SON DƏQİQƏ

XTQ əfsanəsi- Pəncəli ”Rembo” Teymurov-FOTO

Tarix:23-11-2025, 16:57

Pəncəli ”Rembo” Teymurov-Şəhidlik zirvəsinə ucalan XTQ əfsanəsi. 
 
Azərbaycanın qəhrəmanlıq tarixində elə adlar var ki, onların həyatı bir roman, ölümü isə bir dastandır. Bu adlardan biri də Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) cəsur giziri, “Rembo” ləqəbli Pəncəli Nurməmməd oğlu Teymurovdur. Onun adı, qısa, lakin şərəfli ömrü, döyüşlərdə göstərdiyi misilsiz qəhrəmanlıq və ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülməsi, xalq yaddaşına əbədi yazılıb.
Pəncəli Teymurov 24 mart 1981-ci ildə Astaranın Əzərüd kəndində sadə, zəhmətkeş bir ailədə dünyaya göz açdı. Uşaqlıqdan sakit, düşüncəli, bir o qədər də cəsur və qorxmaz idi. Məktəbdə bacarıqlı, intizamlı və məsuliyyətli olması müəllimləri tərəfindən tez-tez vurğulanırdı. Ailəsinin ona aşıladığı vətən sevgisi, milli dəyərlərə bağlılıq hissi onun bütün ömrünün təməl daşına çevrildi.
1999-cu ildə həqiqi hərbi xidmətə çağırılan Pəncəli burada özünü layiqincə göstərdi. Xidmətini başa vurduqdan sonra həyatının ən böyük qərarını verdi: Xüsusi Təyinatlı Qüvvələrə könüllü yazıldı.
XTQ onun həyatında yeni mərhələ oldu.
Burada nizam-intizam, iradə, dəmir səbr və ölüm qorxusunun yoxluğu əsas şərtdir. Pəncəli bu keyfiyyətlərin hər birinə sahib idi. Qısa müddətdə həm fiziki, həm psixoloji hazırlıqda seçilir və peşəkar kəşfiyyatçı-diversanta çevrilir.
Döyüş taktikası və kəşfiyyatçı səriştəsi
Pəncəli Teymurov xüsusi əməliyyatlarda göstərdiyi peşəkarlıqla komandirlərin diqqətini çəkirdi. Onun döyüş taktikası bir neçə əsas xüsusiyyətə söykənirdi:
Sakitlik və soyuqqanlılıq
Düşmənlə üz-üzə gələndə emosiyaya qapılmayan, hərəkətlərini dəqiq hesablayan bir döyüşçü idi.
Gecə əməliyyatlarında üstünlük
Kəşfiyyat zamanı düşmənin arxa mövqelərinə keçmək, səssiz hərəkət etmək, ərazini düzgün oxumaq bacarığı XTQ üçün nadir qabiliyyətdir. Pəncəli isə bu bacarıqlarda mükəmməl idi.
Partlayıcı qurğular və pusqu taktikası
2015-ci ildə həyata keçirilən və düşmən zabitlərinin olduğu hərbi maşının partladılması əməliyyatında xüsusilə fərqləndi.
Komanda ilə işləmək
Pəncəli heç vaxt təkbaşına qəhrəmanlıq göstərməyi sevmirdi — həmişə “komanda sağ qalsın” prinsipi ilə hərəkət edirdi.
Silah yoldaşlarının xatirələrində Pəncəli
Onunla döyüşənlər Pəncəlini belə təsvir edirlər:
“Sakit gülüşlü, lakin qorxmaz döyüşçü.”
XTQ əfsanəsi adına sahib olan həmkarları deyirdilər ki, Pəncəli həm döyüşdə, həm də döyüşdən sonra bir komanda adamı idi — gənc hərbçiləri öyrədər, ruhlandırar, hər əməliyyata məsuliyyətlə yanaşardı.
2016-cı ilin Aprel döyüşləri zamanı Pəncəli Teymurov Talış yüksəkliyinin azad olunması əməliyyatında ən ön sırada idi. Döyüşün ən qızğın anlarında o, düşmənin mövqelərinə yaxınlaşır, kəşfiyyat məlumatı toplayır, xüsusi qrupun irəliləməsinə şərait yaradırdı. 3 aprel 2016-cı ildə qəhrəmancasına şəhidlik zirvəsinə yüksəldi.
Toyda etdiyi məşhur nitq — şəhidlik arzusu
Pəncəli Teymurovun həyatında ən təsirli məqamlardan biri onun toyda dediyi sözlər idi:
“Mənim bir arzum var – Vətən üçün şəhid olum, tabutum üçrəngli bayrağa bükülsün.”
Bu sözlər sonradan bütün xalqın yaddaşına həkk olundu. Çünki Pəncəli arzusuna çatmışdı — torpağı üçün canından keçmiş, Vətən naminə şəhid olmuşdu.
 
Tanınmış jurnalist və publisist  Rauf İlyasoğlu, qələmə aldığı kitabın bir bölümünü məhz Pəncəli Teymurovun həyatına həsr edib. Bu bölümdə o, Pəncəlini sadəcə hərbçi kimi deyil, yüksək mənəvi dəyərlərə sahib bir insan, xalqın ruhunu təmsil edən qəhrəman kimi təsvir edir.
Yeri gəlmişkən qələm dostum Rauf İlyas oğlunun növbəti bir  şeirini oxuculara təqdim edirəm; 
 
Şəhidlər ömrünü şərəflə yaşar,
Canıyla Vətənə nur olub axar.
Torpaqla döyünər şəhid nəfəsi,
Günəş tək boylanar, ulduz tək baxar.
 
Öndə addımladı qorxmaz ürəyi,
Şir tək idi qolun gücü, biləyi.
Xalqın ümid yeri, arzu-diləyi,
Elin güvənc yeri, qeyrət gərəyi.
 
Şəhidlər ölməzdir, Vətən bölünməz,
Onlar ən uca zirvələrdədir.
Duyğusu olmayan bu hissi duymaz,
Şəhidlər əlçatmaz zirvələrdədir.
 
Şəhidlər ömrünü vaxtsız qocaldar,
Torpaqla döyünər şəhid nəfəsi.
Qan töküb bayrağı göyə ucaldar,
Müşk-ənbər qoxulu şəhidin səsi.
 
Canın qurban verdi Vətən yolunda,
Bayrağa büküldü, yurduna döndü,
Arzusu çin oldu ömrün sonunda,
Pəncəli nur olub, ulduz tək söndü.



7 noyabr 2025-ci ildə Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən Pəncəli Teymurova ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verildi.
Pəncəli Teymurov həmçinin aşağıdakı medallarla təltif olunub:
“İgidliyə görə”, “Vətən uğrunda”, “Hərbi xidmətdə fərqlənməyə görə”, “Qüsursuz xidmətə görə”.
Doğulduğu Əzərüd kəndində məzarı ziyarətgahdır, büstü ucaldılıb, haqqında filmlər və yazılar hazırlanıb. Yaşadığı mənzili muzey olaraq ziyarət olunur.
Onu tanıyan hər kəs deyir: “Bu dünya belə oğulları çox görmür.”
 
İndi isə şəhid qəhrəmanımız Pəncəli  Teymurovun əziz xatirəsinə  həsr etdiyim şeirimi  də istəkli oxuculara təqdim etməklə məqaləmi   tamamlayıram; 



 
 Pəncəlidən   xəbər ver
 
Əs ey külək , dalğalandır dənizi,
Qoy dalğalar ləpələnsin, səpilsin .
Əs ey külək, oyat yatmış dənizi,
Pəncəlitək şahidlərdən danışsın,
Mübarizdən bizə xəbər gətirsin .
 
 
Böyük Vətən Azərbaycan varımdı,
Naxçıvan da, Qarabağ da yarımdı .
Qarabağım Qarabağda qalıbdı,
Əsən külək Qarabağdan xəbər ver, 
Həzi kimi qəhrəmandan xəbər ver.
 
Əs ey külək igidlərdən xəbər ver ,
Səngərdəki cəsurlardan xəbər ver,
Mübarizin cürətindən xəbər ver,
Bu vətənə bir sevgimiz var bizim,
Vətən sevən əsgərlərdən xəbər ver,
 
Qarabağda düşmənlərlə döyüşən,
Heç qorxmadan yağılarla üzləşən.
Qalibiyyət nəğməsini bölüşən, 
Vətən sevib vətən üçün döyüşən,
Nakam gedən oğullardan xəbər ver,
 
Azərbaycan  bayrağına sarılan,
Vətənimin keşiyində dayanan,
Sabah vaxtı  səngərlərdə oyanan,
Şəhid olmuş əsgərlərdən xəbər ver, 
Pəncəlitək igidlərdən xəbər ver,
Gözü yaşlı analardan xəbər ver.



 
Rafiq Zəbani Cəfərov.
Astaralı

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ