6 oktyabr 2025-ci ildə Bakı Ekspo Mərkəzində XI Bakı Beynəlxalq Kitab Sərgisində iştirak etdim. Sərgi başdan sona qədər bir kitab aləmi, bir kitab cənnəti idi. Ölkəmizin və digər ölkələrin nəşriyyatları tərəfindən çap olunmuş nəfis tərtibatlı kitablar diqqətimi cəlb etməyə bilməzdi. Kitablar kimi kitab sərgisində iştirak edən dəyərli ziyalılar və kitabsevərlər də eyni cür diqqətimi cəlb etdi. Onlarla görüşmək və bir yerdə olmaq məni çox sevindirdi. “Tərəqqi” medallı pedaqoq, Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Yazıçılar Birliyinin üzvü Nəzakət xanım Eminqızı, Respublika “Xatirə Kitabı” Redaksiyasının baş redaktoru Nəzakət xanım Məmmədova, Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Şəhla xanım Qəmbərova, şairə, yazıçı, bəstəkar və rejissor, “Soyuq günəş” və digər bədii filmlərin ssenaristi Sədaqət xanım Kərimova kimi hörmətli ziyalılarımızla görüşdüyüm üçün həmin gün mənə görə xüsusilə əlamətdar oldu. İlk olaraq şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü Rüstəm Behrudi ilə oxucuların görüşündə iştirak etdim. Görüşdə Rüstəm Behrudi ilə birgə çox hörmətli şair-yazıçımız Seyran Səxavət də iştirak edirdi. Onlar 1 saat ərzində Rüstəm Behrudi və onun şəxsiyyətində Azərbaycan ədəbiyyatının nümayəndələrini və nümunələrini müzakirə etdilər. Rüstəm Behrudinin ən tanınan və bəyənilən şeiri olan “Salam, dar ağacı!”na bəstələnmiş mahnı səsləndirildi, həmçinin Rüstəm müəllim özü də yazdığı şeirləri – “Məzarlıqda bitən yovşan” və “Ata dili”ni səsləndirdi, özü, yaradıcılığı və ədəbiyyatımızla bağlı bir çox sualları cavablandırdı. Sonda Rüstəm müəllim və Seyran müəllimlə xatirə fotoşəkli çəkdirdik. Seyran müəllimlə daha yaxından tanış olduq, dəyərli yazıçımız haqqımda gözəl sözlər söyləyərək mənə uğurlar arzuladı.
Ardından sərgidə iştirakımın əsas məqsədinə çatdığım vaxt gəldi. Sərgi çərçivəsində tələbəsi olduğum Milli Aviasiya Akademiyasının professoru, tarixçi elm xadimi Gülşən Seyidovanın “Azərbaycan tarixi”, “История Азербайджана”, “Müxtəsər Azərbaycan tarixi” və “Краткая история Азербайджана” kitablarının təqdimatı keçirildi. Təqdimatda Milli Aviasiya Akademiyasının rəhbərliyi, müəllimləri və tələbələri, eyni zamanda kitab və tarix həvəskarları olan oxucular iştirak etdilər. Tədbiri “Şərq-Qərb” nəşriyyatının baş redaktoru Nərgiz Cabbarlı apardı. Tədbirdə çıxış edən ziyalılarımız professor Gülşən xanımın tarix elminə verdiyi töhfələrdən, elmi fəaliyyətindən və yazdığı tarixi kitabların, dərsliklərin əhəmiyyətindən danışdılar. Bakı Dövlət Universitetinin Tarix fakültəsinin dosenti Samir Baxşəliyevə söz verildi. Samir müəllim Gülşən xanımın elmi fəaliyyətindən və təqdimatı keçirilən dərsliklərin əhəmiyyətindən, başda rektor Arif müəllim Paşayev olmaqla Milli Aviasiya Akademiyası rəhbərliyinin tarix elminə verdiyi töhfələrdən danışdı. O, bildirdi ki, Milli Aviasiya Akademiyasının dəstəyi ilə çap olunan, hazırda təqdimatı keçirilən bu kitablar bir daha bu ali təhsil ocağının təkcə aviasiya sahəsinə yox, həm də tarix elminə dəyər verdiyini, çoxşaxəli fəaliyyətinin olduğunu sübut etdi. Tarixçi pedaqoq Elnur Kərimzadə də bu dərsliklər haqqında danışaraq onların Azərbaycanın 5000 illik dövlətçilik tarixini tam doğru və dolğun şəkildə oxuculara çatdırdığını bildirdi. Sonra söz kitabın çap edildiyi “Şərq-Qərb” nəşriyyatının direktoru Sevil İsmayılovaya verildi. Sevil xanım da müəllifin fəaliyyəti və dərslikləri ilə bağlı öz fikirlərini söylədi, uğurlar arzuladı. Tədbirin sonuna yaxın tələbələrə də söz verildi. Milli Aviasiya Akademiyasının İqtisadiyyat və hüquq fakültəsinin hüquqşünaslıq ixtisası üzrə II kurs tələbəsi Nübar Fərəczadə tələbə yoldaşları ilə birlikdə oxucusu olduğu kitabla, onunla bağlı təəssüratlara çıxışında yer verdi və görkəmli şairimiz Tofiq Bayramın ölməz şeiri olan “Azərbaycan deyəndə” şeirini söylədi. Sonra isə çıxış Milli Aviasiya Akademiyasının İqtisadiyyat və hüquq fakültəsinin hüquqşünaslıq ixtisası üzrə I kurs tələbəsi kimi mənə verildi. Mən çıxışımın sonunda “Azərbaycanım” adlı şeirimi söylədim. Tədbirin sonunda söz müəllifə — Gülşən xanım Seyidovaya verildi və o, dərsliklərin hazırlanma prosesində və təqdimatında əməyi keçən hər kəsə, xüsusilə də Milli Aviasiya Akademiyasının və “Şərq-Qərb” nəşriyyatının rəhbərliyinə təşəkkürlərini bildirdi. Sonda xatirə fotoşəkli çəkdirildi.
Tədbir başdan sona qədər çox gözəl keçdi. Tarixçi pedaqoqlarımızla, professorlarımızla, alimlərimizlə, həmçinin tələbə yaşıdlarımla bir daha bir arada olmaq məni çox sevindirdi. Tədbirdə görkəmli ədibimiz Mir Cəlal Paşayevin qızı, alim, filoloq, ədəbiyyatşünas Ədibə xanım Paşayeva da iştirak edirdi. Ədibə xanımla görüşdüm və birlikdə fotoşəkil çəkdirdik. O, mənim çıxışımı çox təqdir etdi və mənə uğurlar arzuladı. Ədibə xanım ilə görüşüm gözlənilməz olduğundan həyəcanlandım və ona görkəmli ədibimiz Mir Cəlal Paşayev haqqında illər öncə, yəni hələ 12 yaşında olarkən yazdığım, “Kredo” qəzetinin № 30 (1010) 29 avqust 2020-ci il sayında dərc olunmuş “Mir Cəlal – fəxr, qürur zirvəsi” adlı məqaləm, “Mir Cəlal” adlı şeirim və şərqşünas, filologiya elmləri doktoru Aida xanım İmanquliyevaya həsr etdiyim, “Könüllərə yol gəzirəm” adlı kitabımda çap olunmuş “Filoloq Aida xanım” adlı şeirim barədə məlumat verə bilmədim. Həmçinin Vətən müharibəsi və ondan sonrakı dövrdə ədibimiz Mir Cəlal Paşayevin adını daşıyan ev muzeyinin təşkil etdiyi tədbirlərdə yaxından iştirak etdiyimi söyləmək imkanım olmadı. İnanıram ki, Ədibə xanım ilə, nə vaxtsa, yenidən görüşmə imkanım olacaq və bu barədə ona ətraflı məlumat verəcəyəm. Özü kimi dəyərli sözləri və mənə olan səmimi rəftarına görə Ədibə xanıma dərin təşəkkürümü bildirirəm.
Təbii ki, nəhəng və möhtəşəm kitab sərgisindən kitabsız ayrılmaq mümkün olmazdı və qəbahət olardı. Maraqlandığım mövzularla bağlı bədii, memuar və bioqrafik xarakterli kitablar aldım. Kitab sərgisində dəyərli ziyalılarımızdan filologiya elmləri doktoru, professor Nizami müəllim Cəfərov, əməkdar jurnalistimiz Əbülfət müəllim Mədətoğlu və dəyərli şair-yazıçımız Qəşəm müəllim Nəcəfzadə ilə görüş mənim üçün çox xoş oldu. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin müdiri çox hörmətli Vasif müəllim Qurbanzadə ilə də görüşmə şansı əldə etdim və onunla xatirə fotoşəkli çəkdirdim. Vasif müəllimə təşəkkürümü bildirdim və o da gözəl sözlər söyləyərək mənə uğurlar arzuladı.
Bakı Kitab Sərgisində — bu nəhəng kitab sərgisi və bu möhtəşəm kitab bayramında bir günümdən yazdığım bu yazımı bitirməzdən qabaq bu günü mənə yaşadıb bu şansı mənə verən səbəbkarlara – mənə ilk gündən doğma olan ali təhsil ocağım Milli Aviasiya Akademiyasının rəhbərliyinə, əziz Gülşən xanım Seyidovaya, tədbirlə bağlı məni məlumatlandıran tarix müəllimim əziz Samir müəllim Baxşəliyevə dərin təşəkkürlərimi bildirirəm. Kitab həyatdır, ona görə ki, həyat kitabdadır, kitab həyatdandır. Kitabı həyatına çevirənlərin nə xoş halına. İndi isə haqqında bəhs etdiyim həmin tədbirdə etdiyim çıxışımı diqqətinizə çatdıraraq məqaləmi bitirirəm:
“Sərgi iştirakçılarını ürəkdən salamlayıram. Əvvəlcə özümü təqdim etmək istərdim. Mən Milli Aviasiya Akademiyasının hüquqşünaslıq ixtisası üzrə birinci kurs tələbəsi, gənc yazar, 8 kitab müəllifi, AYB və AJB üzvü Sevindik Nəsiboğlu. Bu gün bizim akademiyamızda çalışan, çox dəyərli, hörmətli elm xadimimiz, professor Gülşən xanım Seyidovanın biz doğma tələbələri üçün böyük zəhmətlə yazdığı “Azərbaycan tarixi” dərsliyinin XI Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində oxuculara təqdim edilməsində iştirak və çıxış etdiyim üçün bir Azərbaycan gənci və tələbəsi kimi çox xoşbəxtəm. Mən və tələbə yoldaşlarım akademiyada təhsil aldığımız bu qısa müddət ərzində tarix dərslərinə hazırlaşmaq üçün kitabxanamızda bir çox tarix kitablarını nəzərdən keçirdik.
Amma Gülşən xanımın yazdığı, indi oxucuların ixtiyarına verilmiş “Azərbaycan tarixi” kitabını əldə etdikdən sonra bu kitabın biz tələbələr üçün çox uyğun olduğunu görüb oxumağa başladıq. O vaxtdan bu vaxta kimi kitab mənə və tələbə yoldaşlarıma o qədər xoş təsir bağışladı ki, vaxtımızın darlığından kitabı daha tez əldə edə bilmədiyimizə görə heyifsiləndik. Gülşən xanımın müəllifi olduğu “Azərbaycan tarixi” dərsliyi yazı dilinin asanlığı, tariximizin ayrı-ayrı mərhələlərinin tam doğru və dəqiq tədqiq olunması, dövlətçilik tariximizin həqiqətlərinin etibarlı mənbələr əsasında və zəngin məlumatlarla tələbələrin diqqətinə çatdırılması baxımından çox qiymətli əsərdir. Kitab tariximizin ayrı-ayrı dövrlərinə aid olan və bilmədiyimiz bir çox maraqlı faktlar ilə biz tələbələri heyrətləndirməyə, dövlətçiliyimizin keçmişi ilə bağlı düşündürməyə və tarix biliyimizi daha da kamilləşdirməyə xidmət edir. Kitabın nə qədər böyük zəhmət, əziyyət hesabına başa gəldiyini istifadə edilmiş ədəbiyyat siyahısından da görmək olar. Gülşən xanım dərsliyin tələbələrin tarix bilgisi üçün effektiv, asan öyrənilən, ən əsası doğru və dolğun olması üçün Azərbaycan və rus dillərində olan 200-ə yaxın tarixi mənbədən, kitablardan və internet resurslarından istifadə etmiş, müəllifin özünün də yolunda böyük əmək sərf etdiyi Azərbaycan tarix elminin əldə etdiyi nailiyyətlərdən bəhrələnərək bu qiymətli əsəri ərsəyə gətirmişdir. Ümid edirik ki, bu kitab da Gülşən xanımın müəllifi olduğu digər kitablarla birlikdə indi də, bundan sonra da geniş oxucu auditoriyasına çatacaq, günbəgün dəyişən və qızıl dövrünü yaşayan Azərbaycan tarixinə və elminə Gülşən xanım hələ çox töhfələr verəcəkdir. Dəyərli ziyalımızı təbrik edərək ona bu işıqlı yolda daha böyük uğurlar və yorulmazlıq arzulayır, çıxışımı öz yazdığım “Azərbaycanım” adlı şeirimlə bitirmək istəyirəm.
AZƏRBAYCANIM
İgidlər yetirən qəhrəman anam,
Nə həddim üstümdə haqqını danam!?
Min illər oduna qovrulam, yanam,
Bu yenə də azdır, Azərbaycanım!
Daim zirvələrdən duyulsun səsin,
Anamtək doğmadır isti nəfəsin,
Elə çiçəklən ki, görənlər desin,
Bir bahardır, yazdır Azərbaycanım.
Gözəl bir yaz günü nurtək doğuldun,
Şəhidlərin qanı ilə yoğruldun,
Ancaq bir gün beşikdəcə boğuldun,
Böyük tariximsən, Azərbaycanım!
Səni quran əllər təkrar qurdular,
Heydərlər yorulmadılar, yordular,
Sənlə birgə zirvələrdə durdular,
Qürurum, fəxrimsən, Azərbaycanım!
Qalib bir ölkəsən, bunla fəxr elə,
Çəkdiyin əziyyət getməyib yelə,
Qüdrətin qürurdur Türk ellərinə,
Şanım, şöhrətimsən, Azərbaycanım!
Yenilməz qüdrətin əzizdir mənə,
Bu gücün, qüvvətin əzizdir mənə,
Namusun, qeyrətin əzizdir mənə,
Namus, qeyrətimsən, Azərbaycanım!
Sevindik söyləyər bu sözü hər an,
Damarımda sənlə çağlayır bu qan,
Durduqca, durduqca bu bədəndə can,
Həmişə bizimsən, Azərbaycanım!
Ana Vətənimsən, Azərbaycanım!”





SEVİNDİK NƏSİBOĞLU
Milli Aviasiya Akademiyasının tələbəsi, şair-publisist, AJB üzvü
24.10.2025