Ağdamın işğaldan qurtuluşu unudulmuş xatirələrimizi yenidən həyata qaytardı. Ağdam Qarabağın ən qədim, ən strateji və ən zəngin şəhərlərindən biri kimi Azərbaycan tarixinin xüsusi səhifəsini təşkil edir. Şəhərin adının çəkilməsi belə insanın zehnində həm qədim mədəni irsi, həm füsunkar təbiəti, həm də ağır işğal illərinin kədərini canlandırır. Mən əslən Ağdam rayonunun Ətyeməzli kəndindənəm və Ətyeməzli kəndində də dünyaya gəlmişəm. Həyat vərəqimdə Ağdamla bağlı ən gözəl, unudulmaz xatirələrim var. Bəli uşaqlıq illərimizin, yeniyetmə dövümüzün, gəncliyimizin silinməz izləri var Ağdamda. Hər il 2 ayımızı baba-nənəmin yanında bütün nəvələrlə istirahət edərdik Ağdamda. O qədər mehriban, qayğılı, şad-xürrəm günlər keçirirdik yaşadığımız Sumqayıt şəhərinə qayıdanda bir il o günlərdən danışırdıq, heç bitmirdi və o abu-havayla ilimizi, günlərimizi xoş keçirirdik...
1993-cü il iyul ayının 23-də Ağdam Ermənistan ordusu tərəfindən işğal olunanda həyatımın ən pis günü oldu o gün, ata-ana vətənim işğal olundu. 27 ilin hər günü Ağdamın azad olunmasına inandım çünki güclü dövlətimiz, güclü Müzəffər Ordumuz vardı. Müzəffər Ali Baş Komandanın sərkərdəlik məharəti və Azərbaycan ordusunun qəhrəmanlığı nəticəsində əldə olunan tarixi qələbə danışıqlarda həlledici rol oynadı və Ağdam bir güllə atılmadan azad edildi. 2020-ci il noyabrın 20-də düşmən şəhəri tərk etdi və ordumuz heç bir itki vermədən Ağdama daxil oldu. Ali Baş Komandan şəhərdə üçrəngli bayrağımızı ucaltdı və bu bayraq bu gün də qürurla dalğalanır.
2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı tarixi Zəfər Ağdamın azadlığına aparan yolu açdı. Prezident İlham Əliyevin qətiyyətli iradəsi, ordunun peşəkarlığı və xalqın sarsılmaz birliyi nəticəsində erməni silahlı birləşmələri məcbur olub Ağdama bir güllə atılmadan, şəhid vermədən, döyüşsüz şəkildə Azərbaycana qaytardı. 20 Noyabr – Azərbaycanın gücünü, əzmini, mübarizə iradəsini nümayiş etdirir. Bu gün xalqın birlik günü, qürur günü, qayıdış günü kimi yaddaşlara həkk olunur.
Xatırlatma: "XVIII əsrin birinci yarısında Qarabağ xanlığının banisi Pənahəli xan bu ərazidə öz yaşayış imarətini ağ daşdan tikmək barədə əmr vermişdir. Həmin imarət uzun müddət ətraf kəndlərin sakinləri üçün istiqamət nişanına çevrilmişdir. Bu mənada “Ağdam” həm işıqlı, həm də günəş şüaları ilə nurlanmış ev anlamı daşıyır.
2009-cu ildə Kərbala şəhərindən mənə hədiyyə olaraq müqəddəs kitabımız “Quran” hədiyyə gətirmişdilər, həmən niyyət etdim ki, Quran kitabını vətənim Ağdam azad olunsun Ağdam Cümə məsçidinə hədiyyə verəcəm, şükürlər olsun ki, arzuma çatdım. Quran kitabını Cümə məscidinə hədiyyə etdim.
Bu gün qürurluyam ona görə ki, rəhbəri olduğum XeberTıme.az İnformasiya Portalı 2020-ci il noyabırın 20-də oxuculara ilk xəbəri Ağdamın işğaldan azad olunması xəbərini çatdırdı. Bu gün 5 ildir ki, fəaliyyət göstəririk, sayıtımızın bütün müxbirlərini, əməkdaşlarını yubiley münasibəti ilə təbrik edirəm.
Ağdamın dirçəlişi artıq yalnız Qarabağın deyil, bütün Azərbaycanın simasında inkişaf rəmzinə çevrilib. Bu torpağın hər daşı, hər ağacı, hər küçəsi indi həm azadlığın, həm mübarizənin, həm də quruculuğun simvoludur. Ağdam dirçəlir, Ağdam yaşayır, Ağdam gələcəyə inamla addımlayır.