi yatır. Çünki o torpaqlarda Fərəməz müəllimin gəncliyi, döyüş yolları, igid silahdaşlarının və şəhid bacısı oğlu Balaş Atakişi oğlunun xatirəsi uyuyur.
Bacım oğlu Qarabağda şəhid olsa da, doğulduğu Toliconi sovetliyinin Vılık kəndində torpağa tapşırılıb.
Bu səbəbdən, Ağdam onun üçün təkcə bir şəhər deyil — canı, qanı və yaddaşıdır.
Sağlamlıqla bağlı ciddi sınaqlardan keçsə də — ötən il iflic keçirib, bir ay komada qalıb — Fərəməz müəllimin yaşama iradəsi və doğma yurda olan sevgisi onu həyata qaytarıb. Onun üçün ən böyük dərman dağ havası, bulaqların saf suyu və kəndin sakitliyidir.
Sadə bir arzusu var: “Kəndin yolları düzəlsin, tez-tez gələ bilim,” — deyir. Bu arzu onun vətənə bağlılığının nə qədər saf və səmimi olduğunu bir daha göstərir.
Fərəməz Böyükağa oğlu Xasəddinov kimi insanlar Azərbaycan xalqının mərdlik və vətənpərvərlik ruhunun canlı təcəssümüdür. Onun həyat hekayəsi təkcə bir insanın taleyi deyil — bu, bütöv bir xalqın mübarizə və dirəniş tarixinin bir parçasıdır.
Rauf İLYASOĞLU,
"Həkəri" qəzetinin baş redaktoru, şair -publisist.