Tacir Hacı Ramazan Kərbəlayi Miralı oğlu 1814-cü ildə Qarabağın Kəbirli mahalının Seyidli (indiki Ağdam rayonunun Seyidli kəndi) kəndində anadan olmuşdur. Məqalə “Qarabağın Seyidli oymağı” (I kitab, Bakı, 2017), “Seyidli oymağı və Kərbəlayi Miralılar nəsli” (Bakı, 2025) adlı monoqrafiyalarım əsasında yazılmışdır. Hacı Ranazanın atası Kərbəlayi Miralı (...-1826) ali dini təhsil almış, dövrünün savadlı din xadimlərindən sayılmışdır. Kərbəlanı ziyarət etdiyi üçün ona Kərbəlayi Miralı deyə müraciət olunmuşdur. Özündən yaşca böyük Ağamalı (1808-1848), yaşca kiçik İsmayıl (1818-...), Miralı (1826-...) adlı qardaşları olmuşdur. Onun nəsil şəcərəsi ilk dəfə bu sətrlərin müəllifi tərəfindən tərtib edilmiş monoqrafiya və kitablarıma salınmışdır.
Hacı Ramazan haqqında təəssüf ki, əlimizdə kifayət qədər məlumat yoxdur. O, 12 yaşı olanda atası dünyasını dəyişmişdir. Təhsilini Seyidlidə almışdır. Həcc ziyarətində olduğu üçün Hacı Ramazan deyə müraciət olunmuşdur. Dövrünün imkanlı tacirlərindən sayılmış, yaşadığı bölgənin ictimai həyatında aparıcı rol oynamışdır.
Hacı Ramazanın 1862-ci ildə, 48 yaşında dünyasını dəyişməsi ehtimal olunur.
Şuşa qəzasının Seyidli kəndinə aid 1844-cü il kameral təsvirində Hacı Ramazan Kərbəlayi Miralı oğlunun ailə tərkibi həyat yoldaşı Şirindən, oğlu Əhməddən ibarət olmuşdur. 1848-ci ilə aid Seyidli kəndinin kameral təsvirində Hacı Ramazanın ailə tərkibi oğlanları Əhməddən, Cəfərdən, Hüseyndən ibarət olmuşdur. Kiçik oğlu Hüseyn 1848-ci ildə iki yaşında dünyasını dəyişmişdir.
Hacı Ramazanın anadan olmasının 200 illik yubileyi münasibətilə bu sətrlərin müəllifinin 2014-cü ildə məqaləsi nəşr edilmişdir.
XIX əsrdə yaşamış tacir Hacı Ramazan Kərbəlayi Miralı oğlunun ömür yolu tədqiq və təbliğ edildikdə adı Qarabağın nüfuzlu tacirləri sırasında çəkiləcəkdir.
Orxan Zakiroğlu (Baharlı)