XIX əsrdə yaşamış şəriət müəllimi Mirzə Məhəmməd bəy Dərgahqulu bəy oğlu Axundov 1808-ci ildə Qarabağın Kəbirli mahalının Seyidli (indiki Ağdam rayonunun Seyidli kəndi) kəndində anadan olmuşdur. Tərcümeyi-hal arxiv sənədləri əsasında ilk dəfə bu sətrlərin müəllifi tərəfindən hazırlanmış, “Qarabağın Seyidli oymağı” (I kitab, Bakı, 2017), “Ağdamda təhsil (1883-1993)” (I kitab, Bakı, 2018), “Axundovlar nəslinin görkəmli şəxsiyyəti – Süleyman Sani Axundov” (Bakı, 2025) adlı monoqrafiyalarımda çap edilmişdir. Mirzə Məhəmməd bəy Axundovun atasının adı Dərgahqulu bəy, ata babasının adı Axund Molla Əlidir. Azərbaycanın görkəmli dramaturqu, nasiri, maarif xadimi Süleyman Sani Axundovun böyük əmisidir. Azərbaycan Respublikası Dövlət Tarixi Arxivində saxlanılan Şuşa şəhərinin, Seyidli kəndinin (indiki Ağdam rayonunun Seyidli kəndi) müxtəlif illərə aid kameral təsvirinə istinadən Mirzə Məhəmməd bəyin nəsli bəy nəslidir. Onun daşıdığı Axundov soyadı öz adını babası Axund Molla Əli adlı din xadiminin adından almışdır. O, Qarabağ xanları İbrahimxəlil xan və onun oğlu Mehdiqulu xan dövrünün nüfuzlu şəxsiyyətlərindən sayılmışdır.
Mirzə Məhəmməd bəy Axundov mənsub olduğu nəslə görə Qarabağın hörmətli, savadlı bəylərindən idi. Mükəmməl təhsil almış, ərəb, fars dillərini, şəriət elmlərini bilmişdir. O, Ağdam Cümə məscidinin dini məktəbində, Seyidli kəndində ərəb dilindən, şəriət elmlərindən dərs demişdir.
Mirzə Məhəmməd bəy Axundov XIX əsrin 80-cı illərində dünyasını dəyişmişdir.
Mirzə Məhəmməd bəy Axundovun Dərgahqulu bəy (1846-...), Tağı bəy (1851-...), Aslan bəy (1858-...), Mehdi bəy (1859-1906) adlı oğlanları olmuşdur.
XIX əsrdə yaşamış şəriət müəllimi Mirzə Məhəmməd bəy Axundovun ömür yolu tədqiq və təbliğ edildikdə adı Qarabağın nüfuzlu bəyləri, müəllimləri sırasında çəkiləcəkdir.
Orxan Zakiroğlu (Baharlı)